Dövlət Neft Şirkəti yeni ixtisarlara hazırlaşır
2015-ci ilin yanvarından Azərbaycan Dövlət Neft Şirkətinin “Azərneftyağ” Neft Emalı Zavodunun istismarının dayandırılması prosesi başlayır. Bu barədə “axar.az”a Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, artıq ARDNŞ prezidenti zavodla bağlı müvafiq tapşırıqlar verib:
“Aldığımız məlumata görə, zavodun işçilərinin müəyyən hissəsi ixtisar olunacaq, bəzi mütəxəssislər isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda işlə təmin olunacaq. Hazırda ”Azərneftyağ” Neft Emalı Zavodunda çalışan işçilərin sayı 2300 nəfərdir. Aldığımız məlumata görə, bununla əlaqədar ARDNŞ prezidentinin əmri də var”.
Qeyd edək ki, bu ilin noyabrında ARDNŞ prezidenti Rövnəq Abdullayev zavodun yaxın 2-3 ildə istismarının dayandırılacağını, bitum və müəyyən yağ istehsalının isə Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcəyini açıqlamışdı.
Neftçala əməliyyat şirkətində çalışan 57-63 yaşlı işçilər də məcburi məzuniyyətə göndərilirlər. Mirvari Qəhrəmanlının sözlərinə görə, Neftçala əməliyyat şirkəti “Global Energy” şirkətinin tərkibinə daxil olan 5 əməliyyat şirkətindən biridir. Hüquq müdafiəçisi bildirir ki, işçilərin məcburi məzuniyyətə göndərilməsi neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirilib. Lakin onların sonradan işə çağırılıb-çağırılmayacaqları bəlli deyil: “Problem ondadır ki, bu adamlar təqaüd almırlar, onlara məzuniyyətdə olduqları müddətdə əməkhaqqı da ödənilməyəcək. Hazırda müraciətlə bağlı araşdırma aparılır. Məzuniyyət adı ilə ixtisara salınacaq işçilərin sayı ilə bağlı dəqiqləşdirmə aparılır. Neftçala əməliyyat şirkətinə Xıllı, Dırovdağ, Bazanan yataqları daxildir”.
Mirvari Qəhrəmanlı “Azadlıq”a açıqlamasında onu da qeyd edib ki, yanvar ayında zavodların birləşməsi prosesə ciddi təsir göstərəcək. Hüquq müdafiəçisi ixtisarlar barədə artıq rəsmi göstərişin olduğunu da deyir: “Çox ağır məqam başlanıb. Neftçala əməliyyat şirkətində 60-a yaxın işçini çıxarmaq istəyirlər. BP də ixtisarların 15 faiz olacağını göstərir. Amma sayın bundan çox olmaq ehtimalı var. Təbii ki, orda yerli işçilər ixtisara düşəcək. ARDNŞ-də ixtisarların konkret sayını demək çox çətindir. Orada hasilat aşağı düşüb. Yanvar və fevral ayından orada 40-45 min işçi qalacaq”.
Nigar


