“Yeni Müsavat”ın 14 dekabr ironiyası

Müsavat partiyasının 14 dekabr mitinqi arxada qalsa da, Rauf Arifoğlunun qəzeti və başçılıq etdiyi saytlar susmaq bilmir. Dörd gün ərzində yazılan 20-dən çox məqalənin süjet xəttini ümumi olaraq belə xarakterizə etmək olar: “Müsavatın mitinqi sönük keçdi, AXCP və iqtidar buna sevinir…” 

Rauf Arifoğlunun başında durduğu qəzet və saytlarda gedən məqalələrdə sitat gətirilməsə də, elə ab-hava yaradılır ki, guya AXCP və “Azadlıq” qəzetı ölkənin problemlərini bir kənara atıb mitinqi məsxərəyə qoymaqla məşğuldur. Əslində məsələ başqa cürdür. Yəni Rauf Arifoğlu və komandası 14 dekabr mitinqini və bütövlükdə Müsavat rəhbərliyini ələ salır…

“Azadlıq” qəzetində 14 dekabr mitinqi haqda cəmi iki yazı gedib – biri mitinq icazə verilməsi haqqında, ikincisi isə mitinqdən ironiyasız reportaj. Vəssalam. 

Mitinqdən bir gün əvvəl “Yeni Müsavat” və minval.az (bu saytın sahibi Rauf Arifoğlu, baş redaktoru isə… Isa Qəmbərin oğludur – X.Ə.) “Müxalifət necə siyasi fantoma çevrildi”(!) adlı geniş manşet yazısı dərc edildi… 

Illər oncə başıma gələn bir əhvalatı qısaca sizə danışmaq istəyirəm. Bankdan kredit götürmək istəyən tanışlarım, adıma daşınmaz əmlak olduğu üçün zamin qismində ora aparırdılar. Yol boyu amansız kredit şərtlərindən danışan dostlar, götürəcəkləri məbləğin geri qaytaracaqlarına elə bir inamsızlıq ifadə etdilər ki, mən fikrimdən vaz keçdim. Və onlar da fikrimə hörmətlə(!) yanaşdılar…

Qəzetdə və saytda gedən bu məqalənin məhz Müsavatın mitinqindən bir gün əvvəl, 13 dekabr tarixində işıq üzü görməsi heç təsadüfi deyil. Nədənsə AXCP-ni, “Azadlıq” qəzetini ittiham edən(!), tükü-tükdən seçən Müsavat funksionerləri buna münasibət bildirmədilər. Məqalədən bir sitat gətirmək istəyirəm, buyurun: “Bu gün cəmiyyət, faktiki müxalifəti unudub, ona marağı yoxdur, çünki verdiyi etimad kreditini düşərgə xərcləyib qurtarıb; müxalifət həm seçkilərdə qələbə, həm də situasiyanı inqilabi yolla dəyişmək şansını xeyli itirib”…

…Bu yazıdan sonra durub deyirlər ki, “mitinqə dəstək verdik”. “Yeni Müsavat”ın baş redaktorunun mitinq canfəşanlığından “duyğulanan” Pənah Hüseyn yəqin ki, bu yazını oxuyub. Allah eləməmiş, belə bir yazı, buraxın mitinqöncəsi, ümumiyyətlə, nə vaxtsa “Azadlıq”da getsəydi, təsəvvür edirsinizmi, Müsavat funksionerləri və Pənah bəyin kəndisi nələr deyərdilər…

Mitinqdə təxminən 30 nəfər sıravi AXCP üzvü də iştirak edirdi. Mitinq iştirakçılarının ümumi sayını nəzərə alsaq, bu heç də kiçik rəqəm deyil. Müqayisə üçün deyək ki, Müsavat partiyası Mingəçevir şöbəsi mitinqdə cəmi 5 nəfərlə təmsil olunmuşdu (məlumat “Yeni Müsavat” qəzetindən götürülüb). 

Mitinqdəki AXCP üzvlərinin sayı “Yeni Müsavat” əməkdaşlarından ən azı üç dəfə çox idi… 

Açıq aşkar görünür ki, AXCP-Müsavat qarşıdurmasında məhz Rauf Arifoğlu maraqlıdır. Sıravi cəbhəçilərin “Feysbuk”dakı statuslarından həvəslə istifadə edən qəzet, Müsavatın gənc funksionerlərini də tora salmağı bacarır, onlardan AXCP əleyhinə açıqlamalar alır.

Ixtisasca şərabçı-dequstator(!) olan Rauf Arifoğlu və onun bir neçə zootexnik, aqronom olan əməkdaşları ölkənin iki əsas siyasi qüvvəsi arasında nifaq toxumları əkməkdə davam edir. Digər şərabçı(zootexnik də ola bilər – X.Ə.) Xalid Kazımlı son yazısında 14 dekabr mitinqinə işarə edərək, Müsavat partiyasını “ağzı lehimlənmiş içi su ilə dolu səhəngə” (?) bənzədib. Yazır ki, bir gün partlayacaq. Bənzətmə gülməli olsa da, inanırıq ki, partiya bir gün “rauf arifoğlu” lehimindən, “probka”dan azad olacaq. 

Yəqin bu uzun sürməyəcək. Müsavatın potensialı həqiqətən də 14 dekabr mitinqi ilə ölçülməməlidir. Partiyanın sıravi üzvləri arasında çoxlu dost-tanış, əqidə dostlarım var. Onların əksəriyyətini bu mitinqdə görmədim. 

Onlar Rauf Arifoğlu və onun partiyadakı əsabələrinin müəyyənləşdirdiyi standartları qəbul etmirlər. Özünüz təsəvvür edin, bu günə qədər rejimə qarşı müxalifətdə olan böyük bir topluma deyirlər ki, sən artıq “fantoma”san, yəni xəyalsan, zombisən. Biz səni yenidən “yığacağıq”, məsləhət olarsa, mülayim müxalifətçi obrazında təqdim edəcəyik. 14 dekabr əyani şəkildə göstərdi ki, sıravi əksər müsavatçılar bununla barışmırlar. Fikrimcə, Müsavat rəhbərliyi bundan ciddi nəticə çıxarmalı, Rauf Arifoğlunun hədəf yayındırması ilə təsəlli tapmamalıdır.

Yaxşı rəqqas heç vaxt bəhanə axtarmır…