ARDNŞ niyə milyardlıq borcun altına girir?

Məhəmməd Talıblı: «Dövlət zəmanəti ilə alınan kreditlərin qaytarılmama riskləri də var»

Neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə vurduğu ziyan özünü neft sektorunda da göstərəcək. Artıq bunun ilk simtomları hiss olunmaqdadır. Azərbaycan neftdən asılı dövlət olduğundan ölkənin əsas gəlirləri buradan formalaşır. 

ARDNŞ-nin verdiyi məlumatlar onu deməyə əsas verir ki, şirkət ciddi maliyyə problemləri yaşaya bilər. Şirkət rəsmilərinin fikirlərindən aydın olur ki, SOCAR-da da itkilər gözlənilir, hətta öz xərclərini ödəməkdə problemlər yarana bilər.ÿŞirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, neftin qiymətinin enib-qalxması ölkədə və dünyada gedən proseslərin qarşısında cüzi bir şeydir: “Dünya bazarlarında neftin qiymətinin düşməsi siyasi məsələlərlə bağlıdır. Bunun SOCAR-a böyük təsiri olmayacaq. Azərbaycanda istehsal olunan neft daxili tələbata yönəlib və dövlət qiymətləri ilə tənzimlənir. Əgər gələn il də neftin qiyməti dünya bazarlarında 60 dollar civarında olarsa, şirkətin 1 ildə itirdiyi məbləğ 400 milyon manat olacaq. Böyük rəqəmdir, amma bunun şirkət üçün qorxusu yoxdur. Çünki bu itkiləri Azərbaycan Dövlət Neft Fondu kompensasiya edəcək”(apa).

Belə aydın olur ki, gələn il Neft Fondu dövlət büdcəsindən əlavə, həm də SOCAR-a da vəsait transfert edə bilər. Burada isəÿsöhbət ən azı yarım milyardlıq “yardımdan” gedir.ÿ

Digər bir məsələ ARDNŞ-in icra etdyi üç nəhəng layihəni – Türkiyədə “Star” zavodunun, Cənub-Qaz Dəhlizinin, Neft Qaz və Neftkimya Kompleksinin tikintisini icra etməyə gücünün çatıb-çatmayacağıdır. S.Qasımov deyib ki, dünya bazarlarında neftin ucuzlaşması ARDNŞ-nin həyata keçirdiyi layihələrə təsir etməyəcək və onların maliyyələşdirilməsi dayandırılmayacaq. Bunun üçün şirkət xarici maliyyə qurumları ilə yanaşı, Azərbaycan Mərkəzi Bankından da kredit götürmək niyyətindədir.ÿ

S.Qasımov bildirib ki, dövlət təminatı altında Mərkəzi Bankdan kredit cəlb etmək istəyirlər: “SOCAR rəhbərliyi artıq Mərkəzi Bankın rəhbərliyinə rəsmi müraciət edib, hazırda Bankın ekspertləri bizim layihəni araşdırır.

Bakı ətrafında yeni Neft, Qaz və Neftkimya Kompleksinin inşası layihəsinin birinci mərhələsi üçün SOCAR-a azı 2,1 milyard dollar lazımdır. Bu, layihənin birinci mərhələsinin xərclərinin cəmi 30 faizini təşkil edir, şirkət vəsaitin qalan hissəsini xarici banklardan cəlb etməyi planlaşdırır”.

“2018-ci ilə qədər bizə 1 milyard dollar lazımdır” – deyə S.Qasımov bildirib: “Layihə iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə tikinti işlərinə gələn il başlamaq və 2020-ci ildə tamamlamaq nəzərdə tutulur. Layihənin birinci mərhələsinin dəyəri 7 milyard dollar hesablanıb. Bu mərhələdə qaz emalı və neft-kimya zavodunun inşası planlaşdırılır. Ikinci mərhələdə isə neftayırma zavodu tikiləcək”.

Mərkəzi Bank 2009-cu ildə qlobal maliyyə böhranı ərəfəsində SOCAR-a müxtəlif layihələrin həyata keçirilməsi üçün 7 illiyə 750 milyon manat kredit ayırmışdı. Həmin kreditin 450 milyon manatı şirkətin xarici borc öhdəliklərinin yerinə yetirilməsinə yönəldilib. Hazırda dünya bazarlarında neft kəskin ucuzlaşdığı üçün iri neft şirkətləri banklardan kredit cəlb etməkdə çətinlik çəkir. Investorlar isə pullarını enerji sektoruna yönəltməyi riskli hesab etməyə başlayıb. SOCAR Türkiyədəki layihələrini maliyyələşdirmək üçün yerli banklardan yüksək faizli kreditlər də daxil olmaqla bir çox maliyyə qurumlarından vəsait cəlb edib.ÿ

Qeyd edək ki, kompleksin maliyyələşdirilməsində Dövlət Neft Fondunun da iştirakı planlaşdırılır. Layihənin maliyyələşdirilməsinin 30 faizinin səhm kapitalı və 70 faizinin borc kapitalı hesabına aparılması nəzərdə tutulur. Səhm kapitalının 90 faizinin Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulub ki, 2014-cü ildə layihənin maliyyələşdirilməsi üçün 285 milyon manat məbləğində vəsait Neft Fondu tərəfindən ödənilib.

Bütün bunlarla yanaşı, ARDNŞ struktur islahatları apararaq, ixtisarları sürətləndirəcək. Artıq yanvarın 1-dən etibarən “Azərneftyağ” neft emalı zavodu Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam veriləcək. Lakin mətbuat konfransında bildirilib ki, ixtisarlar “Azərneftyağ”da çalışan fəhlələrə aid edilməyəcək. Onlar Bakı Neft Emalı Zavoduna köçürüləcək. “Azərneftyağ”da və Bakı Neft Emalı zavodunda ayrılıqda 198 rəhbər şəxs var. Ixtisarlar onlar arasında aparılacaq(“Bizim yol”).ÿ

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, ARDNŞ-nin dövlət büdcəsinə iri həcmdə vergi ödənişləri var. Bunun böyük vəsait olduğunu deyən M.Talıblı bildirdi ki, ARDNŞ eyni zamanda büdcədən maliyyələşən bir sıra proyektlərin əsas maliyyə yardımçısı kimi çıxış edir: “ARDNŞ bir neçə il bundan əvvəl Mərkəzi Bankdan 750 milyon manat həcmində güzəştli kredit alıb. ARDNŞ bundan başqa dövlət zəmanəti ilə müxtəlif maliyyə qurumlarından da kredit alır. Əslində, ARDNŞ-in imkanları dövlət hesabına genişlənib. ARDNŞ-nin artan gəlir fonunda uzunmüddətli kreditlərə girməsi məntiqli görünmür. ARDNŞ-nin uzunmüddətli kredit alması suallar doğurur. Çünki dövlət zəmanəti ilə alınan kreditlərin qaytarılmama riskləri də var. Belə bir vəziyyətdə ARDNŞ bu riskləri dövlətlə paylaşır. Burada dövlət üzərinə bir sıra öhdəliklər götürür. Digər tərəfdən, ARDNŞ sırf komerssiya şirkəti kimi çıxış etmir”.

Xəyal