Zülmətdə işıq – “Azadlıq”

Zümrüd Yağmur

Bir çoxları bu qəzetin səhifələrində imzasının görünməsindən qorxdu, bəzilərisə orda dərc olunmağı arzuladı. Bir çoxları bu qəzetin səhifələrində dərc olunan yazıları ilə şöhrət əldə etdi, bəziləri də bu qəzetdə yazdığına, haqqı dediyinə görə həbs olundu. Hətta bəziləri döyüldü, hücuma məruz qaldı. Qəzetin özü kimi…

Bu qəzet illərdir ki, Azərbaycanda hökm sürən zülmətə isıq tutur. İllərdir ki, Azərbaycan adlı bir ölkənin təkcə bu günü üçün deyil, həm də bu dönəmin tariximizə vurduğu ləkəni təmizləmək üçün savaşır. Çünki məhz bu qəzet bu günkü mübarizəsi ilə tarix qarşısında alnımızı ağa çıxaracaq, bir məmləkəti, xalqı zülmətə və haqsızlığa tam tabe olmaq utancından xilas edəcək.

Azərbaycanı indiki halda zülmətə və zəlalətə tabe etmək istəyənlər buna görə sevmir onu, çünki bilirlər ki, tarixdə də onların kimliyi məhz bu qəzet vasitəsi ilə açılacaq, tarixçilər, araşdırmaçılar məhz bu qəzetə müraciət edəcək. Bu qəzet onların tiranlıq arzularının qarşısında qala kimi durub. Öz kiçik, təmirsiz ofisi və az əməkdaşı ilə dünyanı ayağının altında zənn edənləri ayağının altına alır.

Bəlkə də tək qəzetdir ki, təkcə əməkdaşları, köşə yazarları deyil, qəzet kimi özü də hücumlara məruz qalır, məhkəmələrə çəkilir. Sanki bu qəzet Azərbaycanı zindana çevirmək istəyənlərin inadına qanadlanır, o zindanın sərhədlərini aşır və bu ölkədə baş verənləri o zindanın hüdudlarından kənara çatdırır.

Nəfəsi var bu qəzetin… Özünün havası, suyu var… Canı var sanki…
Nəfəsini kəsmək istəyirlər, suyuna zəhər qatmaq, candan etmək istəyirlər, alınmır.

Bir xalqın biganəliyi və laqeyidliyi ilə ömürlük diktator vəsiqəsi almaq istəyənlərin niyyətinin qarşısında o "kiçicik canı" ilə sipər kimi durub bu qəzet!

Qala kimi durub və inadla bu gün ayrıca, təkbaşına bir cəbhədə savaş aparır…

Bir çoxlarının əlinə almağa qorxduğu qəzet "Əkinci"dən bu yana başlayan qəzetçilik ənənəsinə sadiqdir, ürəklərdən qorxunu söküb atmaq istəyir, bir zamanlar "Əkinci" cəhaləti söküb atmaq istədiyi kimi…

Azərbaycan mətbuatının mübarizə və əzm simvolu, azadlıq carçısı olan qəzet! Və bu qəzetin adı “Azadlıq”!

Bizə azadlığı qram-qram, qırıq-qırıq deyil, tam verə bilən qəzet! 25 illiyini qeyd etməyə hazırlaşan qəzet 25 ildir ki, azadlıq üçün savaşır. Müxtəlif dönəmlərdə bu azadlıq savaşının mahiyyəti dəyişdi. Əvvəl imperiyadan azad olmaq üçün savaşan qəzet bu missiyasını şərəflə tamamladı. İndi də diktatura ilə savaşır və əminəm ki, bu savaşı da başa vuracaq. Bu əminliklə də "Azadlıq" qəzetinə azad ölkənin mətbuat orqanı olmağı arzu edirəm. Uğrunda savaşdığı dəyərlərin bu ölkədə möhkəmlənməsi və davamlı olması uğrunda mübarizə aparmasını arzulayıram.

Bütün bunlara görə "Azadlıq"ın azad nəfəs almağa haqqı var və bu haqqa sahib olmasını diləyirəm…
25 illik savaş, ləyaqət yolun qutlu olsun!

Sən bizim alnımızı tarix qarşısında açıq etdin. Üzün və yolun hər zaman ağ olsun, "Azadlıq"!