
«Azərbaycan» qəzeti Vaşinqtonu sərt ittihamlara məruz qoydu
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tom Malinovskinin Azərbaycan haqda dediklərinə münasibət bildirib.
Tom Malinovski “Azadlıq” radiosunun rusdilli “Nastoyaşeye vremya” teleproqramına müsahibəsində deyib ki, ABŞ jurnalist Xədicə Ismayıl da daxil olmaqla Azərbaycanda öz fikrini dinc yolla ifadə etdiyinə və jurnalist fəaliyyətinə görə həbs olunmuş şəxslərin azadlığa buraxılmasını istəyir: “Hazırda biz Azərbaycanın yüksək rəhbərliyi səviyyəsində ciddi müzakirələr aparırıq. Onlar başa düşürlər ki, vətəndaş cəmiyyətini boğmaqla müstəqillik qazanandan bəri mövcud olan ABŞ-Azərbaycan münasibətlərini təhlükəyə atırlar”.
Əli Həsənov isə “Media forum” saytına açıqlamasında deyib ki, Tom Malinovskinin müsahibəsində əksini tapan fikirlər reallığı və həqiqəti əks etdirmir: “Azərbaycan ABŞ-la münasibətləri qorumaq və inkişaf etdirmək istiqamətində daha ölçülü-biçili, düşünülmüş addımlar atır. Qarşı tərəfin bəzi dairələri, o cümlədən ABŞ-ı təmsil edən bəzi QHT-lər, insan haqları ilə məşğul olan qurumlar və KIV-lər isə iki ölkənin münasibətlərinə kölgə salan fəaliyyətlə məşğul olurlar. Biz hər zaman iki ölkə arasındakı münasibətlərin prinsipial tərəflərini əks etdirən məsələlərdə lazımi məqamları gözləmişik və gözləməkdə davam edirik. Azərbaycan demokratiya, insan haqları, söz və mətbuat azadlığı kimi məsələlərdə öz prinsiplərinə davamlı olaraq sadiq qalıb. Buna baxmayaraq kimlərsə Azərbaycanın etmədiyi, ölkəmizdəki reallıqlara uyğun olmayan məsələləri bizə təlqin etməyə çalışır.
Hesab edirəm ki, qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı qırmızı xəttə yaxınlaşmaqda ittiham edən qurumların özləri daha çox yaxınlaşırlar. Azərbaycan öz öhdəliklərinə hər zaman sədaqətli olub, bu gün də sədaqətlidir. Bunun əksini iddia edənlər Azərbaycanın indiyədək ABŞ-la münasibətlərə və öz öhdəliklərinə necə sadiq qalmasına da, ABŞ-ın həmin dairələrinin və onun müttəfiqi olanların Azərbaycanla bağlı öhdəliklərinə necə yanaşmasına da baxsınlar”.
Rino Harniş 2005-ci ildə “inqilaba” rəhbərlik edirmiş
Bu arada rəsmi dövlət qəzeti Azərbaycan”da ABŞ-a qarşı sərt ittihamlarla dolu geniş məqalə dərc edilib. “ABŞ-Azərbaycan münasibətlərinə kiçik ekskurs və gələcək haqqında düşüncələr” başlıqlı məqalədə bildirilir ki, ABŞ geosiyasi və strateji maraqlırına görə Azərbaycana qarşı ikili standartlarla çıxış edir. “Azərbaycan”a görə ABŞ-da bəziləri düşünürlər ki, Azərbaycanın milli maraqları ümumiyyətlə olmamalı və Bakı yalnız tapşırıqları yerinə yetirməlidir. “Bəlkə bu səbəbdən Dövlət Departamentinin rəsmi orqanı kimi qəbul edilən ”The Washington Post” qəzeti başda olmaqla bəzi Qərb KIV-lərində Azərbaycanın əleyhinə heç bir tərəfdaşlıq anlayışına sığmayan, adi etika çərçivəsini aşan, namərdcəsinə yazılan (və ya yazdırılan) qondarma materialların sayı durmadan artır”,- deyə məqalədə daha sonra bildirilir.
Məqalədə ABŞ Azərbaycanda dövlət çevrilişi planlaşdırmaqla ittiham olunur. Qəzet yazır ki, ABŞ 2005-ci ildə Azərbaycanda hakimiyyəti devirmək istəyib. Bu “bədniyyətli ssenari” ABŞ-ın keçmiş səfiri Rino Harnişin rəhbərliyi ilə həyata keçirilməli imiş. Hətta 2005-ci ildəki məşhur “çevriliş şousu” da ABŞ-ın ayağına yazılır: “2005-ci ildə də ABŞ-ın səfiri Rino Harnişin rəhbərliyi ilə bu bədniyyətli ssenarinin Azərbaycanda reallaşdırılması istiqamətində addımlar atıldı.
Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışdılar. Radikal müxalifət başçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və “hakimiyyətdaxili müxalifət” olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı. Azərbaycan qazanan, ABŞ və onun ölkəni tələmtələsik tərk edən səfiri Rino Harniş isə məğlub tərəf oldu”.
Zaur Həsənov özünü ABŞ-ın diktəsi ilə yandırıb?
