D18 hərəkatının sədri Ruslan İzzətli “Azadlıq” qəzetini 25 illiyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Hər birimizin sevərək oxuduğu və ölkəmizin problemlərinin dəqiq və qorxmadan verən tək müstəqil qəzetimiz “Azadlıq” qəzetinin 25 yaşı tamam olur. Bu gün ölkəmizdə avtoritarizmin hakim olduğu bir dönəmdə “Azadlıq” kimi bir qəzetin çıxması böyük bir cəsarət tələb edir. Bu cəsarət üçün, bizi doğru xəbərlərlə təmin etdiyi üçün “Azadlıq” qəzetinin rəhbəri Qənimət bəy başda olmaqla bütün kollektivi təbrik edirəm.
Hörmətli Qənimət bəy, Siz və kollektiviniz tarix yazırsınız. 5-10 ildən sonra insanımız fəxrlə deyəcək ki, o zaman hər kəsin satıldığı və avtoritar rejimə mədhiyyə dediyi bir zamanda, “Azadlıq” qəzeti repressiyalara və iqtisadi sıxıntılara baxmadan qürurunu, imicini qoruyub saxladı.
Liderimiz Rəsulzadə də 96 il öncə çətinliklərə sinə gələrək ölkəmizin azad mediasını qoruyub saxlayırdı. İndi biz arxivlər vastəsilə oxuyuruq və qürur duyuruq ki, ölkə rəhbəri olan M.Ə.Rəsulzadə “Azərbaycan” və digər qəzetlərimizin ayaqda qalması üçün yazılar yazırdı, ölkənin problemini o qəzetin manşet və səhifələrinə daşıyırdı. Nə yazıqlar ki, 96 il keçməsinə baxmayaraq, hələ də biz ölkəmizdə medianın inkişafına, azad medianın genişlənməsinə yox, əlimizdə olan bir-iki qəzetin ayaqda qalmasına yardım olmağa çalışırıq.
Bu ölkə üçün 96 il öncə edilənlər unudulmadığı kimi, sizlər də unudulmayacaqsız.
Sevgili Qənimət bəy, bir daha sizi və kollektivinizi 25 yaşınız münasibətilə təbrik edirəm”.