“İctimai Palata böyük iş görüb”

«Əli Kərimlidən və AXCP-dən üzr istəyirəm»

Son günlər Ictimai Palatanın fəaliyyəti ətrafında  diskussiyalar başlayıb. Cəmiyyətin müxtəlif təbəqələrindən bu quruma təkliflər, mesajlar gəlməkdədir. Bu qruplardan birinin nümayəndəsi, hüquqşünas Qurban Məmmədovla müsahibəni təqdim edirik.

Əvvəli ötən saylarımızda

– Siz Ictimai Palatadan nə istəyirsiniz?
– Siyasətçinin ən vacib keyfiyyəti odur ki, qarşısında duran vəzifələri müəyyənləşdirsin. Daha sonra bu vəzifələrin ardıcıllığını düzgün tapsın. Bu gün bizim qarşımızda duran vəzifə hansıdır? Azərbaycanda legitim hakimiyyət yoxdur. Ilk vəzifəmiz qanuni hakimiyyəti bərpa etməkdir. On vəzifə qoyub avara qalmaqdansa, bir vəzifə qoyub onun ətrafında xalqı birləşdirmək lazımdır.

– Həm deyirsiniz ki, birinci məsələ legitim hakimiyyət yaratmaqdır, həm də deyirsiniz ki, Ilham Əliyevin qarşısında istefa tələbi qoyulmasın. Bunlar nə dərəcədə bir-birinə uyan məsələlərdir?
– Qətiyyən. Bəlkə normal seçki keçirilsə və kampaniya aparılsa, Ilham Əliyev qalib gələ bilər. Biz deyirik ki, bizi udacaqsansa, namuslu seçkidə ud.

– Əvvəlcə legitim proses dediniz, sonra legitim hakimiyyət…
– Legitim hakimiyyət yalnız legitim prosesdə əmələ gələ bilər. Biz deyirik ki, qanuni seçki mühiti yaradılsın. Bunun üçün məgər korrupsiyaya qarşı mübarizə aparmaq lazımdır? Mən hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə bizim vəzifəmiz deyil. Siz bunu normal istiqamət saya bilərsiniz. Düşünürəm ki, neçə illərdi biz səhv gedirik. Ona görə də nəticə yoxdur.

“Cəmiyyətdəki narazılıq maddiləşdirilməlidir”

– Qurban bəy, neçə illərdir müxalifət prezidentliyə namizədlər irəli sürür, parlament seçkilərində iştirak edir…
– Bəli.

– Yəni, bu addımlar hakimiyyətə gəlməyi hədəfləyən fəaliyyətdir. Siz də hakimiyyətə gəlməyi hədəfləyən addımlar təklif edirsiniz…
– Mən son nəticədə konkret kiminsə hakimiyyətə gəlməsini nəzərdə tutan addımları reallaşdırmağı təklif etmirəm. Mən normal seçki keçirilməsini istəyirəm.

