Putin ölkəsindəki xarici kəşfiyyatdan qorxuya düşüb

Mehman Əliyev: «Putinin bu cür açıqlamaları ölkədəki durumun sağlam olmadığından xəbər verir»

Rusiya prezidenti Vladimir Putinin xarici kəşfiyyatın ölkəyə törətdiyi təhlükələrə toxunub. Putinin belə bir açıqlama ilə çıxış etməsi maraq doğurur. Qeyd edək ki, Putin 2014-cü ildə 230-dan çox casusun ifşa edildiyini deyib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaradılmasının ildönümü mərasimində çıxış edən Putin xarici kəşfiyyat təşkilatlarının Rusiyada fəaliyyətlərini artırdığını qeyd edib: “Kəşfiyyatla mübarizə qurumlarımızdan intizam və səfərbər olmaları tələb edilir. Rusiya ilə əlaqədar xarici kəşfiyyat fəaliyyətini artır. Təkcə bu il xarici kəşfiyyatlara xidmət edən 230-dan çox casus ifşa etmişik”.

Dövlət sərhədlərinin qorunmasının vacib olduğunu deyən Kreml rəhbəri potensial təhlükə və təhdidlərin analiz və təxmin edilməsi ilə bağlı Rusiya Xarici Kəşfiyyat Xidmətininÿ(SVR) üzərinə böyük vəzifələr düşdüyünü bildirib: “Sizin yüksək səviyyəli əməliyyatlarınız nəticəsində 8-i terror hücumu olmaqla 60-dan çox terror xüsusiyyətli cinayətin, 46 terror və radikal təşkilatın fəaliyyətinin qarşısı alınıb”.

Bəs Putinin xarici kəşfiyyatla bağlı narahatlığı nədən irəli gəlir?

“Turan” Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Putinin bu cür açıqlamaları ölkədəki durumun sağlam olmadığından xəbər verir. Bu üzdən da hakimiyyət xarici kəşfiyyatın ölkədəki fəaliyyətindən ciddi narahatdır: “Rusiyanın problemləri dünya səviyyəsində problemə çevrilə bilər. Çünki Rusiya nüvə silahı olan bir dövlətdir. Ona görə xarici kəşfiyyatın son zamanlar Rusiyaya marağının artmasını bu amil ilə bağlamaq lazımdır. Rusiya özü bir təhlükəyə çevrilmək üzrədir. Ona görə də xarici dövlətlər Rusiyadakı son durum barədə məlumatı öz kəşfiyyat orqanları vasitəsilə əldə etmək istəyirlər”.

Xəyal