Ukrayna hadisələri hansı ölkələrə yayılacaq?

ABŞ-ın «Stratfor» Araşdırmalar Mərkəzi bu istiqamətdə araşdırma aparır

Vəfa Quluzadə: «Stratfor» rəhbərinin Moskvaya səfəri Rusiyadakı durumla yerindəcə tanış olmaq məqsədi daşıyır»

Dekabrın 8-də ABŞ-ın tanınmış “Stratfor” Araşdırmalar Mərkəzinin prezidenti, məşhur politoloq Corc Fridman Moskvaya səfər edib. Analitik səfərinin yekunlarını, Rusiya iqtisadiyyatı və Kremlin Ukrayna siyasəti haqqında onda yaranan təəssüratları qələmə alıb.

Corc Fridman Rusiya ekspertləri ilə keçirdiyi görüşlərdən belə nəticəyə gəlib ki, rəsmi Moskvanın, rublun qiymətinin kəskin şəkildə ucuzlaşması, neftin dünya bazarlarında qiymətinin aşağı düşməsi fonunda Qərbin sanksiyalarına duruş gətirmək potensialı hələ də var.ÿÿ

O, görüş keçirdiyi rus ekspertlərinə istinadən fikrini onunla əsaslandırıb ki, iqtisadi böhran əslində Rusiya üçün normaldır. O, Rusiyanın Ukrayna siyasəti ilə bağlı isə belə yazıb: “Indi əsas məsələ Ukrayna böhranının Moldova, Baltikyanı ölkələr və Cənubi Qafqaz regionuna (əsasən, Dağlıq Qarabağ münaqişəsi nəzərdə tutulur – red.) yayılıb-yayılmayacağı ilə bağlıdır. Mən Rusiya Xarici Işlər Nazirliyinin əməkdaşı ilə bu mövzuya toxundum. O bildirdi ki, Ukrayna münaqişəsi region ölkələrinə yayılmayacaq. Düşünürəm ki, o, səmimi idi” (“modern.az”).

Qeyd edək ki, “Stratfor” Qlobal Analitik şirkəti ABŞ Mərkəzi Kəşfiyyat Idarəsinin “kölgəsi” kimi tanınır.

Politoloq Vəfa Quluzadə hesab edir ki, “Stratfor” rəhbərinin Moskvaya səfəri Rusiyadakı durumla yerindəcə tanış olmaq məqsədi daşıyır. Fridmanın səfəri zamanı Rusiyadan olan ekspertlərlə görüş keçirməsinə diqqət yönəldən V.Quluzadə vurğuladı ki, bu, Rusiyanın son durumu barədə dəqiq nəticə çıxarmaq üçün önəmlidir: “Rıjkov və Kudrin kimi mütəxəssislərin Rusiya ilə bağlı fikirləri maraqlıdır. Proqnozlarda Rusiyanın durumunun ağır olacağı vurğulanır. Rusiya getdikcə anarxiya vəziyyətinə yaxınlaşır. Rusiya haqqında bir var məlumatları mediadan oxuyasan, bir də var baş verənləri gedib gözünlə görəsən. Varlı ruslar artıq Rusiyanı tərk edir. Eyni zamanda Rusiyanın düşünən beyinləri də ölkəni tərk edir. Rusiya böyük itkilər verir. Bunları necə qarşılayacaq, bilinmir”.

Xəyal