«Adamdan soruşmazlarmı ki, «fədakar ata» obrazı yaratmağın nədir, alimenti verməmək üçün məhkəmə qapılarında qalmağın nə?!»
Gültəkin Hacıbəyli: «Mənə qarşı bütün ittihamlar əslində, məni yox, hakimiyyətin özünü ifşa edir»
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyliyə qarşı Yasamal rayon məhkəməsində xüsusi ittiham qaydasında cinayət təqibi davam edir. Xatırladaq ki, Gültəkin xanımı məhkəməyə vermiş keçmiş baldızı Aynur Mehdiyeva insan alveri və əməyin istismarı cinayətlərinə görə 8 il 6 aylıq şərti azadlıqdan məhrum edilib. Nə qədər absurd olsa da, Aynur Mehdiyeva Gültəkin Hacıbəyliyə qarşı iddiası üzrə məhkəmədə bütün bu olanları danıb. Aynur Mehdiyeva iddia edir ki, Gültəkin xanım mediada yazılanlara istinadən onun insan alveri cinayətinə görə saxlanılıb buraxıldığını bildirməklə böhtan atıb. Barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olan məhkum deyir ki, “mən heç vaxt saxlanıla bilməzdim”.
Bəlli məsələdir ki, məhkəməyə göndərilən cinayət işi üzrə əvvəlcə ibtidai istintaq aparılır. Təqsirləndirilən şəxs barəsində də qanunda nəzərdə tutulmuş qətimkan tədbiri növlərindən biri seçilir. Cinayətkar saxlanılmalıdır ki, onun barəsində hansısa növdə qətimkan tədbiri seçilsin.
Aynur Mehdiyeva, eləcə də qardaşı Mahmud Mehdiyevin Gültəkin Hacıbəyliyə qarşı kampaniyada iştirakını nəzərə alaraq, insan alverində təqsirləndirilənlərin əksəriyyəti 10-12 il azadlıqdan məhrum edildiyi halda, onun həbsdən kənarda saxlanılacağı əvvəlcədən gözlənilən idi. Bu barədə mətbuatda da yazılmışdı. Gözləntilər də özünü doğrultdu…
Yeri gəlmişkən, Mahmud Mehdiyev keçmiş həyat yoldaşı və oğlunun anası olan Gültəkin xanımın “pis idimsə niyə yalvarırdın ki, getməyim” və “məndən maddi cəhətdən asılı idi” ifadələrinə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Bu səbəbdən bacı-qardaş Gültəkin xanıma qarşı xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıblar.
Bu iddia üzrə aylardır Yasamal rayon məhkəməsində proses davam edir. Amma elə həmin məhkəmə Mahmud Mehdiyevin keçmiş həyat yoldaşına qarşı keçirdiyi məhbuat konfransında səsləndirdiyi ağır təhqirlərə və böhtanlara görə ona bəraət verib. Guya, məhkəmə müəyyən edib ki, bu məlumatlar Mahmud Mehdiyevə aid deyil, onların müəllifləri jurnalistlərdir…
Bütün bu baş verənlər ətrafında Gültəkin Hacıbəylinin özü ilə söhbətləşdik:
– Belə açıq-aşkar rüsvayçı bəraət hökmü gözləyirdinizmi? Həmin mətbuat konfransının lent yazısı mediada yayılıb. Mahmud Mehdiyevin söylədiyi fikirlərin məsuliyyətinin jurnalistlərin üzərinə atılmasının səbəbi nədir?
