Mehman Əliyev: «Məqsəd, Qərbin güclənən çağırışlarından qurtulmaqdır»
Balidə keçirilən konfransda Azərbaycan “Bloklara Qoşulmamaq Hərəkatı”nın müşahidəçi statusundan tam üzvlüyünə keçdi. Beləliklə, ölkəmiz 1961-ci ildə Belqradda təsis edilən bu təşkilatın tamhüquqlu üzv-dövləti oldu. “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycanın bu quruma qoşulmasını gərəksiz addım kimi qiymətləndirir.
– Mehman bəy, bu addım Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı nəzərdə tutulan proseslə ziddiyyət təşkil etmirmi?
– Xarici işlər naziri Elmar Məmmədyarov bunu belə əsaslandırır ki, bu, Azərbaycana beynəlxalq qurumlarla, dövlətlərlə iş birliyi yaratmaq üçün yeni tribunadır. Burada, həmçinin Qarabağ problemi də nəzərə alınır. Mən hesab edirəm ki, buna ehtiyac yox idi. Bu təşkilatda elə dövlətlər var ki, onlar öz ölkələrində islahatlar aparmaq, problemləri həll etmək istəmirlər. Vaxtilə SSRI bu təşkilatdan ABŞ-a qarşı mübarizəsində yararlanmaq istəyirdi. SSRI dağılandan sonra təşkilat praktik olaraq nüfuzunu itirdi. Amerikalılar da bu təşkilatdan yararlanmağa çalışıb.ÿTəşkilatın üzvləri dünya ağalığının iki tərəfi arasında balans yaradır, beynəlxalq münasibətlər sistemində neytral qalmağın əvəzinə özləri üçün dividend xahiş edirdilər. Rəsmi Bakı öz xalqından icazə istəmək və ya seçicilərin xeyir-duasını almaq bir yana, bu təşkilata daxil olmağın motivləri barədə də heç bir məlumat vermədi. Bakını bu qeyri-adi arxaik addıma təhrik edəcək iki mümkün versiya səsləndirilir. Versiyalardan birinə görə, Azərbaycan bunu Rusiyanın xətrinə edir. Məqsəd NATO və Avropa Ittifaqı ilə əməkdaşlıqdan Kremlin qıcıqlanmasını yumşaltmaqdır. Başqa bir versiyaya görə, məqsəd “Bloklara Qoşulmamaq Hərəkatı”nın içində itib-batmaq, demokratik islahatların sürətləndirilməsi barədə Qərbin güclənən çağırışlarından qurtulmaqdır.ÿ
– Yeri gəlmişkən, Azərbaycanı bu addımı atmağa Rusiyanın təhrik etməsi ilə bağlı deyilənləri nə dərəcədə real sayırsınız?
– Açığı, son vaxtlar mən Rusiya tərəfdən hər hansı təzyiq görməmişəm. Azərbaycanın xarici münasibətlərdə əsas istiqaməti Qərblə bağlıdır. Son ayların danışıqlarına, səfərlərinə, tədbirlərinə baxsanız, görərsiniz ki, hamısı qərbyönümlüdür. Avropa Birliyi, Avropa Şurası, ATƏT və s. Hazırda Qarabağ məsələsindən başqa Rusiya ilə hər hansı danışıqlarımız yoxdur. Ruslar bu gün daha çox Amerika və Qərblə müttəfiqlik istəyir. Çalışırlar ki, Rusiya ətrafında sabit və demokratik rejimlər formalaşsın, nəinki avtoritar rejimlər. Ona görə Rusiya amili az ehtimal edilir. Azərbaycan indiyədək öz maraqlarından çıxış edərək uğurla manevrlər edib, Rusiya ilə Qərb arasında ziddiyyətlərlə oynayıb.ÿ Bakını Amerikanın təhlükəsizlik çətiri altında Moskvanın mədəni-iqtisadi maraqları təmin edib. Bu çətirin altına o, 1994-cü ildə NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı imzalayaraq ÿgirib və neft strategiyasında liderliyi amerikalılara verib.