Böyük sorunlar içində olan, üstəlik, içdən-dışdan bölük-bölük edilən toplum olaraq bizə dialoq gərəkdir. Danışıb-bitişmək, birgələşib güclü olmaqla sorunlarımızı ayrı-ayrılıqda deyil, hamılıqla çözmək üçün! Beləliklə, birgələşmə gərəyi dialoq istəyini, dialoq gərəyini doğurur. 21 illik ANTIXALQ rejiminin yaratdığı sosial-siyasi ortama, bu ortamın doğurduğu gerçəklərə uyğun olaraq bizdə dialoq başlanğıcı müxalifətin öz arasında olmalıdır. Bunun isə indilikdə ən əlverişli variantı Milli Şura formatında danışıb-düzlənmə olardı. Kimlərsə, özlərinin dedikləri kimi, Milli Şura sözünü bir daha dillərinə gətirməmək öhdəliyi götürüblərsə, olsun. Onda başqa formatda axtarışlar ola bilərdi.
Bu deyilən başlanğıcın özünün də ayrıca bir başlanğıcı olmalıdır. Nə başlanğıc? Əldəqayırma, yalançı, qondarma deyil, işdə özünü göstərən gerçək müxalifətçilik. Çoxdan tanıdığımız biriləri siyasi lider adına illərlə müxalifət arasında TROYA ATI funksiyasını yerinə yetirirkən “mən də müxalifətəm” utanmazlığı ilə qabağa dürtülüb gerçək müxalifətin funksiyasına yiyələnmək istəyirsə, bu, yolverilməzdir. Ayrı çağda yapma müxalifətə dözən gerçək müxalifət belə yerdə də hansısa “etik normalardan” çıxış edərək susqunluq sərgiləyərsə, bu müxalifətin uğuru illüziya, uğursuzluğu qaçılmazdır. Demək, belə. Qabaqca müxalifət öz içində dialoqa gəlib birləşməli, birlik-güc örnəyi yaratmalıdır. Bizdə indiyədək yaradılan birliklərin hamısı boşa çıxıb. “Örtülü bazar – dostluğu pozar”. Çoxdan dabbaqda gönünə yetik olduğumuz biriləri özlərinin gizli bazarlıq istəklərilə birliyə qatılırkən “təki birlik baş tutsun” siyasi utopiyası bizdə çoxillik bəlli gerçəklik faktorundan üstün tutulub. Bununla da illərlə bir çox gerçək olanaqlar əldən çıxıb…
Müxalifətin birliyi baxımından son 20 ildə baş verənləri yenidən araşdırmağa gərək yoxdur. Son birlik faktını araşdırmaq yetərlidir. Çoxdan tanıdığımız biriləri Milli Şura yaradılmaması üçün min bir oyundan çıxdılar. Sürəcin qarşısıalınmaz olduğunu görüncə, Milli Şuraya qatıldılar. Milli Şurada ola-ola dağıdıcılıq işlərinə ara vermədilər. Sonra da müxalifətin daha bir birliyini – Milli Şuranı dağıtmaq üçün (bütövlükdə müxalifəti toplumun gözündən salmaq üçün) ucadan deyinə-deyinə, söylənə-söylənə çıxıb getdilər. Gedib, pislədiklərinin yerinə müxalifət adı altında nəsə başqa birliklər yaradıblar. Ancaq bu birliklərin biri də ortaya gerçək müxalifət faktı qoymayıb. Indi budur, belələri – indiyədək ortaya bir dənə də gerçək müxalifət faktı qoymayanlar – hakimiyətlə dialoqa gedirlər. Gerçək müxalifət olmaya-olmaya müxalifət adından hakimiyətlə dialoqa getmək nə deməkdir? And içmə, bazardan, bazar qiymətlərindən danış!
Getdilər, qayıtdılar, indi də onları dialoq oyunu oynadıqlarına görə qınayanları TƏHQIRƏ tuturlar. Ümidi o başdan bu başa rejimə, rejim qərarlarına bağlı partiya başçısı görün onları yerində qınayanlara necə yersiz cavab verir: “Əbləh və məntiqsiz yanaşmalara son verilməsə, müxalifət bir addım da yerindən tərpənməyəcək”. Qınayanlar “əbləhdir”, “məntiqsizdir”. Olsun, ancaq müxalifət olmaya-olmaya kim sizə müxalifət adından danışmaq mandatı verib? Müxalifət olmaya-olmaya müxalifəti birmi, beşmi addım “yerindən tərpətmək” sizin nəyinizə gərəkdir? “Əbləh”, “məntiqsiz” anlayışlarına gəlincə, 17 dialoqçunun başında duran bəlli üçlük (M.Mirəlioğlu, S.Cəlaloğlu, I.Ağazadə) özü baş tutan dialoq-görüşlə bağlı ortaya yararsızlıq faktları qoyursa, I.Ağazadə: “Burada (dialoq-görüşdə. – X.B.) elə təşkilatlar, partiyalar var idi ki, onlar buraya nəyə gəldiklərini belə bilmirdilər”, – deyirsə, “əbləhlik”, “məntiqsizlik” koordinatlarını dəyişməklə nə dəyişir? “Məntiq” də, “əbləh” də arəbcədir. Birinci, aydındır, ikinci bizim dildə GIC, BAŞIBOŞ deməkdir. Indi baxın görün ƏBLƏHLIK, MƏNTIQSIZLIK hardadır: səni adı var, özü yox “təşkilatlar-”partiyalarla” birgə “nəyə gəldiklərini belə bilməyənlərlə” dialoq-görüşə çağırırlar, sənsə belə aldadıcı dialoq-görüşə görə səni qınayan gerçək müxalifəti “əbləh”, “məntiqsiz” adlandırırsan. Bunun adı nədir: adımı sənə qoyaram, yoxsa?..
Özünü illərdən bəri Elçibəy yolunun baş yolçusu olaraq tanıtmağa çalışan adam Elçibəy yolunu darmadağın edən bir rejimin göstərdiyi yolun başına keçir. Hələ bir sevincini də gizlətmir: “Amma müzakirələr çox effektli keçirildi”. Siyasətdə “effekt” anlayışı nağılbazlıqdır. Siyasət sonuclarına görə dəyərləndirilir, “effektli” çıxışlara görə yox! Sən gerçək müxalifətçi olmaya bilərsən, ancaq, ən azı, siyasətçi olaraq harda, hansı çağda nə dediyini bilməlisən. Onun başqa dediyinə baxaq: “Görüşdə bütün məsələlər müzakirə olundu. Görüşdə əsasən siyasi məhbuslar, proporsional seçki sistemi, partiyaların maliyələşdirilməsi və digər məsələlər müzakirə olundu… qaldırdığımız məsələlər qeydə alındı…” Hakimiyət ölkədə yüzdən artıq siyasi dustaq olduğunu “qeydə” almayıbmış, sağ olsunlar, bunlar çətinliklə də olsa, görüşüb “qeydə” aldırıblar! Humanist, gözəl insanlar!!
Korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ çevirən, ölkəni demokratiya platformasından diktatura platformasına keçirən, ölkənin yeraltı, yerüstü var-yatırını bir qürup adamın yeyinti-mənimsəmə obyektinə dönüşdürən, bütün bunlar azmış kimi xalqı soyub-yağmalama yolu tutan, bu yolda dönməz-yenilməz olduğunu hər an sərgiləyən bir rejimlə hansı gerçək, Xalqın, Ölkənin, Dövlətin gərəyinə yönəlik dialoq-görüşdən danışmaq olar?! Xalqa, Ölkəyə, Dövlətə yararlı nə varsa hamısından üz döndərib “bizim Qarabağ problemimiz, bir milyon qaçqınımız var” kimi yalançı ağlaşmalar içində düşünən başlar, yurdsevər kimsələrlə bağlı çoxillik repressiya siyasətlərinə ara verməyən bir rejimlə necə yaxınlaşma, gerçək dialoq-görüş ola bilər?! I.Ağazadənin dialoq-görüşlə bağlı daha bir gileyi: “Heç bir mövqeyi olmayan təşkilatların buraya (dialoq-görüşə. – X.B.) çağırılmasının mənası belə yoxdur”. Var, özü də çox yaxşı var! Rejimə sıxıntılı, çətin çağlarında çoxillik demokratiya imitasiyaları kimi yapma müxalifətlə dialoq-görüş imitasiyası yaratmaq gərəkdir. Olduqca MƏNALI bir siyasət! Bundan ötrü rejimə 14 adı var, özü yox, tanınmayan “təşkilatla” yanaşı, bir neçə TANITDIĞI “təşkilat” da gərəkdi. Onlar DÖRD olmalı idilər, ancaq bir sıra nədənlərə görə ÜÇ oldular. Hələlik…
“Müzakirələr çox effektli keçirildi” (keçirildi! – X.B.) deyən “klassik” liderdən soruşmaq gərəkir: nə üçün siz bu ölkədə demokratiyanı daha da irəlilətmək, ekanomikanı daha da gəlişdirmək, sosial bazanı daha da gücləndirmək, Qarabağı qaytarmaq, Azərbaycanın ikiyə bölünməsinin iki yüz illiyi, Batı Azərbaycan topraqlarında “Ermənistan” yaradılmasının yüz illiyi yönündə, ən azı, EFFEKTLI nələrsə etməyi deyil, üstün yurddaşlarımızın bir ucdan tutulub dustaq edilməsini “effektli müzakirə” edirdiz?! Mənə, oxuculara sizin ortadakı siyasi uyqarlığınıza-düşüncənizə uyğun cavabınız gərək deyil. Cavab öz özünə aydındır: 21 illik rejim korrupsiya-repressiya yoluyla bu ölkəni elə yerə gətirib çıxarıb burada rejim adamları ilə üç saat oturub boş-boşuna danışmaq da “çox effektli” iş sayılır. Yeri gəlmişkən, rejim adından sizinlə dialoq-görüş oyunu quran Ə.Həsənov 2013-ci il seçkisi qabağı üzünü müxalifətə tutaraq açıq-açığına demişdi: “Hakimiyyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Bunun açması: xalqı qırarıq, hakimiyəti əldən vermərik! Uzun illərin görsənişlərindən göründüyünə görə, sizin hakimiyəti dəyişmək – hakimiyətə gəlmək istəyiniz olmadığından dialoq-görüş yollarında inamla irəliləyə bilərsiz. Ancaq… ən azı, bundan sonra qınaq obyektlərinizi düzgün seçin, “əbləh”, “məntiqsiz” anlayışlarına anlayışla yanaşaraq onların yerini bilin…
Son olaraq. Müxalifətin güclü-gücsüz olmasından asılı olmayaraq bu rejimlə yalnız suçlarını dilə gətirərək, indiyədək tutduğu yoldan açıq bildirməklə dönərsə, yaxınlaşma, dialoq-görüş yararlı sayıla bilər.