REAL Hərəkatının İdarə Heyətinin üzvləri Zöhrab İsmayıl və Azər Qasımlı “Azadlıq”ı təbrik edib.
Zöhrab İsmayıl
25 il öncə “Azadlıq” qəzetinin nəşr olunması Azərbaycanda ictimai fikrin təşəkkülündə möhtəşəm hadisə idi. Ölkədə yeni və alternativ informasiya mənbəyi formalaşırdı. 200 min tirajla çıxmışdı. Amma əslində ilk saylarının milyonadək oxucusu olduğu güman olunur. Çünki köşklərdə tez bitirdi, amma insanlar “Azadlıq” qəzetini oxuduqdan sonra başqaları ilə paylaşırdılar.
“Azadlıq” ilk redaktoru Nəcəf Nəcəfov əvəzolunmaz bir insan idi. Amalı tərəfsiz və müstəqil media idi. Buna da nail olmaq üçün çarpışırdı və qəzetin müstəqilliyinin qarantına çevrilmişdi. Allah Nəcəf bəyə rəhmət eləsin!
1993-cü ili ilin may ayından etibarən 10 il “Azadlıq” qəzetində müxbir, iqtisadiyyat şöbəsinin müdiri, maliyyə direktoru, bütün şöbələrin birləşdiyi informasiya şöbəsinin rəhbəri olmuşam. İndiki məzənnə ilə ayda 40 manat məvacibi güclə aldığımız çətin günlər də olub. Amma “Azadlıq” mənim üçün mühüm iqtisadi/siyasi/ictimai fikir məktəbi olub.
200 nəfərədək insan gəlib keçib bu məktəbdən. Nəcəf bəydən başqa Elçin Səlcuq və fotoqraflar Əjdər və Elxan dünyasını dəyişib, Rafiq Tağı qətlə yetrilib… Aralarında Prezident Aparatında işləyənlər, deputat olanlar, mənim kimi QHT rəhbəri olanlar da var
Bu gün “Azadlıq” yenə çətin durumdadı. Həm maddi, həm siyasi, həm də müstəqillik baxımından çox ciddi çətinliklər yaşayır. “Azadlıq” susdurmaq, əzmini qırmaq istəyirlər.
Buna yol verməmək üçün özünü fəda edən qəzet əməkdaşları var. Ən böyük təbrik onlara düşür!
Amma əsas arzum, qəzetin keçmişini dərindən öyrənib, “Azadlıq” müstəqillik ənənəsini tam bərpa edilməsi və qorunmasıdır. Nə qədər çətinliklər olsa da, media üçün bu, ən önəmlisidir.
“Azadlıq” qəzeti müstəqilliyimizin bərpasımdan 2 il öncə doğulub və müstəqilliyimizin bərpasına böyük töhvə verib. Bəziləri də 25 il əvvəl bir-iki dəfə vərəqə buraxıblar, indi 25 illik qeyd edirlər… 25 il uzun müddət deyil, amma 25 il şərəf və ləyaqati qorumaq Azərbaycanda hər media qurumuna nəsib olmayıb. Yaşasın “Azadlıq” qəzeti!…
Azər Qasımlı
Onunla 1996-1997-də bir layihədə işləmişdim. Layihənin adı “Azərbaycanda ideologiyalar” idi, sifarişçi isə məhşur Freedom House təşkilatı. Mən layihənin “Azərbaycanda liberalizm və millətçilik” hissəsini araşdırırdım. O zaman bu mövzuda aramızda balaca bir polemika da olmuşdu. Hətta ondan çox incimişdim də)) Amma bilirdim ki, o, böyük şəxsiyyətdir! Ona görə də çox şadam ki, belə bir insanı tanımışam, onunla bir layihədə çalışmışam, bir il ərzində daima ünsiyyətdə olmuşam. Bu insanın adı Nəcəf Nəcəfovdur – “Azadlıq” qəzetinin ilk redaktoru və yaradıcısı! Bu gün onun yaratdığı və nəfəs verdiyi qəzetin 25 yaşı tamam olur. İnanıram ki, “Azadlıq” həm öz adına – AZADLIĞA, həm də onu yaradan insanın böyük adına hər zaman layiq olacaq, bu çətin dövrdə bunları uca tutacaq. Uğurlar!