Fətullah Gülən sərvətini açıqladı

“Gülən camaatı”nın lideri Fətullah Gülən sərvəti ilə bağlı açıqlama verib. O, yer üzündə tikili bir daşı belə olmadığını deyib.

“Bir vicdanınıza sual edin. İstəsəydim mənim sərvətim olmazdımı? Əsgərlikdən öncə imamlıq etmişəm. Ondan sonra 15 il vaizlik etdim. Dövlətdən maaş alırdım. Yoxsul olmasam, onu da almayacaqdım. Gündə 1 və ya 2 dəfə yemək yeməklə dövlətin verdiyi 170 lirə (57 manat) ilə illərlə yaşadım”, – deyə Gülən bildirib.

Gülən deyib ki, sadəcə kitablardan gələn pulla keçinir. Yaşadığı evin kirayə haqqını da bu hesaba verir. O, qaldığı yerin kirayəsinin 5500 lira (1860 manat) olduğunu qeyd edib.

Gülən zəngin ailədə yaşamadığını və atasının da imam olduğunu xatırladıb. “Rəbbimin bildiyi şeyləri sizə deyirəm. Qardaşlarımın evində yediyim yeməyin belə hesabını vermişəm…”.

Xatırladaq ki, F.Gülən haqqında həbs qərarı çıxarılıb. Bu qərar Türkiyədə bir necə gün öncə başlayan “paralel hökumət” əməliyyatı ilə bağlı verilib. Gülən hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayır.