Azərbaycan nefti 80 sent ucuzlaşdı

Dünya birjalarında neft yenidən ucuzlaşıb. AzərTAc-ın məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 0,8 dollar ucuzlaşaraq 60,96 dollar olub.

Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 2,36 dollar düşərək 54,11 dollar, London birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 2,13 dollar azalaraq 59,27 dollar təşkil edib.

2015-ci ilin büdcəsində neftin qiyməti 90 dollar nəzərdə tutulub. “Media forum” saytı xatırladır ki, bu ay “Rossiya-24” informasiya telekanalına müsahibə verən Azərbaycan prezidenti İlham Əliyev dünyada neftin qiymətinin düşməsinin sosial-iqtisadi planlara mənfi təsir göstərəcəyini vurğulayıb: “Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Neftin qiymətinin 60 dollar olacağı təqdirdə iqtisadiyyat sabit inkişaf edəcək. Yeganə mənfi hal budur ki, biz il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Sadəcə prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq”.