Azərbaycanın görkəmli şairlərindən biri, vaxtilə AzTV-nin sədri olmuş Məmməd İsmayıl “Azadlıq” qəzetinə yubileyi münasibətilə təbrik məktubu göndərib. Hörmətli şairimiz məktubunda yazır:
“Azadlıq” qəzeti yarandığı gündən bəri adındakı ölümsüz, əbədiyaşar mənaya əvvəldən sona qədər sadiq qalan tək qəzətdir. Onun bu tənhalığı bozbulanlıq dalğalara boyun əyməyən dağ-qaya tənhalığıdır. Yaxşı deyiblər ki, harada azadlıq var, orada həyat, harada məhkumiyyət var, orada əzab, işgəncə, əzilmişlik var. Millət fərdlərinin sayı ilə deyil, mərdlərinin sayı ilə millət olur. Azadlq sözündən azadlığa keçidin başa varmasında “Azaldıq”ın yeri doldurulmazdır. “Qürbət sürgünləri, məhbəs qandalları, çeşidli əzablar, ölüm hökmləri, cəza evlərində çürüdülmələr…”. Amma yox, min cür əzab və məhrumiyyətlərə baxmayaraq, dimdik ayaqda qalan “Azadlıq” kimi bir qəzətin və onun zaman və məkanın şirnikdirici, aldadıcı gəl-gəlinə dirsək göstərən, nəfslərini ayaqları altında siqaret kötüyü kimi əzməyi bacaran əməkdaşlarının və özgür düşüncəli insanların mövcud olduğu bir məkanda azadlıq mütləq öz yerini tapacaq. Yolu hər zaman hamıdan çox gözlənilsə də, azadlıq mərd, cəsur və yaxşı adamların məhrumiyyəti bahasına da olsa, günün birində, hər kəsdən sonra gəlir… Amma gəlir! İnsanların könül dünyasında təbəddülatlar oyadan, özgürlüyümüzün gəlişində önəmli yerə sahib olan “Azadlıq”ımızın 25 illik yubileyini canı-könüldən təbrik edir, başarılarının davamını diləyirəm”.