Vicdanını məhkum edənlərə

İnsanlığın qətl edildiyi günləri yaşayırıq. İnsafsızcasına və zalımcasına. Sonra bu “qatillər” utanmadan çıxıb bizə insanlıqdan dərs demək fikrinə düşür və hətta tələb edirlər ki, onlara inanaq.

Çünki bu ölkədə insanlıq dərsi vermək insanlıqdan çıxanların ümidinə qalmış daha. Əxlaqdan dərs vermək əxlaqdan çıxanlara qaldığı kimi. Kimsə də buna görə o “müəllimlik” iddiaasına düşənləri qınamır, çünki ölkədə illərdir aparılan “hamılaşma” siyasəti səbrli xalqımızın Allah kəsmiş bu səbri ucbatından uğurla həyata keçirilib. Heysiyyatın və ləyaqətin dara çəkilib edam edilməsinə etiraz etmək indi bəlkə də dünyanın ən axmaq hərəkətidir bu ökədə…

Həqiqətin qətl edildiyi yerdə o, kimsəyə gərək deyil daha. Onu yaşatmaq istəyənlər həm kütlənin, həm də “qatillərin” qəzəbinə tuş gəlir. Kütlə onu rahat buraxmadığına, “başını aşağı salıb sürünməsinə” izn vermədiyinə, yaxasından tutub həqiqəti üzünə çırpıb onun ölmüş damarına basıb oyatmaq istədiyinə, “qatillərsə” onların güclü olmaq haqqını tanımadığına görə sevmir həqiqəti deyənləri.

O həqiqətdə kütlənin biganəliyi, cahilliyi və nadanlığı, qatilin zalımlığı və acizliyi üzə çıxır həm də…

Eyibini və zəifliyini üzə çıxaran nəyisə və kimisə heç kim sevmir. İnsan eqosu  bu halda həqiqəti sevməyə imkan vermir. Azərbaycan hakimiyyəti də bu üzdən özü haqqında həqiqəti deyənləri dar açağına çəkir, həbs edir. Acizdir, qələmdən, azad düşüncədən qorxacaq qədər aciz…

Günümüzdə böyük bir tarixi həqiqətin şahidi oluruq əslində. Zorun və gücün acizliyinin etirafını səssizicə dinləyirik. O qədər acizdirlər ki, şər deyənlərə, üzə duranlara, naqis və yaramazlara möhtac qalıblar.

Kütləsə bütün olanları görməzdən gəlir, bu da onun özünəməxsus etirafıdır. “Məndən nəsə gözləməyin, bir iş bacaran deyiləm” etirafıdır bu…

Əslində, bütün baş verənlərə “dur” deyə biləcək tək qüvvə olan bu xalq özünü və başını qorumaq üçün həqiqətə göz yummaq yolunu tutub. Şərin əlində oyuncaq olmağı özünə rəva görənlərdən tutmuş, həqiqəti hər gün yediyi yeməklə birgə çeynəyib udanlara qədər bu ölkədə hər kəs nə olub bitdiyini bilir. Məsələn, keçən gün Seymur Həzinin məhkəməsində ittiham olunan şəxsin sözlərinə qarşılıq verib insanlığını heç vaxt öldürmədiyini deyən hakim Şövkət Nəcəfova və digər siyasi məhbusların məhkəmələrini aparan hakimlər o “məzhəkə”də vəkillər tərəfindən qaldırılan haqlı vəsatətləri hər dəfə rədd edəndə, əslində, elə insanlıqlarını rədd etdiklərini bilirlər. Bilirlər ki, onları alət ediblər və Seymur Həziyə, Xədicəyə, Leyla Yunusa və digərlərinə oxuyacaqları ədalətsiz qərarlarla onlar əslində, kimsəni deyil, öz vicdan və insanlıqlarını məhkum edəcəklər. Özlərinə haqq qazandırmaq, gecələr gördüyü dəhşətli yuxulardan sonra sakitləşmək üçün övladlarının xatirinə bunu etməyin vacibliyinə inandırmaq istəyəcəklər özlərini. Amma alınmayacaq. Çünki o salonda başqa ata-analar da var. Onların üzündəki nifrət və acı buna mane olacaq…

Bu gün həbsdə olan Seymur Həzinin, Xədicə İsmayılın, İlkin Rüstəmzadənin,  İntiqam Əliyevin, Tofiq Yaqublunun və digərlərinin bizim deyəcəyimiz, yazacağımız sözlərə ehtiyacı yoxdur.  Çünki onlar elə sözlərini dedikləri üçün həbs olunublar. Amma sizin, bu gün məzhəkə-məhkəmələrdə baş rola məhkum edilmiş hakimlər, bu sözlərə ehtiyacınız var.

Bu gün qaldırılan bütün vəsatətləri rədd edib, həqiqəti bununla gizlətməyə çalışırsınız. Sahiblərinizin əmrlərini sözsüz yerinə yetirirsiniz. Bizim dediyimiz, yazdığımız sözləri eşitməzdən, görməzdən gəlirsiniz. Amma başqa bir həqiqəti unudursunuz. Nə qədər inanmasanız da, tarix çox ədalətlidir və əmin olun ki, bu gün bizim yazdıqlarımız, dediklərimiz sizin gələcəkdə, tarix qarşısında bəraət almaq üçün qaldıracağınız vəsatətlərin rədd edilməsi üçün lazım olacaq.