ÿ Digər tərəfdən, Moskva bu gün xüsusi konturlar cızır, NATO və Avropa Ittifaqı ilə birgə layihələr imzalayır, Qərbi Avropa dəyərlər sisteminə daxil olmaq istəyir. Bu mənada ruslar azərbaycanlılardan daha uzağa gediblər və Azərbaycana görə ABŞ və Avropa Ittifaqı ilə münasibətləri korlamaqda maraqlı deyillər. Buna nümunə olaraq 2009-cu ilin hadisələrini göstərmək olar. Onda Moskva özünü milli maraqlarına uyğun apardı. Söhbət, Avropa Ittifaqının “Şərq tərəfdaşlığı” proqramından gedir. Azərbaycan ona öz maraqlarına zidd olaraq daxil olmağa məcbur oldu. “Şərq tərəfdaşlığı” proqramı əvvəlki “Mehriban qonşuluq”dan fərqli olaraq, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizi prioritetlərinin əvəzinə demokratiya və insan haqlarına üstünlük verir. Avropa Ittifaqı ilə əməkdaşlıqda əvvəlki prioritetləri saxlamaq cəhdləri fayda verməyəndə Bakı Rusiya və Iranın dəstəyindən yararlanmağa çalışdı. Bu məqsədlə öz qaz marşrutunu Şimal və Cənuba dəyişməklə Qərbi hədələmək kimi uğursuz cəhd də edildi. Praktik olaraq eyni zamanda Rusiya “Qazprom”u və Iranın Dövlət Neft Şirkəti Azərbaycan qazını sərhəddə o vaxt üçün ən yüksək qiymətə – min kubmtri 400 dollara almağa hazır olduqlarını bildirdilər.ÿ Bu blef Azərbaycan üçün sonradan acı zarafata çevrildi. Rusiya və Iran niyyətindən əl çəkdi və Qərb dünyası ilə öz problemlərinin həllinin hayına qaldı. Islahatların aparılmasına Bakının məhz bu yöndəmsiz müqaviməti ABŞ və Avropa Ittifaqı ilə münasibətlərdə çətinlik yaratdı.
Azərbaycan Avropa Ittifaqı ilə əməkdaşlıq üzrə indikativ proqramı qəbul etməyə məcbur olsa da, götürülən öhdəliklərin icrasının analizi göstərir ki, hakimiyyət deyilən kursdan yayınmaq üçün əlindən gələni edir. Son beynəlxalq hesabatlara görə, ölkədə gündəliyin bütün aktual məsələləri üzrə indekslər pisləşməkdə davam edir: demokrtaiya. insan haqları, qanunun aliliyi, korrupsiya, islahatlar. Cari il beynəlxalq strukturların və qeyri-hökumət təşkilatlarının Azərbaycanın antidemokratik hökumətinə sistemli hücumları ilə xarakterizə edilir. Təşkilata daxil olmaq barədə qərar da Bakını qərbyönlü geosiyasi kursa sadiq qalmağa çağıran ABŞ və Avropa Ittifaqının tənqidlərinin fonunda baş verir.ÿ
– Təşkilata üzv olan dövlətlərin əsas məramı hərbi bloklarda iştirak etməməkdir. Belə olan halda Azərbaycanın bu quruma qoşulması NATO ilə münasibətlərdə sərinlik yaratmayacaq ki?
– NATO deyəndə elə bilirlər ki, bu, yalnız hərbi əməkdaşlığı nəzərdə tutur. Bu, çox yanlış yanaşmadır. Hərbi komponent orada təxminən 30 faiz təşkil edir. Əslində orada daha çox siyasi məsələlər var – demokratik seçkilər, şəffaflıq, demokratiya, söz azadlığı və s. Bunları həyata keçirməyən ölkələr heç vaxt NATO üzvü ola bilməz. NATO-nun tərkibində bir dənə də avtoritar ölkə görmək mümkün deyil. NATO deyəndə bilmək lazımdır ki, Amerika da, Avropa Birliyi də, Avropa Şurası da, Avropa Parlamenti və bütün Qərb institutları da oradadır.
– “Bloklara Qoşulmamaq Hərəkatı”na qoşulması Azərbaycan üçün Qərblə münasibətdə və ümumilikdə nə vəd edir?
– Azərbaycanın bu amorf təşkilata qoşulması xəbəri daxili siyasi mühiti bir qədər hərəkətə gətirsə də, Qərbdə heç bir reaksiya doğurmadı. Görünür, hökumətin belə bir addım atacağı əvvəldən gözlənilirmiş. Bu təşkilata qoşulma Azərbaycana baha başa gələ bilər. Türkmənistan və Iranın başına gələnlər bunu göstərir. Saparmurad Niyazovun “Neytral Türkmənistan”ı öz statusunu qoruya bilmədi və kapitanını itirdi. 1979-cu ildə islam inqilabından sonra bu hərəkata qoşulan Irana gəlincə, bu təşkilat rejimi siyasi böhrandan heç cür xilas edə bilmədi. Təşkilatın bir çox ölkələri ABŞ-la qarşıdurmada Iranı sırf adi səbəblər üzündən dəstəkləmədi – onların Amerika və Avropa bazarlarındakı iqtisadi maraqları həmrəylik prinsiplərindən ağır gəldi.ÿ
Gültəkin