– Təbii ki, bu, ilk növbədə həmin fikri səsləndirənlərin özünü pis vəziyyətdə qoyur. Hakimiyyət bu qədər əziyyət çəkdi, mətbuat konfransı təşkil etdi, nəzarətində olan bütün KIV-ləri səfərbər etdi, televiziya kanallarının baş xəbərlərinə çıxardı, öz mediasında barəmdə yüzlərlə iyrənc yazılar yazdıraraq məni cəmiyyətə cinayətkar, reket, rüşvətxor, talançı, dələduz, siyasi əxlaqsız, təhdidçi və s. obrazında təqdim etmək üçün can qoydu, bu qədər aşağı əyarlılıq göstərəcək səviyyədə aşağı düşdü, uzuclaşdı. Digər tərəfdən, öz vuran qolu, asıb-kəsən əli olan Baş prokuror Zakir Qaralovu pis durumda buraxdı – dörd il əvvəl özü imzaladığı əmri geri oxutdurmaqla. Zakir Qaralovu 2010-cu ildə “prokurorluq orqanı əməkdaşına yaraşmayan hərəkətlərə görə” bu orqanlardan qovduğu Mahmud Mehdiyevi “Prokurorluq haqqında” qanuna zidd olaraq müstəntiq təyin etmək məcburiyyətində buraxmaqla onu xırdaladı, nüfuzdan saldı.
Eşitdiyimə görə, hətta müəyyən əməkdaşlar arasında “üzəduran vakansiyası” ilə bağlı zarafatlar da var. Iş bunula da bitmədi. Məhkəmənin hökmü ilə insan alverçisi olduğu sübuta yetirilmiş Aynur Mehdiyevanı faktiki məsuliyyətdən yayındırmaq məcburiyyətində qaldılar. Insan alverinin qarşısının alınması sahəsində qeyri-effektiv fəaliyyətlə bağlı yerli və beynəlxalq səviyyədə tənqidlərə tuş gəldilər.
Və bütün bunlardan sonra aydın olur ki, Mahmud Mehdiyev barəmdə səsləndirdiyi bütün böhtan və təhqirlərin arxasından qaçır. Sən demə, bu ifadələr heç onun “cümlələrinə, danışığına uyğun deyil”, o, “heç belə danışmır və bunların hamısını jurnalistlər uydurub”, o, ümumiyyətlə, “mətbuat konfransında başqa şeylərdən danışıb”.
Hakimiyyətdə marazm xəstəliyindən əziyyət çəkənlər olduğu kimi, ağıllı insanlar da var. Mən onlara sual edirəm: dəyərdimi? Qazancınız nə oldu? Məni nüfuzdan saldınız, yoxsa özünüzü? Mənə qarşı bu qədər çirkli, qurşaqdan aşağı təzyiqlərdən, xüsusilə də bu mətbuat konfransı və 9 yaşlı oğlumla təhdiddən sonra bu kampaniya cəmiyyətdə ikrah hissi ilə qarşılandı, tanımadığım insanlardan belə dəstək gördüm. Siyasi mövqeyimdə bir addım da olsa, geriçəkilmə, ritorikamda dəyişiklik müşahidə etdinizmi? Əksinə, Milli Şuraya qoşulmaq qərarını mən məhz həmin mətbuat konfransının keçirildiyi gün – 17 may 2014-cü il tarixində verdim.
– Mahmud Mehdiyevə bəraət hökmündə məsuliyyət açıq-aşkar jurnalistlərin üzərinə qoyulur…
– Inanmaq çətin olsa da, belədir. Mahmud Mehdiyev mətbuat konfransında məni doqquz ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham edib. Açıq mətnlə və həddini aşan kəskin ifadələrlə təhqir edib. Odur ki, məhkəmənin Mehdiyevi məsuliyyətdən yayındırmaq üçün başqa yolu olmayıb. Çünki onun barəsində istənilən, hətta ən yüngül ittiham hökmü prokurorluq orqanlarından xaric edilməsilə nəticələnəcəkdi. Bunu isə edə bilməzdilər, çünki onu müstəntiq vəzifəsinə məhz həmin mətbuat konfransına görə təyin ediblər. Beləcə, özlərini tələyə salıblar. Lakin məsələ bununla da bitmir. Hökmdə