Daha sonra iddia olunur ki, Quba və Ismayıllı hadisələri, hətta Qarabağ əlili Zaur Həsənovun özünü yandırması və əsgər ölümlərinə etirazlar da ABŞ-ın inqilab ssenarisinin tərkib hissəsi olub: “2012-ci ilin martında Quba və 2013-cü ilin yanvarında Ismayıllıda təşkil edilmiş iğtişaşlar dünyaya ”xalq üsyanları” adı altında sırındı, radikal müxalifət və “5-ci kolon” təşəbbüsü ələ almağa və prosesləri idarə etməyə çalışdılar.
2013-cü ilin dekabrında isə Azərbaycanda çevrilişin Tunis ssenarisi təcrübədən çıxarıldı. Qarabağ müharibəsi əlili Zaur Həsənov özünə od vurub yandırdı, radikal müxalifət, “5-ci kolon” və xarici təşkilatlar dərhal anti-Azərbaycan isteriyasına start verdilər…
…Ekspertlər hesab edirlər ki, 2013-cü ilin yanvarında radikal müxalifət partiyalarının fəalları olan bir qrup başıpozuq gəncin “əsgər ölümünə etiraz” aksiyaları və “molotov kokteyli inqilabı” da Ukraynadan əvvəl Azərbaycanda sınanmış və iflasa uğramış ssenari olub. Bu aksiyaların əsas təşkilatçısı olan ABŞ Milli Demokratiya Institutunun Bakı ofisinin rəhbəri Aleks Qriqorevs isə hesabından çıxardığı 2 milyon dolların hansı məqsədlərə xərcələndiyinə dair heç bir izahat verə bilməyərək, biabırçı şəkildə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı…
…Hesab etmək olar ki, bundan bir az sonra səfir Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibəsində Azərbaycana “od püskürməsi” və ölkəni “inqilabla” hədələməsi məşhur bir film qəhrəmanının “nevinovataya ya” hayqıraraq öz rəhbərliyi qarşısında məsuliyyəti üzərindən atmaq cəhdi idi. Hər halda, Morninqstarı təlimatlandıranlar gərək ahıl yaşlı diplomata Rino Harnişin aqibətini rəva görməyəydilər və ona şərəflə missiyasını başa çatdırıb öz ölkəsinə qayıtmasına şərait yaradaydılar. Yeri gəlmişkən, deyilənə görə, bu şəxslər indiyə kimi də işsizdirlər”.
Məqalədə daha sonra qeyd olunur ki, ABŞ Azərbaycanda inqilab üçün külli miqdarda vəsaitlər xərcləyir: “Yalnız son bir neçə ildə ABŞ-ın Milli Demokratiya Fondu Azərbaycan QHT-lərinə 3 milyon manata yaxın, Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası 1 milyon manat, Avropa Demokratiyaya Dəstək Fondu 300 min manat, Lixtenşteynin Açıq Cəmiyyətə Dəstək Fondu 7,6 milyon manat vəsait ayırıb. Bundan başqa ABŞ-ın digər təşkilatlarının, Böyük Britaniyanın, Danimarkanın, Norveçin, Almaniyanın və müxtəlif Avropa ölkələrinin ayırdıqları qrantların ümumi həcmini təsəvvür etmək belə çətindir.
Üstəlik, məlumdur ki, bəzi Qərb ölkələrinin Azərbaycandakı səfirlikləri müxalifətə və QHT-lərə fərdi qaydada birbaşa qeyri-qanuni yardımlar göstərirlər və şübhə yoxdur ki, bu ayırmalar hələ də davam edir”.
ABŞ şantaj və təxribatla məşğuldur?
Qəzet ABŞ-ı şantaj və təxribatda da ittiham edir: “Əgər bu cəhdlər heç bir səmərə vermirsə, növbəti mərhələdə şantaj, təxribat və dezinformasiya kimi vasitələrdən istifadə olunur. Məsələn, bu il avqustun 23-ü Iran səmasında, Nətənz nüvə mərkəzi üzərində pilotsuz kəşfiyyatçı təyyarə vuruldu və belə bir sual yarandı ki, bu təyyarə hansı ölkədən havaya qalxıb? Israilin ”Debkafile” saytı pilotsuz təyyarənin Azərbaycana məxsus olduğunu və Naxçıvandan havaya qalxdığını iddia etdi. Bunun ardınca dünyanın aparıcı informasiya agentliklərindən biri, həmçinin bəzi Qərb KIV-ləri həmin məlumatı tirajladılar. Hətta iddia olundu ki, bu, guya Azərbaycanın vaxtilə Dağlıq Qarabağ səmasında vurulmuş pilotsuz təyyarəsinə bənzəyir. Təəssüf ki, Iranın hərbi dairələri də həmin məlumatların təsiri altına düşərək, öncə təyyarənin məhz Azərbaycandan qalxdığını iddia etdilər. Lakin məsələnin hərtərəfli təhlili göstərdi ki, kimlərsə bu təxribatla Azərbaycan-Iran münasibətlərini süni şəkildə gərginləşdirməyə çalışır”.



