”Azadliq”ın dəyəri və simvolu

Məhəmməd Talıblı

“Azadlıq”la münasibətlərimdə iki statusum var: biri 90-cı ildən olan daimi oxucusu kimi, digər onunla sabit əməkdaşlıq edən ekspert və müəllif kimi. Onun ən sadiq oxucusu olmağımı o şərtləndirən odur ki, 90-cı illərdən indiyə qədər onun bütün buraxılışlarını almışam. Mənim üçün daha lazımlıların isə hamısın  saxlayıram. Saytdan oxumaq imkanı olmasına baxmayaraq həm qəzetə abunəçiyəm, həm də gündəlik yol üstü onu kioskalardan almamış keçmirəm. Elə kitablar və qəzetlər vardır ki, onları oxumamaq təkcə məlumatsızlıq və laqeydlik deyil, həm də qəbulolunmazdır. Rey Bredberinin vacib elmi qaynaqları oxumadan vaz keçməyi cinayət adlandırır. O deyir ki,  kitabları yandırmaqdan daha böyük cinayətlər var, məsələn, onları oxumamaq. Bir oxucunun həmin qəzetə və ya kitaba olan hörməti və verdiyi dəyər onu daimi oxuması ilə ölçülür. “Azadlıq”ı təkcə informasiya mənbəyi kimi xarakteriza etmək səhv olardı. Onun daimi oxucusu olmağın kökündə düşüncə yazılarından zövq almaq istəyi durur.   İkincisi, qəzetlə əməkdaşlıq etdiyim illəri (1995, “Düşünməyə dəyər” məqaləsi) həyatımın ən mənalı və şərəfli illəri hesab edirəm. İncidiyim və tənqid etdiyim məqamlarda olub. Amma bir iqtisadçı kimi daha çox az-çox populyarlıq qazanmağımda bu qəzetin rolu böyükdür. Qarşılıqlı ehtimad və hörmət əsasında yaranmış bu münasibətlərin müqəddəsliyi mənim üçün bir dəyərdir. Onu hər zaman qorumağa və müqəddəsliyini hiss etməyə çalışmışam.Onu nə iləsə əvəz etmək və güzəştə getməyi belə ağlımdan keçirməmişəm. Ona görə yox ki, alternativlərim olmayıb və fərqli seçim imkanlarım olmayıb. Sadəcə qəzetin ictimai maraqlara xidmətini əvəzedilməz hesab etdiyim üçün, ona daxilən ehtiyacımı hiss etmişəm. Çox mətləblərin üstünə getməyəcəm. Yalnız birini bu yubiley günündə sizlərlə paylaşacam. Qəzetlə əməkdaşlıq etdiyim dövrlərdə mən müxtəlif vəzifə təklifləri də almışdım. Əsas maneə kimi qəzetlə əməkdaşlığımın olması göstərilib. Hətta bu təklifə “hə” cavabım olacağı təqdirdə qəzetlə əməkdaşlığın bundan sonra mümkün olmaması əsas şərt olaraq qeyd olunub. Bu zaman düşünmüşəm ki, bir qəzetlə əməkdaşlıq nədən istənilən şəxsin karyera yoluna bu qədər mane olmalıdır? Niyə düz sözün yanında olmaq bu qədər qorxuludur sayılmalıdır ki? Mən hər dəfə qəzetə müxtəlif dairələrin belə münasibətinin olmasını yenidən başa düşməyə çalışmışam. Yenidən qəzetin fəaliyyəti ilə bağlı geriyə dönüb (retrospektiv təhlil) dəyərləndirmə aparmışam. 

Sonda bütün addımları yenidən təftiş edərək gəldiyim qənaət bu olub: hədəfi düzgün vurur və konyuktura ilə məşğul olmadığı üçün qəzetə çox qəzəblidirlər! Çətin və qeyri-müəyyən zaman kəsikləri çox olub. Tərəddüd və təbəddülatlarla dolu illər…Bir oxucu kimi ruhumu sakitləşdirəcək və inam aşılayacaq bir mənbə olub “Azadlıq”. Qəzeti oxuduqca sanki hər şeyin nə zamansa yaxşı olacağı müjdəsin hiss etmişəm. “Azadlıq” bu mənada insanlarda ümid və sabaha inam yaradan mənəvi sərvətdir. Onu qoruya bilməsək, sabaha inamımız da sual altına düşər. “Azadlıq” ictimai pessimizmin dərinləşməsinə imkan verməyən və insanlarda ruh yüksəkliyi bəxş edən fenomenal nüsxədir. Tam məsuliyyətimlə deyirəm ki, əgər “Azadlıq”da hansısa qondarma bəhanələrlə bağlansa, bu artıq cəmiyyətimizin mənəvi sərvətinə əl uzadılması hesab oluna bilər. Allah elə bir vəziyyətdən cəmiyyətimizi qorusun! Çünki, “Azadlıq” azadlığımızımğn sonuncu  qalasıdır. 

Qəzetin uğur şərti onun əməkdaşlarının sözün yaxşı mənasında biri-birinə oxşaması və oxşar həyat tərzlərinə malik olmasında görürəm. İşsiz qalmaq, repressiyanın hədəfində olmaq və qonorarsız yaşamaq bu kollektivdə çalışanların  əsas gözləntiləridir. Bu gözləntilər çağrılmamış qonaq kimidirlər.Harada yaxaladı, yaxaladı… Cənnətə gedən yolda cəhənnəmə hazır olmaq cəsaratin yoxdursa, onda qəzetdə işləməyin çətin olar. Bu mənada “Azadlıq”ın kollektivini mən hədəfinə inamla bağlanan komanda sayıram. Əgər onun kollevtivinin belə bir mənəvi dəyərlərə və hədəflərə dərin köklərlə bağları olmasaydı, o bu qədər repressiyalar qarşısında tab gətirə bilməzdi. 

Onun gücü ən ekstremal vəziyyətlərdə belə qarşılıqlı yardımlaşması olmasaydı və sınaqlardan yayınmamaqla məsuliyyətini daha dərindən dərk edərək israrla qəzeti müdafiə xəttini tutmasaydı, indi haqqında fəxarətlə danışdığımız da qəzetdə mümkün olmayacaqdı. Henri Fordun bu mənada dediyi bir fikir çox yerinə düşür: “Bir araya gəlmək başlanğıcdır, birlikdə qalmaq inkişafdır, birlikdə addımlamaq uğurdur.” Kollektiv uğur ona görə zəmanətli olur ki, orada təkbaşına risk və uğur mənimsənilmir, o paylaşılır. Qəzetin dəyərləri və prinspiləri kollektiv qərarlardan asılı olduğu üçün birgə hərəkət istiqamələri də uğurla nəticələnib. Çox qürurverici haldır ki, “Azadlıq” çoxluğa qoşulub təslim olmaq və maddi asılqana düşmək qərarı vermədi. O, çoxluğa qoşulub asan və imitasiyalı fəaliyyət yolu tutmadı. “Azadlıq” oxucusunun vicdanı ilə heç bir alver etmədən dimdik ayaq üstə durub qartal baxışı ilə prinspilərinə sadiq qaldı. Axı, qarğalar sürüylə, qartallar yalnız uçar…Bəlkə də qəzetin redaksiyasına hədiyyə olunan qartal maketinin olması da bu həqiqəti simvollaşdırır.