Hüseyn Bağırov sürüşmə təhlükəsini niyə gizlədir?

Hakimiyyət əhali arasında panika yaranacağından ehtiyat edir, yoxsa başqa səbəb var?

“Azərbaycanda sürüşmə zonaları aktivləşməyib”. APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir sürüşməyə səbəb olan amillərdən birinin də antropogen amillər olduğunu açıqlayıb: “Təhlükəli yerlərdə iş aparılarkən təbii ki, o, reaksiya verir. Sürüşməyə meylli  ərazilərdə qazıntı işləri aparan zaman bilməlisən ki, o ərazilər hər an sürüşə bilər”.

Nazir bildirib ki, sürüşmə adətən payız aylarında daha aktiv olur: “Ilk yağışdan dayanıqlığını itirmiş ərazilərdə belə hallara rast gəlmək olur. Bu, yeni hal və yeni problem deyil. Əsasən tikinti və qazıntı işləri aparan şəxslər texnogen, antropogen və ərazi xüsusiyyətləri hallarını nəzərə almalıdırlar. Bu hallar 90 faiz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə məsləhətləşmədən aparılır və nəticədə sürüşmə aktivləşir. Qanunla nəzarət olunmuş razılaşdırmalar milli geologiya xidməti orqanlarının əməkdaşları ilə razılaşdırılmış şəkildə aparılmalıdır. Nəticədə geoloqlar razılaşdırmaya rəy verməlidirlər”.

Hüseyn Bağırov Azərbaycanda sürüşmə zonalarının aktivləşmədiyini desə də, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, 2014-cü il son 15 ildə (2000-ci ildən) ən aktivləşmə və güclü zəlzələlər olan ildir. Seymsik aktivlik təbii ki, sürüşmə zonalarına da təsirsiz ötüşmür. 

Bundan başqa bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya Institutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev demişdi ki, hazırda Mingəçevir, Şəmkir, Varvara su anbarları, Mingəçevir su elektrik stansiyası, Mingəçevir istilik elektrik stansiyası və Varvara su elektrik stansiyası ətrafında sürüşmə ehtimalları var. Onun sözlərinə görə, sürüşmə prosesləri Azərbaycandakı strateji obyektlərə də çox təsir göstərə bilər: “Mingəçevir və Şəmkir su anbarlarının ətrafında əvvəlcədən möhkəmləndirmə işləri aparılmadığından hazırda burada – Bozdağın ətəyi ətrafında, haradasa 20 hektardan çox ərazidə sürüşmə ehtimalı var. Mingəçevir və Şəmkir su anbarlarının ətrafında, Mingəçevir su anbarından Qarabağ kanalına çıxan ərazidə indiyə qədər bir neçə dəfə sürüşmə qeydə alınıb”.

Nəriman Paşayev bildirmişdi ki, bu ərazilərdə sürüşmələrin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən tədbirlər görülüb. Ancaq həmin tədbirlər tam yetərli deyil, cünki ərazidə daha böyük işlər görülməlidir: “Qarabağ kanalı ətrafında, haradasa 40 hektar ərazidə sürüşmə ehtimalı yaranıb. Buna görə də orada 10-15 km ərazidə sürüşməyə qarşı mübarizə tədbirləri görülməlidir”.

Yeri gəlmişkən, bu açıqlama verilən ərəfədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da Mingəçevirə gedərək sürüşmə təhlükəsinin qarşısının alınması ilə bağlı təcili toplantı keçirmişdi.  

Bütün bunlara rəğmən Hüseyn Bağırov əminliklə sürüşmə zonalarının aktivləşmədiyini deməsi maraqlı görünür. Bəzi ehtimallara görə, nazirin belə açıqlama verməsi əhali arasında panika yaranmasının qarşısını almaq məqsədi daşıyır. Lakin başqa səbəblərin də olması mümkündür.