«Rusiyanın bəyanatları Ukraynanı yolundan döndərə bilməz»
Ukraynanın NATO-ya qoşulmaq niyyətini vurğulamasını Rusiya birmənalı qarşılamayıb. Rusiyanın baş naziri Medevedev Facebookda yazır ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları və Ukraynanın bloklara qoşulmama statusundan imtina etməsi Rusiya-ABŞ münasibətlərini “on illərlə zəhərləyəcək”. Bunların “olduqca mənfi nəticələri olacaq”. Medvedev yazır ki, Ukraynanın NATO-ya qoşulmaq müraciəti verməsi Ukraynanı Rusiyanın potensial hərbi rəqibinə çevirir.
Bu bəyanatdan sonra Rusiyanın Ukraynaya təyziqləri daha da arta bilərmi? Ukraynanın qəti şəkildə NATO yolunu tutması ölkədəki duruma necə təsir edə bilər?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiyanın bəyanatları Ukraynanı yolundan döndərə bilməz. Ukraynanın Avropa Birliyi ilə yanaşı NATO-ya da inteqrasiya edəcəyini deyən V.Quluzadə vurğuladı ki, Rusiyanın Ukraynanın Avropaya inteqrasiyasının qarşısını almağa gücü yoxdur: “Medvedev bu cür bəyanat verməyə məcburdur. Gərək o, öz siyasətlərini təqdir edərək, Ukraynanın apardığı siyasəti pisləsin. Ona görə burada təəccüblü heç nə yoxdur”.
V.Quluzadə qeyd etdi ki, Rusiya Donetsk və Luqanskı Qarabağ probleminə çevirməyə çalışır. “Amma Rusiya unudur ki, Ukrayna Azərbaycan deyil. Hazırda Ukraynanın ərazi bütövlüyünü Qərb dəstəkləyir və Qərb Ukraynada Qarabağ probleminin yaranmasına imkan verməyəcək”, deyə V.Quluzadə vurğuladı.
Xəyal