açıq mətnlə yazılıb ki, filan məqalənin müəllifi “Kaspi”, “Palitra”, “Gündəlik teleqraf”, “Səs” və s. qəzetlərinin müxbirləri filankəslərdir. Bu məhkəmə hökmü qanuni qüvvəyə minən kimi həmin iqtidar mediasının hökmdə bilavasitə adı göstərilən jurnalistlərini və baş redaktorlarını xüsusi ittiham qaydasında məhkəməyə verəcəyəm. Hakim Azər Tağıyev məhkəmə hökmü ilə məsuliyyəti onların üzərinə qoyursa, qoy onlar da cavab versinlər və məsuliyyət daşısınlar. Mahmud Mehdiyevlə birlikdə mətbuat konfansı keçirən yaxınları Xuraman Mirzəyevanı da xüsusi ittiham qaydasında məhkəməyə vermişəm. Mirzəyeva məni ona hədə-qorxu gəlməklə külli miqdarda 22 min manat pul tələb etmək cinayətini törətməkdə ittiham edib. Üç iclasdır məhkəmədən yayınır, gəlmir. Təbii ki, gəlməlidir və ifadə verməlidir. Məsuliyyəti ya özü daşımalıdır, ya Mahmud Mehdiyevin üzərinə atmalıdır, ya da o da jurnalistləri “qurban verməlidir”. Hər üç halda, müvafiq addımlar atacağıq. Mirzəyeva da Mehdiyev kimi “jurnalist uydurması” variantını seçsə, o zaman əlimizdə jurnalistləri ittiham edən iki məhkəmə hökmü olacaq.
– Adını çəkdiyiniz media orqanlarının hamısı hökumətin nəzarətində olan KIV-lərdir. Belə çıxır ki, hakimiyyət özünü dolaşığa salıb?
– Özlərini dolaşığa salıblar, ancaq təkcə buna görə yox. Hakimiyyət uzun müddət mənə qarşı olan kampaniyanı siyasi məzmunu olmayan “ailədaxili münaqişə” kimi təqdim etməyə çalışıb. Bu məhkəmə hökmü ilə hakimiyyətin bu arqumentləri darmadağın oldu. Çünki Mahmud Mehdiyev barəmdə səsləndirdiyi ittihamlardan imtina edir, onların müəllifi olduğunu danır, məhkəmə isə bütün məsuliyyəti hakimiyyət mediasının üzərinə qoyur. Belə çıxır ki, “Səs”, “Palitra”, “Kaspi”, “Gündəlik Teleqraf” qəzetlərinin heç vaxt üzünü görmədiyim, tanımadığım müxbirləri qabaqcadan əlbir olaraq qrup şəklində mənə böhtan atıblar və məni təhqir ediblər. Bu faktı isə heç bir formada “ailədaxili münaqişə” kimi təqdim etmək mümkün deyil. Bu faktın siyasi məzmunu bütün çılpaqlığı ilə ortadadır. Bu artıq diffamasiya hadisəsi yox, siyasi təqibdir.
Qeyd etmək istədiyim digər məqam mətbuat konfransında barəmdə səsləndirilən iyrənc və axmaq böhtanların məzmunu ilə bağlıdır. Hakimiyyət başbilənlərinə Məşədi Ibadın bir sualını vermək istəyirəm: “Adam gəlini gətirəndə baxmaz ki, bu kişidir, ya arvaddır?” Indi mən də soruşmaq istəyirəm ki, mətbuat konfransına göndərdiyiniz adamın nə deyəcəyini soruşmazdılar? Mənə qarşı bütün ittihamlar əslində, məni yox, dövlət hakimiyyətini, xüsusilə, məhkəmə və icra hakimiyyətlərini ifşa edir. Məsələn, Mahmud Mehdiyev iddia edir ki, mən Konstitusiya Məhkəməsinin sədrinə təzyiq etmişəm, ona göstərişlər vermişəm, onunla bağlı ölçü götürəcəyimlə hədələmişəm, və o, mənim təzyiqlərimdən qorxaraq göstəişlərim əsasında qanunsuz və ədalətsiz qərar çıxarıb. Eyni ittihamlar Apelyasiya məhkəməsinin sədri və hazırda Yasamal rayon məhkəməsinin sədri olan keçmiş Nəsimi rayon məhkəməsinin sədri Ələddin Cəfərovla