Birliyin yeni planları Azərbaycanı da əhatə edir
Demokratikləşməyən ölkələr yardımsız qalacaq
Avropa Birliyi “Ərəb baharı”na reaksiya verərək, cənubdakı və şərqdəki “qonşu”larına əlavə 1,2 milyard avro yardım ayırır. Ancaq yeni şərt qoyur: qonşunun alacağı yardım onun apardığı demokratik islahatdan asılı olacaq.
Bu, Avropa Qonşuluq Siyasətində (AQS) mühüm yenilikdir və bununla da Avropa Birliyi öz Qonşuluq Siyasətinə yenidən baxmış olur.
Tunis və Misirdəki inqilablardan sonra Avropa Birliyinin ünvanına da tənqidlər səslənirdi ki, Avropa-Aralıq Dənizi tərəfdaşlığı çərçivəsində Avropa Birliyi 15 il ərəb ölkələrinə milyardlarla yardım verib. Halbuki, bu ölkələrdə demokratiya geriləyirdi.
Indi Avropa Birliyi elan edir ki, “islahat olmasa, qurum yardıma yenidən baxa və ya yardımı kəsə bilər”. Bu da yenilikdir.
Başqa yenilik odur ki, Birlik “Avropa Demokratiyaya Yardım Fondu” yaradır, bu isə hər bir qonşu ölkədə demokratiya uğrunda mübarizə aparanlara kömək üçündür.
Həmçinin Avropa Birliyi qonşularındakı münaqişələrin həll olunmasına, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox cəlb olunmaq fikrindədir.
Avropa Birliyinin Qonşuluq Siyasəti Azərbaycan da daxil olmaqla, Yaxın Şərqin, Şimali Afrikanın və keçmiş SSRI-nin 15 ölkəsini və Fələstin ərazisini əhatə edir. Avropa Birliyi bu yerlərə yardıma 2011-2013-cü illər üçün 5,7 milyard avro ayırmışdı. Indi bu yardım faktiki 7 milyard avroya çatdırılır.
Indiyə kimi Avropa Birliyinin yardıma ayırdığı pulun 1/3-ni Şərq qonşuları, 2/3-ni Cənub qonşuları alırdı. Ancaq bundan sonra belə olmayacaq. Birliyin genişlənmə komissarı Stefan Füle deyib: “Əgər biz çox iş görənə daha çox vermək prinsipində ciddiyiksə, islahat aparana daha çox kömək edəcəyik. Bizim bələdçimiz coğrafiya olmayacaq”. Bu da yenilikdir.
“Dəyişən qonşuluğa yeni reaksiya”
Avropa Birliyinin xarici siyasət rəhbəri Ketrin Eştonun və genişlənmə komissarı Stefan Fülenin təqdim etdiyi “Dəyişən qonşuluğa yeni reaksiya” adlı sənəddə deyilir ki, “Ərəb baharı”, eləcə də Moldova, Ukrayna, Mərakeş, Iordaniya kimi ölkələrdəki tərəqqi Avropa Birliyindən ”tarixi sınaqlara cavab vermək səviyyəsinə qalxmağı tələb edir”.
Ancaq Avropa Birliyinin yeni dəstəyi şərtlə olacaq: “Dəstək demokratiyanın qurulmasındakı və möhkəmlənməsindəki tərəqqidən və qanuna hörmətdən asılı olacaq. Daxildə islahatlarda daha çox tərəqqi edən ölkə Avropa Birliyindən daha çox yardım alacaq”.
Birliyin yardımı isə müxtəlif formalarda ola bilər: inkişaf layihələrinə birbaşa kömək və ya ticarət güzəştləri. Məsələn, Avropa bazarlarına çıxışa kömək və ya Avropa Investisiya Bankından kredit və s.
Avropa Birliyinin yeni siyasətinin məqsədi sənəddə deyildiyi kimi, köklü demokratiya qurulmasına nail olmaqdır. Sənəddə köklü, dərin demokratiya belə izah olunur: “Dərin demokratiya odur ki, səs vermək hüququ ilə yanaşı, insanların sərbəst danışmaq hüququ olsun, siyasi partiyalar rəqabət apara bilsinlər, müstəqil hakimlər tərəfsiz qərarlar versin, insanların cavabdeh polisdən və ordudan təhlükəsizliyi olsun, xidmətlər rüşvətsiz olsun”.
Avropa Birliyi Azərbaycandakı vəziyyəti necə qiymətləndirir?
Avropa Birliyi 16 qonşusundan 12-si haqda hesabat da yayıb. Azərbaycan haqda deyilir ki, makroiqtisadi sabitlikdə, enerji əməkdaşlığında tərəqqi var, ancaq demokratiyaya hörmət qoyulmasında və insan haqlarının, fundamental azadlıqların qorunmasında əhəmiyyətli tərəqqi olmayıb.
2011-ci ilin ilk aylarında gənc fəalların tutulması artıb. Siyasi dialoqda və islahatlar sahəsində, o cümlədən, seçki prosesində və müstəqil ədliyyədə yeni cəhdlərə ehtiyac var.
2010-cu ilin 7 noyabr seçkiləri demokratik inkişafda əhəmiyyətli tərəqqi kimi qiymətləndirilmədi. Beynəlxalq müşahidəçilər seçkiyə hazırlıqda və keçirilməsində bir sıra çatışmazlıqları qeyd etdilər.
Söz azadlığı, media azadlığı, toplaşma azadlığı sahələrində heç bir tərəqqi olmayıb.
Beynəlxalq Böhran Qrupundan Alain Delotroz “Frans Press” Agentliyinə deyib ki, Avropa Birliyi “qonşu”larla münasibətdə yeni fəsil açır.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozo deyir ki, yardıma ayrılan 7 milyard avro onların demokratik islahatlara nə qədər sadiq olduğunu göstərir: “Biz hamımız eyni gələcəyi bölüşürük. Biz demokratiyanı, tərəqqini dəstəkləməklə, sabitliyi bərqərar edirik, qeyri-sabitlikdən yayınmış oluruq”.
“Azadlıq” radiosu