“Müsavatın son mitinqi ən zəifi idi”

“Müsavat kimi böyük bir partiyanın bu cür azsaylı mitinq keçirməsi təəssüf hissi doğurur. Səhv etmirəmsə, bu, Müsavat Partiyasının keçirdiyi mitinqlər içərisində say, vaxt və əhval-ruhiyyə baxımından ən zəifi idi”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Vurğun Əyyub partiyanın dekabrın 14-də keçirdiyi mitinqə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, mitinqin təşkilində də qüsurlar olub və təşkilatçılar bu barədə ciddi düşünməlidirlər. V. Əyyub mitinqin zəif keçməsinə partiyadakı narazılıqların də təsir etdiyini vurğulayıb: “Mən mitinqdəki vəziyyətin müzakirə edilərək, bir nəticəyə gəlinməsinin tərəfdarıyam. Təbii ki, ilk baxışda görünən odur ki, partiya daxilində ciddi narazılıqların olması mitinqin əhval-ruhiyyəsinə də təsir edib. Ancaq səbəblər yalnız bu deyil”.