bağlı da səsləndirilib. Bu ittihamları səsləndirməklə Azərbaycanın bütün məhkəmə sisteminin cəngəllik qanunları ilə idarə olunmasını iddia edən şəxs elə həmin ittihamları səsləndirdiyi mətbuat konfransından sonra Xətai rayon prokurorluğuna müstəntiq vəzifəsinə təyinat alıb. Söhbət isə mənə oğlumla birlikdə yaşadığım evdən istifadə hüququmuza xitam verilməsinə görə məhkəmə qərarı ilə ödənilən kompensasiyadan – 19 min manatdan gedir. Bu hüquq Azərbaycan məhkəmələri tərəfindən uşaqla boşanan əksər qadınlara tanınır və tam qanunidir. Mehdiyev mənim Goranboy rayonuna ayrılan büdcədən “otkat” aldığımı iddia edirdi. Azərbaycanda korrupsiya mexanizmi çox şəffafdır və az qala, hamıya bəllidir. Tam məsuliyyətlə deyirəm ki, nəinki Milli Məclisin sıravi deputatı, heç sədri belə, istəsə deputat seçildiyi rayonun büdcəsindən “otkat” ala bilməz. Bu ittihamlarla Mahmud Mehdiyev əslində, məni yox, məhkəmə sədrlərini, o cümlədən Konstitusiya Məhkəməsinin sədrini, icra başçılarını ağır cinayətlər törətməkdə ittiham edir. Çünki o adamların məndən vəzifə asılığı yox idi və mən onları “barələrində ölçü götürəcəyimlə” hədələyə bilməzdim.
Başqa bir məqam. Adamı “oğul həsrətli ata, əsl ziyalı” obrazında mətbuat konfransına yollamamışdan əvvəl soruşmazlarmı ki, sən bu doqquz ildə oğluna bir manat aliment ödəmisən, ya yox? Yaxşı, o zaman Gültəkin Hacıbəylini məhv etmək ehtirası beyninizi iflic etmişdi, bunu etmədiniz. Bəs sonra adama deməzlərmi ki, biz doqquz il üzünü görmədiyin, bir manat aliment ödəmədiyin uşağı məhkəmə qətnaməsi ilə altı gün sənə vermişik, bütün ölkə boyu rüsvay olmuşuq, min bir əziyyətlə Gültəkin Hacıbəylinin “mənfur ana”, sənin isə “fədakar ata” obrazını yaradırıq, mətbuat konfransında dediklərin nə, doqquz ildən sonra məhkəmənin kəsdiyi 200 manat alimenti verməmək üçün Apelyasiya, Ali Məhkəmə qapılarında qalmağın nə? Və yaxud “uşağı mən niyə saxlamalıyam, mən niyə 200 manat ödəməliyəm, atalığı saxlasın” deməyin nədir?! Və indi bütün bu böhtanlara görə biçarə jurnalistlər cavab verməli olacaq.
– Növbəti addımlarınız nə olacaq?
– Dediyim kimi, Xuraman Mirzəyevaya qarşı şikayətimiz məhkəmə baxışına təyin edilib. Mahmud Mehdiyevin bəraət hökmündən apelyasiya şikayəti vermişik və onun nəticəsindən asılı olaraq, hökmdə adı keçən jurnalistləri və media qurumlarının rəhbərlərini xüsusi ittiham qaydasında məhkəməyə verəcəyik. Mahmud Mehdiyevin mənə qarşı törətdiyi əməllə əlaqədar Bakı şəhər prokurorluğuna xuliqanlığa dair şikayətimiz, adıçəkilən qurumun aprel ayından bəri həmin işi ört-basdır etməsindən də məlumatlısınız. Bu barədə Səbail rayon məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət hazırlamışıq. Azərbaycan məhkəmələrindən bu gün ədalət gözləmirəm. Odur ki, hələlik hədəfimiz Avropa Məhkəməsidir. Ancaq bu vəziyyət uzun müddət davam etməyəcək. Bu iyrənc şouda iştirak edən sonuncu insan cəzasına çatmayanadək mübarizəmiz bütün hüquqi vasitələrdən istifadə etməklə davam edəcək.
Nigar