«Bir otağa üç adam zorla sığışırıq, gəlini hara gətirək?!»
Mingəçevirdəki “Kür” mehmanxanası bir zamanlar turistlərin, şəhərə üz tutan qonaqların ən sevimli məkanı idi. Xudmani, rahat otaqları xeyli xoş günlərə, sevincli anlara şahid olub. Indi mehmanxananın o bəxtəvər çağlarından əsər-əlamət qalmayıb. Qırıq pəncərələri, uçuq-sökük divarları, otaqların içindəki nimdaş əşyalar tərk edilmiş viranəni xatırladır. Amma tərk edilməyib. Mehmanxana otaqları hazırda dolanışığından, acınacaqlı yaşam şəraitindən gileylənən acı insan talelərinin məskənidir. 20 ildən çoxdur ki, bu mehmanxanada Qarabağ müharibəsi zamanı ermənilərin nəzarətinə keçən rayonlardan gələn məcburi köçkünlər məskunlaşıb.
Vəsilə Əliyeva Ağdamdan Mingəçevirə pənah gətirəndə oğlunun beş yaşı varmış. Artıq 21 ildir ki, “Kür” mehmanxanasının sakinidir. Tək oğlunu burada böyüdüb, məktəbə, universitetə buradan yola salıb. Elə buradaca evləndirməli olub…
“Gözümün ağı-qarası bircə balam var. Mən də sağ ikən oğlumun toyunu görmək istəyirdim. Yoldaşımın maaşı ev almağa yetmir. Məcburi köçkünlər üçün tikilən binalardan bizə də mənzil veriləcəyi günü gözləsəydik, gərək nəvə, nəticə üzünə həsrət qalaydıq. Məcburiyyətdən gəlini bura gətirdik. Oğlumun toyunda həm sevinirdim, həm də içim qan ağlayırdı…”, – deyə Vəsilə Əliyeva bildirir.
Onun sözlərinə görə, ailənin bütün həyatı bir otaqda cərəyan edir. Dörd böyük insan bir otaqdan həm mətbəx, həm salon, qonaq, həm də yataq otağı kimi istifadə edir: “Toydan sonra gənclər tək qala bilsinlər deyə, günlərlə gedib qohum evində qalırdıq. Yaxın günlərdə nəvəm dünyaya gələsidir. Bundan şad xəbər ola bilərmi?! Amma məni dərd götürüb. Fikirləşirəm ki, bu uşaq harada iməkləyəcək, harada ilk addımlarını atacaq. Özümüz balaca, darısqal otaqda iki ayağımızı yan-yana qoymağa yer tapmırıq”.
Vəsilə Əliyeva deyir ki, övladını normal şəraitdə böyütmək qimət olmayıb. Ona görə də heç olmasa, nəvəsini fərqli şəraitdə böyütmək istəyir. Doğma yurd-yuvasına qayıtmaq onun üçün xülya kimi görünsə də, heç olmasa, məcburi köçkünlər üçün Mingəçevirdə tikilən binaların birində mənzil sahibi olmaq arzusundadı.
Gülüstan Rzayeva da iki oğlu ilə birgə “Kür” mehmanxanasında yaşayır. O da Ağdam sakinidir. Ağdamın işğalından sonra bir müddət Imişlidə, daha sonra isə Ağcabədidə məskunlaşıblar. Həyat yoldaşı rəhmətə gedəndən sonra isə iki körpə oğluyla Mingəçevirə gəlib: “Köçkünlükdən sonra Mingəçevirdə yerləşdirilən Ağdam Rayon Tibb Məntəqəsində kiçik tibb bacısı kimi çalışmağa başladım. Bundan başqa, dərzilik də edirdim. Düzü, əlimin zəhmətilə balalarımı pis dolandırmırdım. Buradakı çətinliklərə, şəraitsizliyə də birtəhər dözürdüm. Övladlarımla ovunurdum, onlar mənə hər şeyi unutdururdu. Amma yenidən ev-eşik sahibi olmağa nə öz gücüm yetdi, nə də dövlət dəstək oldu”.
Övladlarını böyüdüb. Əllərini çörəyə çatdırıb. Artıq onlar da evə qazanc gətirirlər. Bir tək dərdləri var, o da evsizlik. Gülüstan Rzayeva deyir ki, yaşının bu çağında hələ də “qaçqın” damğasıyla mehmanxana küncünə sığınmağı həzm edə bilmir. Ən əsası isə oğlanları artıq evlənmək yaşını ötür, evlənmək üçünsə ev lazımdı: “Zaman ötdü, övladlarım böyüdü, qayğılarım artdı. Indi geniş, rahat, şəraitli mənzilə ehtiyacım var. Axı qocalıram. Ömrümün bu çağında yaxşı yaşayış, normal güzəran axtarıram. Gəlin gətirməliyəm, nənə olmalıyam. Amma hara, necə gəlin gətirim?!”
Gülüstan Rzayeva deyir ki, övladlarının gözaltısının olub-olmamasından belə xəbərsizdir. Çünki oğlanları da yaşadıqları şəraitin fərqindədir və bu mövzuda heç danışmırlar. Söhbət açılan kimi isə məsələdən yayınmağa çalışırlar. Aldıqları maaşla kirayə ev tutmaq mümkün deyil. Üç nəfərin güclə sığışdığı otağa gəlin gətirməyi isə ağıllarının ucundan belə keçirmirlər: “Bu mehmanxanada yaşı 35-i ötmüş, amma evlənməmiş cavanlar çoxdu. Qorxuram ki, mənim övladlarım da onların sırasına düşər. Deyəsən, oğul toyunda oynayıb, nəvəmin əlindən tutub gəzintiyə çıxmağa ömrüm yetməyəcək”.
(Civil-forum)