Təhsilimi başa vurub prokurorluq orqanlarına təyinat almışdım. Həyatımın ilk böyük imtinasını onda etdim – prokurorluğa getməyib, “Azadlıq”da jurnalist kimi çalışdım
“Azadlıq” qəzetini son illərdə çoxları “Azadlıq qalası” adlandırır. “Azadlıq” təkcə ona görə qala deyil ki, uzun illərdir ağır müdafiə döyüşləri aparır, ölkənin hər yerindən əzilən, təqib edilən insanlar bu qalaya sığınır. “Azadlıq” həm də ona görə qaladır ki, o dörd bir tərəfdən mühasirədədir. Təəssüf ki, meydanda təklənib. Amma o qədər cəsur, xalq sevgisinə o qədər əmindir ki, nə bu illərlə davam edən “mühasirə”, nə də bu təklənmə onu qorxudur.
“Azadlıq” on minlərlə insan üçün son ümid yeridir. Azadlığı, ədaləti nə dövlət idarələrində, nə də məhkəmələrdə tapa bilən, vəzifəlilərin, imkanlıların insafsız zoru qarşısında köməksiz qalan, əli hər yerdən üzülən çarəsizlərin dərdini söyləyə biləcək, heç kimin qarşısında susmayacaq bir ünvandır.
“Azadlıq” faktiki olaraq ictimai qəzetdir. Real ictimai televiziyamız olmasa da, “Azadlıq”ın simasında ictimai qəzetimiz var. “Azadlıq” hüquqi cəhətdən kollektivə, faktiki olaraq isə hamımıza məxsusdur. Ümumxalq qəzetidir. Kiçik bir qrup istismarçılardan, oğrulardan və onların yandaşlarından başqa hamının tribunasıdır. Hüququ pozulan, haqqı tapdalanan hər kəs şəstlə, ərklə “Azadlıq”ın qapısını döyə bilər. Qəzet heç bir təmənna güdmədən ona üz tutanlara dəstək olur. Onların sözünü, ağrısını xalqa çatdırır.
“Azadlıq” ölkənin vicdan məhbusları üçün gerçək bir pəncərə, nəfəslikdir. Hansı siyasi düşərgəyə aid olmasından asılı olmayaraq bütün vicdan məhbusları hər gün məhz bu qəzet vasitəsilə hamımızın yadına salınır. “Azadlıq” ölkənin məhbəsdə olan vicdanlı insanlarını unutmur, heç kimin də unutmasına imkan vermir.
İnşallah, ölkəmizdə azadlıqlar bərqərar olanda “Azadlıq” da qazanc əldə etməyə çalışan qəzet, biznes vahidi kimi fəaliyyət göstərər. İndi isə “Azadlıq” biznes deyil, iş yeri deyil, mübarizənin ünvanıdır. Xalqın əzilən çoxluğunun haqq bağıran səsidir.
“Azadlıq” Milli Azadlıq Hərəkatının və demokratikləşmə uğrunda davam edən mübarizəmizin səlnaməsidir. Azərbaycanın ən yeni tarixi bu qəzetdə yazılır. Bu qəzet tarix yazır.
Bu yubiley günündə qəzetin ilk baş redaktoru, Azərbaycanın böyük ziyalısı, aramızdan vaxtsız getmiş (Allah ona rəhmət eləsin) Nəcəf Nəcəfovu hörmətlə xatırlayıram. “Azadlıq” 25 ildir ki, Nəcəf bəyin müəyyənləşdirdiyi demokratik idarəetmə, mənəvi saflıq, əqidə və amala sədaqət, Xalq Hərəkatına və onun ideallarına bağlılıq prinsiplərini yaşadır. Bu gün əminliklə demək olar ki, “Azadlıq” həm də Nəcəf bəyin xatirəsinə qoyulmuş bir abidədir.
“Azadlıq” 25 illik ömrünün tam 24 ilini basqı, təzyiq şəratində yaşayıb. Qəzet Xəqani küçəsi-33 ünvanındakı ofisindən çıxarıldıqdan sonra isə – son 8 ildə təzyiqlər daha da amansız xarakter alıb. Qəzetin mübariz kollektivi çoxsaylı həbslərdən, bıçaqlanmalardan, döyülmələrdən, izləmələrdən keçərək, aylarla əmək haqqı almadan “Azadlıq”ı yaşadıb. Bu qəhrəman kollektivi ürəkdən təbrik edirəm!
Qəzetin bu günlərə gəlib çıxmasında müstəsna xidmətləri olmuş, qəzetdəki fəaliyyətinə görə 3 ilə yaxın müddətdə siyasi məhbus həyatı yaşamış, qəzetin baş redaktoru, mübariz dostum Qənimət bəyi, son illərdə qəzetin ayaqda qalmasında olduqca böyük rolu olan baş redaktorun I müavini, dostum Rahim bəyi, qəzetin siyasət şöbəsinin müdiri, istedadlı və cəsarətli yazarı, hazırda yubileyi vicdan məhbusu olaraq Kürdəxanı həbsxanasında keçirən gənc dostum Seymur bəyi xüsusilə təbrik edirəm!
“Azadlıq” qəzeti mənim üçün çox doğmadır. 1991-ci ildə hüquq təhsilimi başa vurduqdan sonra prokurorluq orqanlarında işləmək üçün təyinat almışdım. Həyatımın ilk böyük imtinasını onda etdim. Prokurorluqda işləməkdən imtina edib, “Azadlıq”da jurnalist kimi çalışmaqda davam etdim. Paralel olaraq BDU-da beynəlxalq hüquqdan dərs dedim. Elə o zamandan “Azadlıq”la möhkəm dost olduq. Mən də oldum “Azadlıq”ın yetirməsi. Etiraf edirəm ki, “Azadlıq”ın dostu olmaqla fəxr edirəm.
25 yaşın mübarək, əziz dost!



