Pərviz Həşimli ilə bağlı hökm qüvvədə saxlanıldı

«Siz mənim cinayətkar olduğumu iddia etsəniz də, bütün yerli və beynəlxalq ictimaiyyət bilir ki, mən vicdan məhbusuyam»

Dünən Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin şikayətinə baxılıb.

Məhkəmə iclasında çıxış edən Pərviz Həşimli bildirib ki, birinci instansiya məhkəməsində onun günahsızlığı tam sübuta yetirilib. Vəkillərinin ortaya qoyduğu sübutlar onun şərləndiyini, sifarişlə həbs olunduğunu təsdiqləyir: “Məhkəmədə heç bir vəsatətimiz təmin olunmadı. Bizə bir daha məlum oldu ki, Azərbaycan məhkəmələri azad, ədalətli deyil. Yüzlərlə siyasi məhbus var və həmin adamların hamısının məhkəməsində müdafiə tərəfinin qaldırdığı onlarla vəsatətin heç biri təmin olunmur. Mənimlə bağlı cinayət işində adı çəkilən, guya, mənim silahları aldığım iddia olunan iranlı Rza Hüseyn adlı adam ümumiyyətlə, yoxdur. Varsa da, niyə il yarımdır ki, onu tapa bilmirlər? Bundan əlavə, deyirlər ki, guya, həmin Iran vətəndaşı silahları Irandan Azərbaycana keçirib. Bəs necə olub ki, gömrükdə onlar yoxlanılmayıb? Həmçinin Rza Hüseyni tapmaq üçün gömrükdəki təhlükəsizlimk kameralarına baxış keçirmək, onun şəxsiyyətini müəyyənləşdirmək olar.

Mən öz evimdə və həyətimdə kameralar quraşdırmışdım. Çünki nə vaxtsa başıma belə bir hadisə gələcəyini bilirdim. Evimdəki kameranın yaddaş kartı MTN əməkdaşları tərəfindən götürülüb. O yaddaş kartı qaytarılsa, silahların evimə necə yerləşdirildiyini sübut edə bilərik. Bundan əlavə, mənə verilən cəza çox ağırdır. Bu cinayətləri həqiqətən törədən adamlara belə, 8 il həbs cəzası verilmir. 

Həbs edildiyim gün yanımda olan yeganə şahidin məhkəmədə dindirilməsini tələb etdik, qəbul olunmadı. Təvəkküllə məni tanış edən adamın dindirilməyini istədik, bu da qəbul olunmadı. Bütün bunlar bir daha sübut edir ki, mənə qarşı ittihamlar siyasi sifarişdir. Həbsimdən qısa müddət sonra bir çox nüfuzlu beynəlxalq təşkilatlar dərhal azad edilməyimi tələb etdi. “Amnesty International” təşkilatı məni “vicdan məhbusu” elan etdi.

Siz nə qədər də iddia etsəniz də ki, mən cinayətkaram, bütün yerli və beynəlxalq ictimaiyyət bilir ki, mən vicdan məhbusuyam”.

Iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istədi. Elə məhkəmənin qərarı da onun mövqeyinə uyğun oldu – Pərviz Həşimliyə verilən 8 illik həbs hökmü dəyişdirilmədən qüvvədə saxlanıldı.

Xatırladaq ki, Pərviz Həşimli ötən il sentyabrın 17-də həbs olunub. Ona qarşı qaçaqmalçılıq və qanunsuz silah-sursat saxlama ittihamları irəli sürülüb. Lakin yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları bu ittihamların saxta olduğu, jurnalistin sifarişlə həbs edildiyi qənaətindədir.