Cahangir Hacıyev Şəkini itirdi

Şəhər ədliyyə naziri Fikrət Məmmədovun əlinə keçdi

Şəkinin icra başçısı Murad Cabbarlının vəzifədən çıxarılmasının səbəbləri barədə maraqlı məlumatlar əldə etmişik. Məlumatlarda bildirilir ki, Murad Cabbarlının işdən çıxarılması oliqarxların Şəki uğrunda apardığı mübarizənin təzahürüdür.
Oxucuların diqqətinə çatdıraq ki, Şəki Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin kurasiyasına verilmişdi. Bu baxımdan Şəkinin icra başçıları Cahangir Hacıyevə yaxın şəxslər olub. Murad Cabbarlı da Beynəlxalq Bankın prezidentinin yaxın çevrəsinə daxil idi. Lakin əslən Şəkidən olan məmurlar, xüsusilə ədliyyə naziri Fikrət Məmmədov və baş nazirin müavini Abid Şərifov bu şəhəri Cahangir Hacıyevin əlindən almağa çalışırdılar. Zaman-zaman bu məsələ ilə bağlı onların arasında ziddiyyətlər olub. Lakin Cahangir Hacıyev hakim ailə ilə yaxınlığına görə həmişə Şəki uğrunda mübarizədə üstünlüyə malik olub. Son vaxtlar isə Cahangir Hacıyevin mövqeləri xeyli zəifləyib. Bundan istifadə edən Fikrət Məmmədovla Abid Şərifov Şəkini ələ keçirmək üçün səylərini bir qədər də artırıblar. Bir neçə ay əvvəl Şəkidə sahibkar Hikmət Səlimovun intiharı isə Cahangir Hacıyevi “vurmaq” üçün Fikrət Məmmədovla Abid Şərifovun əlinə fürsət verib.
Məlumatlara görə, Murad Cabbarlı özünü sığortalamaq üçün müavini Eldəniz Qəhrəmanovla, baş memar Yusif Abdurrəhmanovu qurban versə də, sona qədər özünü qoruya bilməyib. Yəni, Murad Cabbarlının işdən çıxarılması sözügedən intihar hadisəsi zamanı baş verən proseslərin davamıdır.
Məlumatlarda deyilir ki, Murad Cabbarlını əvəz edən Elxan Usubov Fikrət Məmmədova yaxın şəxsdir. Bundan əvvəl Ağstafa rayonunun icra başçısı olan Elxan Usubov məhz ədliyyə nazirinin təqdimatı ilə Şəkinin rəhbərliyinə gətirilib.
Beləliklə də, Cahangir Hacıyevin Şəkidəki hakimiyyətinə son qoyulub.

İnformasiya şöbəsi