– Axı Ictimai Palata da eyni şeyi deyir. Ortada bir təşkilat və eyni zamanda, konkret struktur, nəzəri sənədlər var. Siz alternativ praktiki addımlar atmaq fikrindəsinizmi?
– Söhbətimizin əvvəlində vurğuladım ki, xalq özü qərar verməlidir. Bu ilin yanvarında Yeni Cəbhə Hərəkatının yaradılması barədə ideyanı irəli sürdüm. Məqsədim ictimai nəbzi yoxlamaq idi. Çünki vaxtilə mən Xalq Cəbhəsində təşkilat məsələləri üzrə müavin olmuşam. Mənim 70-80 min adamla təmasım olub. Müraciətimi edəndən sonra müxtəlif rayonlardan mənə zənglər gəldi. Başladaım rayonlardan gələn adamları yığmağa. Hazırda onun üzərində iş gedir. Bütün bunlarla paralel Ictimai Palatanın fəaliyyətini görəndən sonra düşündüm ki, bütün bunlar birləşdirilməlidir.
Cəmiyyətdə sosial şəbəkələrə girməyən müxtəlif təbəqələr var. Bütün cəmiyyət hazırkı durumdan narazıdır. Mən deyirəm ki, bütün bu narazılığı maddiləşdirək. Ictimai Palata böyük iş görüb. Gəlin, bu zəhməti indi dəyərləndirək. Belə getsə, Ictimai Palata silinib tarixin arxivinə atılacaq və xalq növbəti dəfə ümidsizlik mərhələsinə qədəm qoyacaq.
Bu təkliflərdən kiminsə xoşu gəlməyə bilər. Mən Əli bəyin, Isa bəyin mövqelərini sizə dedim. Ictimai Palatada iki partiya var. Bu adamların hərəsinin arxasında Koordinasiya Şurasında yüz adam olsa da, səsvermə birə-bir gedir. Mən belə formallığın əleyhinəyəm. Biz elə təşkilat yaratmalıyıq ki, o, bizim özümüzü də işləməyə məcbur eləsin. Bizi qorxutsun ki, birdən fəallıq eləməsəm, Salyan rayonundan AXCP-dən daha çox Ümid partiyasının adamı Bakıya nümayəndə kimi gələr. Bu, vaxtilə Xalq Cəbhəsində tətbiq olunan təcrübədir.
Yenə görüşlərimizdəki fikirlərə qayıtmaq istəyirəm. KXCP sədri Mirmahmud bəylə də görüşümüz olub. Mirmahmud bəy heç bir şərt qoymadan partiya sədrləri və müstəqil ziyalılardan ibarət Koordinasiya Şurasının yaradılmasına etiraz etmədiyini söylədi. Daha sonra Ümid partiyasının sədri Iqbal Ağazadə ilə görüşdük. Isa bəyin söylədiklərilə bağlı Iqbal Ağazadə bildirdi ki, onun təkliflərinə hörmətlə yanaşır. Amma soruşur ki, bu gün parlamentə getməklə Isa Qəmbərin dünən etdiyindən fərqli nə edib? Deyir: “Mən indi parlamentdə təkəm, onlar isə daha çox adamla təmsil olunmuşdular”.
Iqbal Ağazadə deyir ki, daha geniş tərkibdə əməkdaşlıq təklif edir. Yəni, Iqbal bəy təklif edir ki, gəlin birləşək, yaratdığımız yeni qurum 125 dairə üzrə namizədlər ortaya qoysun. Bütün maddi və sosial bazamızı həmin namizədin ətrafında cəmləşdirək. Güclənək və vaxtı gələndə hakimiyyətdən dəyişikliklər tələb edək. Prezident seçkilərinə qədər isə mümkün olar, vahid namizəd verilər və ya bir neçə namizəd olar. Indiki mərhələdə isə mənim təklifim bundan ibarətdir.
Lalə xanımın nümayəndəsi Əvəz Temirxan, VIP sədri Əli Əliyevlə görüşdüm. Bəlkə də deyərsiniz ki, Əli Əliyevin, Iqbal Ağazadənin nə gücü var ki, onlarla birləşək? Amma məsələ burasındadır ki, bizim sevib-sevməməyimizdən asılı olmayaraq, beynəlxalq aləmin qəbul etdiyi və xalqın beynində yaranmış bir müxalifət obrazı var. Həmin obrazlar bir yerə yığışmayınca, birlik fikri də yaranmır. Bu obrazlar kimlərdir? Başda Əli Kərimli, Isa Qəmbər, Lalə Şövkət, Sərdar Cəlaloğlu və Mirmahmud Mirəlioğludur. Məsələn, Sərdar Cəlaloğlunu beynəlxalq aləm tanıyır, o, Avropa Məhkəməsini udub, zəngin siyasi fəaliyyəti var. Amma Sərdar Cəlaloğlu şərt qoyub ki, Iqbal Ağazadə bu birlikdə təmsil olunmasa, o da ora qatılmayacaq. Lalə xanım isə şərt qoyub ki, son iki siyasətçi həmin birlikdə təmsil olunsa, o, ora qatılmayacaq. Biz nə etməliyik? Doğrudan da məqsədimiz xalqı bu birliyin arxasınca aparmaqdırsa, məcburuq ki, güzəştlərə gedək.
Bir misal deyim. Bir iş adamı on sotluq ərazidə bina tikmək istəyir. Həmin ərazidə yaşayan on ailədən doqquzunu köçürür. Bu proses ona 5 milyon dollara başa gəlir. Bir sotda qalan bir ailə isə köçürülməsi üçün 50 milyon dollar istəyir. Biznesmen gün keçdikcə ziyana gedir. Rüşvət verib və qoyduğu maya batır. Nə etməlidir?

– Həmin bir sotu on qatına almalıdır. Azərbaycan reallığı belədir…
– Ağıllı iş adamı çalışır ki, həmin adamı razı salıb, torpağı alsın. Amma alınmayanda məcburdur ki, onun istədiyi pulu versin. Çünki bu addımı atmasa, daha çox ziyan çəkəcək. Ona görə də əgər xalq səndən inanmadığın adamı bu birliyə gətirməyi tələb edirsə və sən də səmimi birlik tərəfdarısansa, bunu etməlisən. Biz xalqımızın, dövlətimizin gələcəyini düşünərək, nədən xoşumuz gəlməyən adamlarla belə, bir yerdə əyləşməyək?!
Müxalifəti çox zaman qınayırlar. Amma bəzən müxalifət batan yox, çoxdan batmış gəmidə yaxşı kayutlar uğrunda mübarizə apararaq, siyasi fəaliyyət imitasiyasıyla məşğul olur. Bu məni ağrıdır.

– Siz “Hürriyyət” qəzetində rəhbər olaraq qalırsınız?
– (Gülür) Müvəqqəti Sərdar bəyə vermişəm. Yeri gəlmişkən, “Hürriyyət” qəzetində vaxtilə Əli bəyin barəsində getmiş çirkin yazılara görə dönə-dönə üzr istəyirəm Əli Kərimlidən, AXCP üzvlərindən. Mənim vaxtilə rəhbərlik etdiyim qəzetdə belə yazılar gedib. Bütün bunların hamısı kursun dəyişməsinin nəticəsidir.

– Bu qədər radikal şərtlərdən sonra birliyin alınacağına ümid varmı?
– Əminəm ki, bizim müxalifətçi qardaşlarımız, nəhayət ki, batmış Azərbaycan gəmisində yaxşı kayutlar uğrunda mübarizəyə son qoyacaq və öz missiyalarını ləyaqətlə davam etdirəcəklər.

Seymur Həzi,
Xəyal Şahinoğlu