Rafiq Daşdəmirlinin oğlundan xəbər var

Sənan Daşdəmirlinin sağlıq durumu ağırlaşıb 
 

AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli Kürdəanı təcridxanasında saxlanılan oğlu Sənan Daşdəmirli ilə görüşüb. Bu barədə o Facebook səhifəsində məlumat yayıb. Oğlunun sağlıq durumunun ağır olduğunu yazan R.Daşdəmirli insan haqları müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarına, İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudova, ombudsman Elmira Suleymanovaya müraciət edib və Sənanın vəziyyəti ilə maraqlanmalarını istəyib.
R.Daşdəmirlinin sözlərinə görə, oğlu təcili müalicə olunmasa, vəziyyəti ağırlaşacaq: «Sənanın sağlıq durumu cox ağırdı. Qan təzyiqi yüksəkdir.Təzyiq gözlərində ağır problem yaradıb. Bir gözünün tutulmaq təhlükəsi yaranıb, o biri gözünün də vəziyyəti ağırlaşıb. Ürək ağrıları artıb. Ayaqlarında revmatizm yaranıb, ağrıdan yeriməyə çətinlik çəkir. Təcili müalicə olunmasa xəstəliklər onu üzəcək. Vəziyyeti çox kritikdir. Onu bu qədər incitmək nəyə lazımdır? İnsan haqları ilə məşğul olan QHT-ə, ombudsman aparatına, Elçin Behbudova müraciət edirəm ki, oğlum Sənanla maraqlansınlar, ona yardımçı olsunlar». 
Xatırladaq ki, Sənan Daşdəmirli noyabrın 17-də yaşadığı evin qarşısında həbs olunub. Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılan Sənanın guya narkotik satdığı üçün saxlandığını deyilib. 
 
azadlıq.info