Dünya “Azadlıq”ı belə təbrik etdi

"Azadlıq" qəzeti repressiyaların zülmət şahlığında ümid işığı olaraq qalmaqdadır"

“Azadlıq” qəzetinin 25 illik yubileyi təkcə ölkə ictimaiyyəti üçün əlamətdar hadisəyə çevrilmədi. Müxtəlif beynəlxalq təşkilatlar, ayrı-ayrı xarici tanınmış şəxslər də qəzetimizin yubileyinə diqqət göstərdi. Dünyanın müxtəlif yerlərindən ünvanımıza təbrik məktubları göndərilir. Onlardan bir neçəsini təqdim edirik.

ABŞ-dan Respublikaçı senator, növbəti seçkilərdə prezidentliyə real namizədlərdən biri Ted Kruz “Azadlıq”a təbriklərini Amerikada yaşayan və bu ölkənin vətəndaşı olan azərbaycanlı fəal Səid Nuri vasitəsilə çatdırıb. Səid Nuri facebook səhifəsində xəbər verir ki, dekabrın 22-də Ted Kruzla danışaraq, onun doğum gününü təbrik edib. Bu zaman onların arasında Azərbaycandakı vəziyyətlə bağlı müzakirə də olub. Ted Kruz Səid Nuridən xahiş edib ki, onun adından “Azadlıq” qəzetinin 25 illik yubileyini təbrik etsin.

1994-97-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Riçard Kozlariç redaksiyaya yolladığı təbrikdə “Azadlıq”ı “azad medianın səsi” adlandırır:

“25 ildir ki, “Azadlıq” azad medianın səsi olaraq qalır. Bu, heç də asan başa gəlməyib və hətta mən deyərdim ki, bəlkə, heç vaxt da bu günlərdə olduğu qədər çətin olmayıb. Bu, olduqca önəmli və dəyərli jurnalistlər – qadınlar, kişilər əsl igidliklə azad bir cəmiyyətdə yaşamaqdan başqa heç nə istəməyən azərbaycanlıların səsini yaymaq cəhdləri göstərməkdədirlər. Bu mükəmməl işdə sizə uğurlar arzulayıram”.

Respublikaçı Senator və keçmiş səfirdən başqa, amerikalı politoloq, öz araşdırma və təhlilləri ilə Azərbaycan ictimaiyyətinə də tanış olan Karl Rader və hazırda Amerikada yaşayan, bu ölkənin vətəndaşlığını almış azərbaycanlı fəal Səid Nuri də okeanın o tayından redaksiyamıza təbriklərini göndəriblər.

Karl Rader öz məktubunda yazır: “Mən ilk dəfə 2005-ci ilin oktyabrında “Azadlıq”ın ofisində oldum. Hələ onda “Azadlıq” Azərbaycanda az sayda qalan müxalif informasiya mənbələrinin başlıcası idi. Bu illər ərzində bilirəm ki, “Azadlıq”ın jurnalistləri, fotoqrafları və redaktorları cəmiyyəti lazım olan informasiya ilə təmin etmək üçün çox böyük risklər altında çalışırlar. İndi “Azadlıq” kimilərə ehtiyac həmişəkindən daha çoxdur. Mən bu qəzetdə çalışanlara 25 illik yubileyləri münasibəti ilə hər şeyin daha yaxşısını arzulayıram”.

Səid Nuri qəzetimizə ünvanladığı təbrik məktubunda Azərbaycanın müstəqillik qazanmasında, ölkədə demokratiyanın, söz və fikir azadlığının müdafiəsində “Azadlıq”ın müstəsna xidmətləri olduğunu yazıb. Amerikalı həmyerlimiz əlavə edib ki, Azərbaycan hakimiyyətinin amansız basqıları nə qədər çox müstəqil və müxalifyönlü medianı sıradan çıxarsa da, “Azadlıq” bu təzyiqlər qarşısında duruşu gətirməyi bacarır.
“Müasir dünya təcrübəsində alternativ fikir və media həyati əhəmiyyət kəsb etsə də, Azərbaycan hakimiyyəti bu reallığı qəbul etmək istəmir. Ölkədəki alternativ fikrə, müxalif mediaya basqıları hər gün artıran Azərbaycan hakimiyyəti “Azadlıq”ı məğlub edə, onu yolundan döndərə bilmir və inanıram ki, bundan sonra da döndərə bilməyəcək. “Azadlıq” uzun illər dünyaya təhdid yağdıran amansız  Sovet maşınını durdurmağı bacarıb. Corc Vaşinqtonun belə bir fikri var: “Əgər söz azadlığı olmazsa, bizləri qurbanlıq qoyun kimi səssiz və sakit idarə edəcəklər”. “Azadlıq” bizim hamımızın layiq olduğu dəyərləri qorumağı özü üçün ümdə vəzifə seçib”, – deyə Səid Nuri təbrikində yazıb.

