“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyinin sədri, tanınmış jurnalist həmkarımız Elxan Şükürlü “Azadlıq” qəzetini 25 yaşının tamam olması münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir:
“Hörmətli “Azadlıq”!
Müasir dünya tarixinin araşdırıcıları tərəddüdsüz olaraq qeyd edirlər ki, SSRİ-nin çöküşü və müstəqil dövlətlərin yaranması ilə nəticələnən Yeni Dünya Düzəninin formalaşması prosesində Vətənimiz Azərbaycanda baş verən olayların mühüm rolu olub. Bu olaylar milli-azadlıq hərəkatı formasında ortaya çıxıb müharibə, ərazi itkisi, yurd didərginliyi, uzunmüddətli iqtisadi-siyasi xaosla davam etsə də, nəhayət ki, indi hamımızın öyünə biləcəyimiz və fəxrlə istinad edəcəyimiz, bizə itirdiklərimizi qaytarmaq şansı və gücü verəcək, həm də hamımızı birləşdirəcək tək bir dayaq nöqtəmiz var – Müstəqil Azərbaycan Dövləti!
Şübhəsiz ki, bir media vasitəsi və ideoloji təsisat olaraq, bu müstəqilliyin qazanılmasında və qorunmasında ən çox zəhməti olan qəzetlərdən biri də artıq 25 yaşını qeyd etdiyiniz “Azadlıq”dır.
Hər şeydən əvvəl, bu bir həqiqətdir ki, “Azadlıq” qəzeti o təlatümlü günlərin bətnindən doğularaq, imperiya zülmətindən azadlığa çıxmaq istəyənlərin ümid qığılcımı, yollarını aydınlaşdıran məşəl olub: ölkəsini azad və müstəqil görmək istəyənlər, ilk növbədə, bu qəzetdə sözlərini deyib, fikir və düşüncələrini paylaşıb, xalqla təmas imkanı əldə ediblər. Obrazlı desək, “Azadlıq”, azad və müstəqil dövlətimizin qurulmasına çalışanların ilk silahı sayılıb, sonradansa gələcək nəsillər üçün bu savaşın iştirakçılarını xatırladacaq ilk və ən yaxşı yazılı mənbə olub…
Digər tərəfdən, bu da faktdır ki, “Azadlıq” müasir mətbuat tariximizdə öz dəst-xətti olan və böyük jurnalist kontingentini cəmiyyətə təqdim etməklə “yeni nəsl jurnalist yetişdirən məktəb” adını qazanmış qəzetlərdən biri olaraq qəbul edilir. Təsadüfi deyil ki, bu gün ölkə mediasında bir çox populyar qələm sahibi özünü məhz “Azadlıq”ın yetirməsi sayır…
Hörmətli “Azadlıq” kollektivi!
Bu da gerçəklikdir ki, müasir dünyamızda informasiya hər şeydən qiymətli ünsürə çevrilməklə, onun əldə edilməsi və istifadəçiyə çatdırılması sahəsində böyük bir rəqabətin təməlini qoyub. İndi bu rəqabətə davam gətirmək üçün təkcə şərəfli keçmiş və təcrübə yetərli deyil, həm də informasiyanı təqdim edəndən maksimum operativlik və obyektivlik, qarşı duran tərəflər arasında ədalətli və balanslı münasibətin qorunub saxlanması kimi keyfiyyətlər tələb olunur. Sevindirici haldır ki, son vaxtlar “Azadlıq” qəzeti get-gedə bu sahədə də əhəmiyyətli mövqelər əldə etməkdədir.
Ümid edirəm ki, “Azadlıq” kimi şərəfli keçmişə və böyük media təcrübəsinə malik informasiya vasitəsi qarşıdakı illərdə də öncül mövqeyini qorub saxlayacaq və Azərbaycanda müstəqil medianın inkişafına yeni-yeni töhfələr verəcək! Bir daha sizləri təbrik edir, hər birinizə can sağlığı və yaradıcılıq uğurları arzulayıram!”.