«Qaçqınkom»la Qərbi azərbaycanlıların davası bitmir

Mahal İsmayıloğlu: Hadisələrin arxasında çox ciddi məsələlər dayandığından, ortaya qoymağa arqumentləri yoxdur»

Bir müddət əvvəl Qərbi Azərbaycanlıların Deportasiya Qurbanları Mərkəzi ilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) arasında qalmaqal yarandı. Buna səbəb mərkəzin üzvləri Eldar Namazovla Firudin Cəlilovun Ermənistandan deportasiya olunmuş 220 minədək soydaşımızın sənədlərinin məhv olunması barədə açıqlaması idi.
Öz növbəsində “Qaçqınkom” sədri Əli Həsənov buna sərt reaksiya verərək adıçəkilən şəxslər barədə MTN və DIN-ə müraciət edəcəyini bildirdi. Bəs hazırda məsələ nə yerdədir? Sənədlərin ortaya çıxarılması üçün hər hansı addım atılıbmı?
Mərkəzin üzvü, tanınmış jurnalist Mahal Ismayıloğlu hələ ki, heç bir yeni məlumatın olmadığını deyir: “Görünür, bu hadisələrin arxasında çox ciddi məsələlər dayandığından, ortaya qoymağa arqumentləri yoxdur”.
M.Ismayıloğlunun sözlərinə görə, belə davranış təkcə Qərbi Azərbaycandan qaçqın düşənlərə deyil, bütövlükdə Azərbaycan xalqına münasibətin göstəricisidir.
Əli Həsənovun Eldar Namazov və Firudin Cəlilovla bağlı DIN və MTN-ə müraciət edib-etmədiyini öyrənmək üçün “Qaçqınkom”un mətbuat xidmətinə müraciət etdik. Lakin orada bu barədə məlumatsız olduqlarını bildirdilər.

Fizzə