ABŞ-dan daha bir təbriki Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatı göndərib. Təşkilatın sədri Elmar Şahtaxtinski təbrik məktubunda yazır:

"25 illik yubileyi olan "Azadlıq" qəzetini, onun mübariz kollektivini Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatı adından səmimi qəlbdən təbrik edirəm. "Azadlıq" qəzeti Azərbaycanın milli demokratik hərəkatı ilə yaşıddır və həmin hərəkat dövrünün mübariz ruhunu yaşadıb bu günlərə çatdlrmış azsaylı sivil institutlardan biridir. Bu gün "Azadlıq" qəzetinin yaşaması, inkişaf etməsi bütövlükdə Azərbaycanın demokratik hərəkatı üçün bir şərəf məsələsidir.
Təəssüf ki, bu günkü Azərbaycanda bir-birinin ardınca şərə təslim olmuş sivil, siyasi institutlar, mübarizənin ağırlığına dözə bilməyib sınmış, satılmış adamlar dənizində "Azadlıq" qəzeti tənha bir Azadlıq adasına bənzəyir. AZAD arzu edir ki, "Azadlıq" qəzeti ən yaxın gələcəkdə də 25 il öncə olduğu kimi Azərbaycan xalqının azadlıq və demokratiya yoluna işıq salacaq və Azərbaycanın inkişaf etmiş dünya ölkələsi sırasına qədəm qoymasında əvəzsiz xidmətlərini göstərəcəkdir".

Avropa Şurası parlament Assambleyasının Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andres Herkel də “Azadlıq” qəzetinə təbrik göndərib. “Dəyərli “Azadlıq” qəzetini və onun yorulmaz kollektivini təbrik edirəm”, – deyə qeyd edən Herkel redaksiya heyətinə fəaliyyətində uğurlar arzulayıb.

Rusiya müxalifətinin liderirlərindən biri Boris Nemtsov da “Azadlıq”a təbriklərini yollayıb.
"SSRİ dağılandan sonra keçmiş sovet respublikalarının əksəriyyətində demokratik ruhda olan xeyli sayda kütləvi informasiya vasitələri yaradıldı. İnformasiya yayımının fərqli mədəniyyəti ortaya çıxdı. Təəssüf ki, sonradan həm Rusiyada, həm də Azərbaycanda sərt avtoritar rejim bərqərar oldu. Buna baxmayaraq, Rusiyada da, Azərbaycanda da çətin şəraitdə, bəzən real risk altında oxuculara obyektiv informasiya çatdırmaq missiyasını yerinə yetirən jurnalistlər var. Azərbaycanda sərt avtoritar rejimin mövcud olmasına baxmayaraq, “Azadlıq” bu missiyasını layiqincə yerinə yetirir. Bu günlərdə Azərbaycandan kənarda da tanınan bu qəzetin 25 yaşı tamam olur. Qəzetə və kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıram", – deyə Nemtsov təbrik məktubunda yazır.

Tanınmış beynəlxadq təşkilatlardan “Indeks on Censorship” və "Sərhədsiz Reportyorlar" da "Azadlıq"ı təbrik edənlər sırasındadır. “Indeks on Censorship” adından Şon Qallakser redaksiyaya göndərdiyi məktubda yazır:

"İndeks söz azadlığı mükafatı»nın qalibi – «Azadlıq» qəzeti repressiyaların zülmət şahlığında ümid işığı olaraq qalmaqdadır. Qəzetin əməkdaşları təqiblərə baxmayaraq, hakimiyyətin əməlləri haqqında həqiqəti cəsurluqla deməkdə davam edirlər. “Indeks on Censorship” «Azadlıq» və onun oxucuları ilə birgədir. 25 yaşınız mübarək".

"Sərhədsiz Reportyorlar" isə təbrikində bunları yazır:

"Azadlıq" qəzetini yubileyi münasibətilə təbrik edirik! Biz gözəl bilirik ki, sizin işiniz daha çox getdikcə sərtləşən şəraitdə aparılan mübarizədir. Təhlükə və korrupsiya qarşısında təmiz jurnalistika daha çox cəsarət və inadkarlıq tələb edir. Xüsusən də indi, hakimiyyət Azərbaycanda vətəndaş cəmiyyətini tam məhv etmək niyyətində olduğu vaxtda «Azadlıq» qəzetinin rolu heç vaxt olmadığı qədər əhəmiyyətlidir. Sizə uzun ömür arzulayırıq, arzu edirik ki, AZADLIQ, nəhayət, Azərbaycanda reallıq olsun".

