Bu qurumun Bakı Neft Emalı Zavoduna birləşdirilməsilə xeyli işçi ixtisara düşəcək
Mirvari Qəhrəmanlı: «Əsasən, mühəndis-texniki işçilər ixtisar oluna bilər»
Arzuman Məcidli: “Ixtisarların olmayacağı barədə deyilənlər ictimai rəyi aldatmağa hesablanıb”
“Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilib. Bu barədə əmr dekabrın 24-də imzalanıb. Bu zavod yanvarın 1-dən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulacaq.
Dövlət Neft Şirkətindən verilən məlumata görə, Neft Emalı Zavodlarının fəaliyyəti zamanı təkrarlanan bəzi biznes prosesləri əlavə xərc tələb etdiyindən, bu da öz növbəsində iqtisadi cəhətdən qeyri-səmərəli hesab olunduğundan, belə bir qərar verilib.
Amma ARDNŞ iddia edir ki, “Azərneftyağ”ın fəaliyyətinə xitam verilməsi orada çalışan işçilərin kütləvi şəkildə sərbəstləşməsinə səbəb olmayacaq.ÿÇünki həmin zavodun istehsalat qurğuları və istehsal sahələri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun tərkibində fəaliyyət göstərəcək və orada çalışanlar da burada fəaliyyətini davam etdirəcək. Bununla belə, yeni qurumda bəzi rəhbər işçilərin çalışmasının mümkünsüzlüyü də istisna edilmir. Lakin onlara da ixtisaslarına uyğun iş təklif olunacağı deyilir.
Lakin ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, zavodları birləşdirməkdə məqsəd həm də iki zavodu bir mərkəzdən idarə etməkdir. O, APA-ya açıqlamasında deyib ki, bu gün Heydər Əliyev adına Neft Emalı Zavodunda rəhbər vəzifələrdə 198 nəfər çalışır. “Azərneftyağ”da da bir o qədər rəhbər vəzifədə çalışan var. Ümumilikdə isə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda 2300, “Azərneftyağ” zavodunda isə 2100 nəfər çalışır: “Təbii ki, bir mərkəzdən idarə olunan müəssisədə 2 direktor, iki baş mühəndis ola bilməz. Deməli, burada ixtisarlar qaçılmazdır. Bu iki müəssisənin idarəetmə aparatı birləşəcək və burada ədalətlilik, şəffaflıq təmin ediləcək”.
Vitse-prezident onu da deyib ki, “Azərneftyağ” zavodunda çalışan fəhlə kontingentinə ixtisarların aidiyyəti yoxdur.
Mövzu ətrafında “Azadlıq”la fikirlərini bölüşən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, həmin zavodların birləşdirilməsilə onlar bir mərkəzdən idarə olunsa da, əsas baza Bakı Neft Emalı Zavodu olacaq. Ixtisarlara gəlincə, hüquq müdafiəçisi hesab edir ki, əsasən mühəndis-texniki işçilər kənarda qalacaq: “Yəni, ixtisara düşməsi nəzərdə tutulanlar ofis işçiləridir. Hər bir zavodun külli miqdarda mühəndis-texniki işçisi var. Oradakı bitum sexi bu zavodda yoxdur. Sexlər nə cür varsa, elə də qalacaq, amma idarəetmə bir mərkəzdən olacaq. Buna görə də yeni ştatlar hazırlayırlar. Zavoda təbii ki, mühəndis-texniki işçilərin hamısını götürə bilməyəcəklər”.
Mirvari Qəhrəmanlı fəhlələr arasında da ixtisara düşənlər olacağı qənaətindədir.
Neft sahəsində təcrübəli mütəxəssis Arzuman Məcidli də deyir ki, adıçəkilən zavodların funksiyası demək olar, eynidir. Sadəcə, emalda fərqlər var. Mütəxəssis onu da qeyd edir ki, hər iki zavodda lazım olduğundan qat-qat çox işçi var. Bura həm texniki işçilər, həm də digər əməkdaşlar aiddir: “Bağlanan zavodun işçiləri digər zavoda köçürülsə, böyük bir işçi ordusu yaranacaq. Bu isə böyük xərc deməkdir. Bu mənada, mən inanmıram ki, ixtisarlar baş verməsin. Ixtisarlar olmayacağı barədə deyilənlər ictimai rəyə hesablanıb. Yəni, cəmiyyətdə qıcıq doğurmaması üçün işçilərin ixtisara salınmayacağını deyirlər”.
Nigar


