Hakimiyyət Qərbə hədə-qorxu gəldi

Əli Həsənov ABŞ və Avropa ilə münasibətlərin "0"a endiyini etiraf etdi

"Sanki mikroskop altında Azərbaycanda problemlər axtarırlar…"

“Son zamanlar ABŞ və Avropa İttifaqının müəyyən dairələrinin, bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı yürütdüyü qərəzli, ikili standartlar siyasəti artıq bütün etik çərçivəni aşıb və tərəfdaşlıq münasibətlərinə sığmayan, qarşılıqlı əməkdaşlıq prinsipinin ruhuna zidd, dözülməz hal alıb”. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2014-cü ilin yekunları ilə bağlı AzərTAc-a müsahibəsində belə deyib.

“Bəzi ölkələrin rəsmi şəxsləri, bir sıra media orqanları və vətəndaş cəmiyyəti institutları sanki mikroskop altında Azərbaycanda problemlər axtarır, öz fəaliyyətlərini büsbütün ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil etməyə yönəldirlər. Halbuki, həmin ölkələrin özlərində insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, dini və irqi ayrı-seçkilik və digər məsələlərlə bağlı ciddi problemlər var. Məsələn, ABŞ-ın Ferqyuson şəhərində qaradərili gəncin polis tərəfindən qətlə yetirilməsindən sonra başlanan gərginlik özünü “demokratiyanın beşiyi” kimi qələmə verən bu ölkədə insan haqları sahəsində çox ciddi çatışmazlıqların olduğunu üzə çıxardı. Dinc etiraz aksiyalarının zor tətbiq etməklə dağıdılması, peşə borcunu yerinə yetirən jurnalistlərin döyülməsi və həbsi, hüquq müdafiəçilərinin təzyiqlərə məruz qalması və digər bu kimi hallar ABŞ-da insan hüquqlarına necə “hörmətlə” yanaşıldığını əyani şəkildə göstərdi.

Analoji hallar həm də Avropanın bir çox inkişaf etmiş ölkələrində özünü büruzə verir. Ksenofobiya, dini və irqi ayrı-seçkilik, islamofobiya bir çox Avropa ölkəsi üçün səciyyəvi hallardır. Buna görə də hesab edirik ki, öz ölkələrində ciddi problemləri “görməyənlər”in Azərbaycana barmaq uzatmağa və yeri gəldi-gəlmədi bizi tənqid etməyə haqları yoxdur.

Biz üzv olduğumuz beynəlxalq təşkilatların haqlı iradlarını həmişə nəzərə alırıq, göstərilən nöqsanları aradan qaldırmağa çalışırıq. Harada tənqidlər qərəzli xarakter daşıyır və Azərbaycanın maraqlarına zərbə vurmaq məqsədi güdürsə, həmin tənqidlərin qəbul olunmazlığı açıq şəkildə ifadə edilir. Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban vermək niyyətində deyil. Onlar anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir, öz siyasətini xalqın iradəsinə, milli maraqlara uyğun şəkildə həyata keçirir və bundan sonra da bütün təzyiq və təhdid cəhdləri, qeyri-diplomatik ritorika heç bir nəticə verməyəcək və bütün əsassız iddialar adekvat şəkildə cavablandırılacaq”, – deyə şöbə müdiri bildirib.