Təbrik aldığımız daha bir təşkilat Ankara Qəzetçilər Cəmiyyətidir. Cəmiyyətin sədri Nazmi Bilgin “Azadlıq”ın baş redaktoru Qənimət Zahidin adına göndərdiyi təbrik məktubunda yazır:

“Dəyərli həmkarım Qənimət Zahidov.
Azərbaycan Türk dünyasının kilididir. Azərbaycan türkü tarix böyünca Türk dünyasının fikir memarlığında, hürriyyət qavramlarının inkişafında böyük rol oynamışdır.
Azərbaycan türkü 73 il hökm sürən kommunizmin ən çox əziyyətini çəkən bir millət olmuşdur. Çoxsaylı ziyalılar, düşüncə adamları, oyaq vətənsevərlər həbslərdə, Sibir çöllərində qətl edilmişdir. Amma Azərbaycan türkü 1989-cu ilə qədər bu şərəfli mübarizəni qorxmadan davam etdirmişdir. Bir qəzetçi olaraq 1989-cu ildən bu yana sevərək və qürurlanaraq izlədiyim “Azadlıq” qəzeti hürriyyət mübarizəsinin yenilməz bir döyüşçüsü olmuşdur. “Azadlıq” qəzeti bugün də çağdaş demokratiya və insan haqları mövzusunda müxtəlif çətinliklərə rəğmən nəşrinə liderliklə və əməkdaşlarının yenilməzliyi ilə davam etməkdədir.
Qafqazın türk dünyasının bütün məsələlərdəki azadlıq döyüşçüsü olan “Azadlıq” qəzetinin 25-ci ilini təbrik edirəm. Rəhmətlik Elçibəydən, qurucunuz Nəcəf bəydən bu yana əməyi keçən hər kəsə təşəkkür edirəm, indi aramızda olmayanlara rəhmət diləyirəm. Bu vəsilə ilə bütün Azərbaycana sevgilərimi göndərirəm”.

Türkiyədə yerləşən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (Kafkassam) sədri Hasan Oktay da “Azadlıq” qəzetini yubileyi münasibətilə təbrik edib.

“Azadlıq” qəzeti bir əsrin dörddə biri qədər yaşlandı. 25 il əvvəl “Azadlıq” qəzeti Azərbaycanın azadlığı və demokratiyaya qovuşması eşqi ilə başlanan bir mübarizədən doğuldu. Olduqca diqqətə layiqdir ki, bu gün də həmin eşqlə həmin mübarizəyə davam etməkdədir.
“Azadlıq” sadəcə bir qəzet deyil. O, Azərbaycan xalqı üçün özgürlük yurdudur, mübarizə əzminin atəşidir, gələcəyə ümidin işığıdır.
Sevgili “Azadlıq” qəzetinə dəfələrlə belə 25 illikləri kutlamağı arzu edirəm.
Fundamental insan haqlarının, hüququn üstünlüyünün, demokratiyanın yılmaz müdafiəçisi olan “Azadlıq” qəzeti! Min il yaşa!”, – deyə təbrikdə bildirilir.

Qardaş Yürkiyədən ünvanımıza daha bir neçə təbrik də göndəriblər.

Tanınmış yazar, Türkiyə mediasında Azərbaycanla bağlı layihələri və yazıları ilə seçilən Cahit Kılıç təbrikini özünün facebook səhifəsində də yayıb. Təbriki olduğu kimi təqdm edirik:

"Azerbaycan'ın demokrasi mücadelesinin bayraktarlığını yapan, hak ve adalet, eşitlik ve özgürlük yolunda, azad sözün yegâne adresi Azadlıq Gazetesi'nin 25. kuruluş yıl dönümüdür bugün. Canını ortaya koyarak, zindanları göze alarak, zulme ve baskıya boyun eğmeden doğru bildiklerini haykıranların cesaretli el birliği ile yaşamını sürdüren, Azadlıq uğrunda, azad ruhların sesi olan, özgürlük meş'alesi AZADLIQ GAZETESi'ni ve ona can veren canları tebrik ediyorum. Gelecekte tarih, özgürlük için mücadele veren kahramanları yazdığında, AZADLIQ GAZETESİ de mutlaka en başlarda yer alacaktır. Ne mutlu ona hayat verenlere ki, böyle bir özgürlük abidesinin heykelini dikiyorlar ve tarihe not düşüyorlar".

