Azərbaycanda dollar qıtlığı yarana bilərmi?

Məhəmməd Talıblı: «Hazırda baş verənlər, dollarla bağlı ajiotaj bir müddət sonra manatın da məzənnəsinə təsir edə bilər»

Rusiyada dolların məzənnəsinin rubla nisbətən durmadan qalxması ölkədə ciddi panikaya səbəb olub. Artıq ölkədə rubla inam qalmayıb. Əhali ehtiyat vəsaitlərini dollarda saxlamağa üstünlük verir. Maraqlıdır ki, rublun düşməsinin başlanğıcında müşahidə olunan tendensiya hazırda manatla da bağlı da baş verir. Bir neçə gün öncə manatın məzənnəsində baş verən düşüş dolların qiymətinin qalxmasına səbəb oldu. Bundan başqa, valyutadəyişmə məntəqələrində dollar satışının məhdudlaşdırılması əhali arasında təşvişlə qarşılanır.

Bəs Azərbaycanda necə dolların məzənnəsi manata nisbətdə Rusiyadakı aqibəti yaşaya bilərmi?

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Rusiyada rublun məzənnəsi ilə bağlı baş verənlər bu və ya başqa formada regionumuzda yerləşən ölkələrə də təsir edə bilər. Rusiya iqtisadiyyatı ilə bağlı olan ölkələrdə bu təsirlərin özünü daha qabarıq formada göstərəcəyini düşünən M.Talıblı vurğuladı ki, amma onu da nəzərə almaq lazımdır ki, bu dəyişkən valyuta siyasətidir: “Bəli, bəzi vətəndaşlarımız hazırda baş verənləri nəzərə alaraq vəsaitlərini dollarda saxlamağa üstünlük verirlər. Amma Bakı Fond Birjası artıq dollar və rubl ilə bağlı qərar verib. Tətbiq olunan məhdudiyyətlər həm rus rubluna, həm də dolayısıyla dollara aiddir. Amma əslində Mərkəzi Bank valyutaların konvertasiyası üçün tələb olunan həcmdə valyutanın dövriyyədə olmasında maraqlı olmalıdır. Çünki hazırda baş verənlər, ajiotaj bir müddət sonra manatın da məzənnəsinə təsir edə bilər. Amma bu tezliklə baş verməyəcək”.

M.Talıblı hesab edir ki, Mərkəzi Bank onun marağında olmalıdır ki, əhalidə valyuta ilə bağlı ajiotaj yaşanmasın. Çünki bu tendensiya nə zamansa manata da inamı sarsıda bilər. M.Talıblının sözlərinə görə, Rusiyada baş verən hadisələrin Azərbaycana böyük təsiri olmasa da, rublun çoxluğu ilə bağlı yaşanan ajiotaj dollar və manat qıtlığı yarada bilər. “Ona görə Mərkəzi Bank onun marağında olmalıdır ki, ölkədə valyutaların konvertasiya siyasəti hamar getsin. Əks halda bu ajiotajın yaratdığı neqativ amillər pul-kredit bazarına təsir edə bilər”, deyə M.Talıblı vurğuladı.

Xəyal