Ekspertlər valyutanın yüksəlişini müvəqqəti sayır
Nemət Əliyev: «Rublun düşməsini şərtləndirən səbəblər aradan qalxmadıqca bu valyutanın kursundakı oynamalar davam edəcək»
Moskva birjasının cümə axşamı günü keçirilmiş açılış sessiyasında rubl dollar və avroya nisbətən bahalaşmaqda davam edib. Təhlilçilərə görə, rubla qarşı dollar və avronun bu dərəcədə aşağı enməsi dekabrın 4-dən bəri ilk dəfədir qeydə alınıb. Bu arada Rusiya Bankı bildirib ki, nə bu qurum, nə də Maliyyə Nazirliyi tərəfindən valyuta bazarında valyuta intervensiyası həyata keçirilməyib.
Rusiya Mərkəzi Bankının bundan əvvəl yaydığı məlumatına əsasən, dekabrın 18-19-da Maliyyə Nazirliyi ümumilikdə 920 milyon dollar dəyəri olan valyuta ehtiyyatını bazara buraxmışdı.
Rusiya Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov isə bildirib ki, artıq rublun ucuzlaşması dövrü başa çatıb. “Rublun ucuzlaşma dövrü sona çatdı. Indi əsas vəzifəmiz milli valyutanı gücləndirməkdir”, deyə Siluanov vurğulayıb.
Amma başqa bir qism ekspertlərin fikrincə, rublun məzənnəsinin hazırda dəyişməməsi inzibati resurslar hesabına başa gəlib və bu proses uzun müddət davam edə bilməz.
Bəs rublun inzibati resurslar hesabına saxlanılması nə qədər çəkə bilər? Seçilən siyasəti uğurlu saymaq olarmı?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, rublun məzənnəsindəki dəyişikliklər normal proses kimi dəyərləndirilməlidir. Oxşar prosesin Azərbaycan manatı ilə də bağlı yaşandığını deyən N.Əliyev vurğuladı ki, 90-95-ci illərdə Azərbaycan manatının düşməsi yaşanırdı: “Rublun dollara nisbətdəki dəyişmələri sanksiyaların tətbiqindən sonra başladı. Normal iqtisadiyyatlarda bu hal təbii bir prosesdir. Amma onu da nəzərə almaq lazımdır ki, rublun dollara nisbətdə düşməsini doğuran səbəblər aradan qalxmayıb. Ona görə bu prosesin sona çatdığını bildirmək yanlışdır. Rublun məzənnəsinin aşağı düşməsini şərtləndirən amillər mövcud olaraq qalmaqdadır. O səbəblər aradan qalxmadıqca rublun məzənnəsinin düşməsi davam edəcək”.
N.Əliyev onu da vurğuladı ki, Qərb Rusiyaya qarşı sanksiyaları daha da gücləndirməklə bağlı qərar verib. Həmin qərara görə, Rusiyanın sıxışdırılması prosesi davam edirsə, o zaman məzənnədəki durğunluq müvəqqəti xarakter daşıyır.
Xəyal


