Hökumətə seçki siqnalı

Bir daha təsdiqləndi ki, cəmiyyət seçkiləri boykot edib

Dekabrın 23-də ölkədə bələdiyyə seçkiləri keçirildi. Ötən yazılarımızda da qeyd etmişdik ki, bu seçkidə YAP özünə qalib gəldi. Çünki, namizədlərin 90 faizi YAP-ı, 10 faizi isə YAP-a dəstək olanları təmsil edirdi. Amma seçkinin bərbad vəziyyəti təkcə bununla ifadə olunmur.

Bələdiyyə seçkiləri bir daha göstərdi ki, cəmiyyətdə seçkiyə inam ölüb və insanlar bu prosesin necə aparıldığından əmindilər.  Istənilən sıravi vətəndaşa “seçkiyə gedəcəksən” sualını verəndə, “mən getməsəm də, əvəzimə səs verəcəklər” cavabını eşidirsən. Bələdiyyə seçkilərində “alman dəqiqliyi” ilə işləməyə söz versələr də, yenə də Azərbaycan qeyri-dəqiqliyi üstün gəldi. Belə ki, seçki saxtakarlığı ilə bağlı xeyli faktlar üzə çıxdı. Bir qadının “seçki sərgüzəşti” isə  sosial şəbəkələrin əsas mövzusuna çevrildi. On minlərlə insan bu saxtakarlıq faktını əks etdirən video görüntüləri izlədi. Bu video görüntüyə insanlar çox aqressiv şərhlər yazdı, Azərbaycan reallığı bir daha ortaya qoyuldu və hakimiyyətə o mesaj verildi ki, “biz sizin yalanlarınıza aldanmırıq”.

Həqiqətən də yaranmış vəziyyəti müşahidə edəndə insanların nə qədər aqressiv olduğu, bu saxtakarlıqdan iyrəndikləri aydın sezilir. Artıq Azərbaycan hakimiyyəti seçkini dəfn edib. Insanlar seçkilərdə iştirak etməyi, onun nəticələrini izləməyi özlərinə təhqir kimi qəbul edirlər.

Təbii ki, bu çox acınacaqlı reallıqdır və yenidən insanlarda seçkiyə inam yaratmaq ağır məsələdi. Çünki, 20 ildən artıq müddətdə bu “seçki şou”su insanların şüuruna yeridilib və insanlar alternativ haqqında düşünə bilmirlər.

Hətta beynəlxalq təşkilatlar da bələdiyyə seçkilərini müşahidə etməkdən imtina etdi. 

Əslində, baş verənlərdən hakimiyyət dərs götürməlidir. Çünki, cəmiyyətin və beynəlxaq aləmin seçkiyə belə münasibəti hakimiyyət üçün “həyəcan siqnalı”dır. 

Bu tendensiya onu göstərir ki, artıq cəmiyyət də bu  “şou”lardan bezib və buna açıq etirazını bildirir.

Bir sözlə, Azərbaycan reallığında seçkinin masqası cırılıb və eyni taktikanı davam etdirmək daha biabırçı vəziyyət yaradır.

Bu “ənənə”ni davam etdirməkdənsə, seçkini təyınatlı etmək daha abırlı olar.

Cənablar, onsuz da absurdlara imza atmaq sizin hobbinizdir. Bütün seçkiləri təyinatlı edin və əziyyət çəkib bülleten hazırlamağa, müşahidəçi axtarmağa ehtiyac qalmasın.

Çünki, cəmiyyət bütün seçkiləri boykot edib. Seçki vaxtı məntəqələr müştəriyə həsrət qalan mağazaya bənzəyir. Büdcə təşkilatlarında işləyənləri dəstə-dəstə məntəqələrə göndərmək də vəziyyəti xilas etmir. Çünki, o adamlar da sizə səs vermirlər və nəticədə yenə də saxtakarlıq etməli olursunuz.

Seçkilər ölüb və xalq həyəcan siqnalı çalır. Onu basdırmaq lazımdır.

Akif