Avropa Komissiyası SOCAR-ı niyə yubandırır?

Məhəmməd Talıblı: «Avropa Komissiyası hesab edir ki, hələ çiy olan layihənin ictimailəşdirilməsi doğru deyil»

Avropa Komissiyası Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Yunanıstanın DESFA qazpaylayıcı dövlət şirkəti arasında bağlanan müqaviləyə baxmağı yenə də təxirə salıb. “Bizim yol”un məlumatına görə, Avropa Komissiyası yunan şirkətinin səhm paketinin üçdə ikisinin SOCAR-a satılması ilə bağlı sazişin ratifikasiyasına ötən həftənin sonunda baxmalı olsa da, qurum müddəti yenə də uzadaraq aprel ayına saxlayıb.

Qeyd edək ki, 2013-cü ildə Yunanıstan hökuməti DESFA-nın səhm paketini (66 faiz) Neft Şirkətinə 400 milyon avroya satması barədə razılıq əldə edib və müqavilə bağlanıb. Lakin Avropa Komissiyası inhisarçılığı əsas gətirərək səhmlərin Azərbaycan tərəfinə keçməsinə mane olur. Analitiklər arasında bunu ARDNŞ-in son zamanlar Rusiyanın neft-qaz şirkətlərilə sıx əməkdaşlığı ilə əlaqələndirənlər də var. Xüsusilə, SOCAR-ın sanksiyaya məruz qalmış  “Rosneft”lə birgə fəaliyyəti, eyni zamanda “Qazprombank”dan 2 milyard dollarlıq kredit limitinin açılması kimi məsələlərin Qərblə münasibətlərimizə xələl gətirəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. DESFA ilə SOCAR-ın anlaşmasına “qırmızı işığın” yandırılmasını artıq rəsmi Bakıya qarşı ilk təzyiq kimi yorumlayanlar da var.

ARDNŞ prezidenti Rövnəq Abdullayev isə mətbuata açıqlamasında bildirib ki, Avropa və Yunanıstana bu layihə daha çox lazımdır, nəinki Azərbaycana. Onun sözlərinə görə, müqavilə imzalanarkən Avropa Komissiyası bunun Afina-Bakı, eləcə də Azərbaycan-Avropa Komissiyası arasındazəruri bir layihədir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri Ilham Şaban “Bizim Yol”a deyib ki, SOCAR-la müqavilə bağlanmasına Avropa tərəfi təhrik edib: “Indi baş verənlərin nə ilə bağlı olduğunu demək çətindir. Bunun səbəbi Rusiya amilidir, ya başqa məsələdir, dəqiq analiz etmək mümkün deyil. Bu haqda nə yunan, nə də Azərbaycan tərəfi informasiya sızdırır. Sadəcə olaraq, bir müddət əvvəl Rövnəq Abdullayev mesac verdi ki, bu layihə Azərbaycandan daha çox Yunanıstana və Avropaya lazımdır. Artıq il yarımdan çox vaxt keçib və SOCAR 400 milyon avronu hazırlayaraq həmin aktivlərə yatırmağı gözləyir. Hələ ki, müqaviləyə razılıq verilmir”.

Iqtisadçı-ekspert Məhəmməd Talıblı “Azadlıq”a açıqlamasında bildirib ki, belə yubanmalar həmin layihələrin iqtisadi əsaslandırmalarının tam həyata keçirilməməsilə bağlı ola bilər. Belə bir vəziyyətdə mümkündür ki, Avropa Komissiyası həmin layihələri bütün parametr üzrə problemləri həll etməmiş  hesab edərək yubandırır: “Istisna məqam bununla bağlı ola bilər. Bu, xüsusilə də neft-qaz layihəsi hesab olunursa, Avropa Birliyi üçün hava-su kimi lazım olan bir layihədir. Lakin nəzərə almaq lazımdır ki, layihənin bütün parametri üzrə texniki-iqtisadi əsaslandırmalarda problemlər varsa, Avropa Komissiyası bütün mərhələləri keçəndən sonra daha çox bu məsələyə konkret cavab verərək razılığını bildirir.Belə bir əsaslandırmalar olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmur. Avropa Komissiyası hesab edir ki, hələ çiy olan layihənin indidən razılaşdırılması və müzakirələrin ictimailəşdirilməsi doğru deyil”.

Nigar