Hakimiyyətin saxta vətənpərvərliyi

Çex təşkilatını ermənipərəst adlandıranlar Putinin ermənipərəstliyinə niyə susurlar?

Rusiya prezidenti Vladimir Putinin əmri ilə “Drujba” medalı almış erməni siyasətçilərin sırasında Qarabağda dinc azərbaycanlılara divan tutmaqda ad çıxarmış Ermine Naqdalyan da var. Ermine Naqdalyanın yırtıcı bioqrafiyası çoxlarına tanışdır və bu adamın əməlləri haqda xeyli “hekayə”lər var.

Indi çoxlarına təəccüblü görünən budur ki, Putinin bu medalından Zori Balayan niyə kənarda qalıb. Çünki, Zori Balayan da Qarabağ müharibəsində bütün “qabiliyyət”ini nümayiş etdirib və azərbaycanlılara nifrətini əməli ilə sübuta yetirib.

Müxtəsər, Vladimir Putin Qarabağda dinc insanlara divan tutanlardan birini mükafatlandırıb. Yəqin yaxın günlərdə digərinin də könlünü alacaq.

Bəli, Azərbaycan hakimiyyətinin “böyük qardaş” hesab etdiyi, gecə-gündüz təriflədiyi, sədaqət simvoluna çevirdiyi Rusiyada ermənilərə mükafat verirlər. Əslində, baş verənlər bizim üçün təəccüblü deyil. Qarabağın işğalının da, Xocalı soyqırımının da, 20 Yanvar faciəsinin də ssenarisinin Rusiya olduğu heç kimə sirr deyil. Sadəcə olaraq bir daha sübut etmək istəyirik ki, Azərbaycan hakimiyyətinin sığındığı, pənah apardığı Rusiya Azərbaycana nifrət edənlərin təltif olunduğu ölkədir.

Bugünlərdə Çexiyanın “People en Need” təşkilatı Batumidə siyasi məhbuslarla bağlı tədbir keçirdi və hakimiyyətin bu insanları azad etməli olduğu bildirildi. Ancaq, hakimiyyətin “diviziya”sı bu tədbirdə qarşıdurma yaratdı, siyasi məhbusların şəkilləri cırıldı və “People en Need” təşkilatı ermənipərəstlikdə ittiham edildi. Təbii ki, bu arqumentlərin hamısı iflasa uğradı və məlum oldu ki, Azərbaycandan                                      gedən nümayəndə heyətinin canfəşanlığı hakimiyyətin imicini qorumağa hesablanıb.

Indi sual meydana çıxır. Bu vətənpərvərlər, ermənipərəstlərə üsyan edənlər, Putinin addımları qarşısında niyə susurlar? Hakimiyyətin ən yuxarı təbəqələrində təmsil olunanlar,  vətəndaşlarımıza divan tutan adamların Rusiyada şərəfləndirilməsinə niyə etiraz etmirlər?

Bu faktlar onu göstərir ki, Azərbaycan hakimiyyəti üçün vətənpərvərlik, milli maraqlar axırıncı dərəcəli də deyil.

Batumidə baş verənlər də hansısa təşkilatın ermənipərəst olmasına görə deyil, hakimiyyətin qanunsuzluqlarını gizlətmək üçün idi. Putinin Ermine Naqdalyanı mükafatlandırması isə, hakimiyyətin şəxsi maraqlarına ziddi deyil. Ona görə də sakit və təmkinlidilər.

Rusiyanın Azərbaycana qarşı bu qədər addımlar atmasına baxmayaraq, hakimiyyət bütün ölkəni Rusiyaya təslim etməyə hazırdı. Təki insan haqları, demokratiya, şəffaflıq tələb olunmasın. Təki daha çox talamaq, vicdanlı insanları şərləyib həbs etmək asan olsun.

Bir sözlə, “People en Need” təşkilatına ermənipərəst damğası vuranlar, Putinin erməni sevgisi qarşısında təslim olublar. 

Indi ermənipərəst kimdir? Erməniyə ürək açanlara qucaq açan hakimiyyətmi, vətəndaşla erməni kimi davranmağa etiraz edən vicdanlı insanlarmı?

Akif