Hakimiyyətin diaspora planı

İqtidar Rusiyada nəzarətindən kənarda olan təşkilatları sıradan çıxarmaq istəyir

Azərbaycan hakimiyyətinin Rusiyadakı diaspor təşkilatları ilə bağlı planları barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatda bildirilir ki, hakimiyyəti xüsusilə baş nazirin keçmiş müavini Abbas Abbasovun rəhbəri olduğu “Milyaderlər Ittifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları Ittifaqı (RATI) narahat edir.

Hakimiyyət bu təşkilatı sıradan çıxarmağı hədəfləyib. Bildirilir ki, iqtidar axır-əvvəl Qərbin təzyiqləri qarşısında geri çəkilərək islahatlara gedəcəyinin və Azərbaycanın Avropa ailəsinin bir üzvü olacağının fərqindədir. Bu halda isə təbii ki, Rusiyanın təzyiqləri üzləşə bilər. Kremlin əlində ən böyük təsir vasitələrindən biri də məhz RATI sayılır. Qeyd edək ki, hələ 2013-cü il prezident seçkisi ərəfəsində bu təşkilat təsis olunanda iqtidar buna sərt reaksiya vermişdi. Hakimiyyətin nəzarətində olan KIV-lər RATI-də toplaşanları az qala vətən xaini çıxarmışdılar. Abbas Abbasovla iqtidarın münasibətlərinin pozulması da məhz RATI ilə bağlıdır. Hakimiyyət hesab edirdi ki, RATI Azərbaycana təzyiq etmək üçün Kremlin layihəsidir. Iqtidar indi də bu fikirdədir və elə bu səbəbdən Abbas Abbasovu hələ də bağışlamırlar. 

Məlumatlarda deyilir ki, hazırda Qərblə qarşıdurmada olan hakimiyyət Rusiya ilə münasibətləri bir qədər normallaşdırıb. Ona görə də vəziyyətdən istifadə edərək Rusiyada öz nəzarətindən kənarda olan diaspora təşkilatlarını, xüsusilə də RATI-ni sıradan çıxarmaq istəyir. Bildirilir ki, iqtidarın planı Rusiyada yalnız “sözəbaxan” diaspora təşkilatları qurmaqdır.