Türkiyənin tanınan professorlarından Yəhya Taştələn təbrik məktubunda bunları yazır:

“Azadlıq” qəzeti  min bir cəfaya, əziyyətə, işgəncələrə rəğmən, polis dövlətinə və zülmə önəm vermədən, şərəflə öz missiyasını davam etdirir. Bu, həm də xalqımızın namus və şərəfinin təminat altında olduğunu göstərir. Türkiyədə də “Azadlıq” kəlməsi zövqlə işlədilir.
“Azadlıq” qəzeti heç vaxt “Azadlıq” kəlməsini neqativ mənada istismar etmədi. Bu qəzet Türk dünyasını birlşdirən təməl ünsür olmuşdur. Yəni, “Azadlıq” qəzetinin ilk hədəfi azadlığı müdafiə etmək və qorumaq olmuşdu. Mənim şəxsi qənaətimə görə, “Azadlıq” qəzeti Allahdan başqasına boyun əyməyərək, şərəf mücadiləsi verən və əsla təslim olmayandır.
“Azadlıq” qəzetinin ictimai-siyasi mövqeyi ismət, səbr, bilim, mərdlik olaraq görünməkdədir.
Əziz Atatürkün dediyi kimi, türk xalqı əsrlərdən bəri azad, müstəqil yaşamış və yaşamaqda davam edəcəkdir. İnanırıq ki, xalqımız bu mübarizəni davam etdirmək üçün “Azadlıq” qəzetinə dəstək olacaq, onun arxasında qala kimi dayanacaq.
“Azadlıq” qəzetində yarınmaq, yaltaqlanmaq, iqtidardan mənfəət güdmək kimi bir hal görmədim.
Hürriyyət və azadlıq savaşçıları daima diktatura rejimləri ilə savaşıb və bu rejimlərin qorxulu yuxusana çevrilib. Ölkədə həbsxanlar vicdan məhbusları ilə dolub və zindanlar azad insanların xoşbəxt məkanına çevrilib. Bu adamlar öz nümunələri ilə tarixin səhifələrini bəzəməkdədilər.
“Azadlıq” qəzetinin 25 yaşı xalqımız və dövlətimizin həqiqi müstəqilliyinə qovuşması üçün vəsilə olsun”.

Ukraynadan Vyaçeslav Çernovil adına Ukrayna Azad Jurnalistlər Fondunun sədri Dmitro Ponamarçuk “Azadlıq”a göndərdiyi təbrikdə yazır:

"Azadlıq" 25. Sizin və bizim Azadlığımız uğrunda! Dövlətçilik və süverenlik mübarizəsində azadlıq adası olan, qəzetçilər dünyasında tanınan, hörmətli "Azadlıq" qəzetinin kollektivini təbrik edirəm. "Azadlıq" müstəqil və demokratik Azərbaycan deməkdir. Azərbaycana eşq olsun!

Qəzetimizi Ukraynadan tanınmış jurnalistlərindən biri Andrey Derkaç da təbrik edib.

“Azadlıq”dakı əziz həmkarlarım. Ukraynada sizin hakimiyyət tərəfindən davamlı və şiddətli təzyiq altında necə işlədiyinizi heyrət və mənunluqla izləyirlər. Siz avtoritar bir rejimin mövcudluğu şəraitində yalnız duruş gətirmirsiniz, həm də daim “Azadlıq”ı inkişaf etdirir, onu daha da mükəmməl qəzetə çevirməyi bacarırsız.
“Azadlıq” elə bir zamanda meydana çıxdı ki, həmin vaxtlar Sovet İttifaqına daxil olan bütün millətlər yaxın zamanlarda öz müstəqilliklərinə qovuşacaqlarına, öz milli dövlətlərini quracaqlarına daha çox inanırdılar.
Ukraynalıları azərbaycanlılarla onların hər ikisinin sovet keçmişi, eyni zamanda gələcəkdə qurmağı planlaşdırdıqlarlı həqiqi müstəqil və demokratik milli dövlət ideyası birləşdirir. Şübhəsiz, yaxın gələcəkdə bu arzularımız gerçəyə çevriləcək.
Mən sizinlə tanışlığımdan qürur duyuram. Fəxr edirəm ki, “Azadlıq”ın işində az da olsa, iştirakım olub və bu qəzetlə əməkdaşlıq etmişəm.
Allah yardımçınız olsun, sizə və ailələrinizə təzyiqlərə qarşı dayanmağa dözüm versin ki, qəzeti daha da yüksəklərə qaldırasınız.
Sizi 25 yaşınız münasibətilə təbrik edirəm!”, – deyə həmkarımız ürək sözlərini çatdırıb.

Daha bir təbriki Belarusun BelaPAN informasiya şirkəti adından direktor müavini Andrey Aleksandrovdan almışıq. Təbrikdə deyilir:

"Hörmətli həmkarlarım! Belarusdan qəzetinizin 25 illiyi ilə bağlı ən səmimi təbriklər! Belarus jurnalistləri azad sözün qiymətini yaxşı bilir: repressiyalar, qazetin bağlanması, həbslər. Ancaq bütün bunlar bir daha sübut edir: hakimiyyət Azadlıq qəzetinin əməkdaşları kimi azad reportyorların danışdığı azadlıqdan qorxur. Azadlıq və həmrəylik bütün repressiyalardan güclüdür!".