70 yaşlı Fatma Qarayeva məhkəmədə ilginc faktlar açıqladı
Nəyin bahasına olursa olsun, dekabrın sonuna qədər Gültəkin Hacıbəylini cəzalandırmaq haqda qərar verilib
Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə proses Yasamal Rayon Məhkəməsində davam edib. Xatırladaq ki, Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmış keçmiş baldızı Aynur Mehdiyeva insan alveri və əməyin istismarı cinayətlərinə görə bu yaxınlarda məhkum olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində bir il sınaq müddəti olmaqla, 8 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası çıxarılıb.
Törətdiyi cinayətin ağır olmasına baxmayaraq, heç bir ciddi hüquqi əsas olmadan həbsdən yayındırılan Aynur Mehdiyeva Gültəkin Hacıbəyliyə qarşı iddiası üzrə məhkəmə iclaslarındakı çıxışlarında təqsirləndirilən şəxs olduğunu, ona insan alveri faktı üzrə ittiham elan edildiyini, barəsində qətimkan tədbiri seçildiyini dəfələrlə danıb. Halbuki, onun yalan danışdığını sübut edən məhkəmə hökmü, ittiham aktı var.
Ümumiyyətlə, Aynur Mehdiyeva bütün proses boyu aqressiv davranışı, qeyri-etik ifadələri, Gültəkin Hacıbəyli və onun vəkillərinə qarşı təhqirləri ilə etirazlara səbəb olsa da, nədənsə, hakim Sərdar Mehrəliyev ona münasibətdə son dərəcə dözümlü davranır. Ona, hətta irad da bildirməkdən sanki çəkinir.
Aynur Mehdiyeva iddia edir ki, Gültəkin Hacıbəyli onun ağır cinayətdə ittiham olunaraq saxlanıldığını deməklə ona böhtan atıb. Halbuki, bu barədə xəbər Daxili Işlər Nazirliyinin rəsmi saytına istinadən bir sıra mətbuat orqanlarında yayılıb. Aynur Mehdiyeva isə deyir ki, bu haqda məhkəməyə təqdim olunan sənədlərin, dəlillərin ona “heç bir dəxli yoxdur”. Açıq şəkildə bildirir ki, “kefi belə istəyir və Gültəkin Hacıbəyli cəzalandırılmalıdır”.
Gültəkin xanım və vəkilləri dəfələrlə məhkəmədə onun müxalifət qurumunu təmsil etdiyinə görə Azərbaycan Konstitusiyasının 47-ci və Avropa Konvensiyasınn 10-cu maddələrində təsbit olunan ifadə azadlığı hüququnun məhdudlaşdırılmasının yolverilməz olduğunu, KIV haqqında qanunun 62.3-cü maddəsinin tələbinə görə, mətbuatda yayılan xəbərin təkrar istifadəsinə görə məsuliyyət nəzərdə tutulmadığını bildiriblər. Lakin Sərdar Mehrəliyev 8 il 6 ay şərti həbs cəzası alan insan alverçisinin “saxlanılıb buraxılması” haqda mətbuata istinadən deyilmiş sözlərdə hansı cinayət tərkibinin olması haqda Gültəkin Hacıbəylinin sualına bugünədək məhkum Mehdiyevanın “əcəb eləmişəm, kefim belə istəyir” məntiqindən kənara çıxan izahat verə bilməyib.
Qeyd edək ki, iddia üzrə digər xüsusi ittihamçı da Aynur Mehdiyevanın qardaşı, Gültəkin xanımın keçmiş həyat yoldaşı Mahmud Mehdiyevdir. O, mayın 17-də Beynəlxalq Mətbuat Mərkəzində keçmiş həyat yoldaşı, eyni zamanda oğlunun anası olan Gültəkin xanımın əleyhinə mətbuat konfransı keçirərək, onu bir sıra ağır cinayətlərin törədilməsində ittiham etmiş, iyrənc böhtanlar atmış, şərəf və ləyaqətini aşağılayan açıq təhqirlər səsləndirmişdi. Elə həmin Yasamal rayon məhkəməsi Mehdiyevin bu açıq böhtanlarının bir qisminə bəraət vermiş, digər böhtan və təhqirlərin məsuliyyətini isə “Səs”, “Palitra”, “Gündəlik Teleqraf”, “Kaspi” və s. hakimiyyətyönlü media orqanlarının üzərinə atmışdı. Eləcə də, Mehdiyev həmin ifadələrin ona məxsus olduğunu danaraq, bütün təhqir və böhtanları medianın uydurması kimi qələmə vermişdi.
Gültəkin Hacıbəyli həmin qərardan apellyasiya şikayəti verməklə yanaşı, həmin media orqanlarını da xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşır.
Yeri gəlmişkən, Mahmud Mehdiyev Gültəkin Hacıbəyliyə qarşı mətbuat konfransı keçirəndən, onu məhkəməyə verəndən, həmçinin hökumətyönlü mediada ünvanına təhqiramiz ifadələr səsləndirəndən sonra vaxtilə qovulduğu prokurorluq orqanlarına yenidən işə götürüldü. O, 2010-cu ildə baş prokuror Zakir Qaralovun əmrilə “prokurorluq əməkdaşına yaraşmayan hərəkətə görə” qovulduğu sistemə müstəntiq vəzifəsinə qaytarılmaqla mükafatlandırıldı.
Nə qədər gülünc səslənsə də, Mahmud Mehdiyev Gültəkin Hacıbəylinin ona dediyi “pis idimsə, niyə yalvarırdın ki, getməyim” və “məndən maddi cəhətdən asılı idi” ifadələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.
Aynur Mehdiyeva və qardaşının iddiası üzrə keçirilən dünənki məhkəmə iclasında Gültəkin Hacıbəylinin anası Fatma Qarayeva şahid qismində ifadə verib. Hakim ona yalan ifadə verməyə görə məsuliyyətini xatırladarkən Gültəkin Hacıbəyli onun yadına salıb ki, bəs qarşı tərəfin açıq-aşkar yalanlarına niyə göz yumur: “Siz xüsusi ittihamçıların heç birinə ifadə verərkən yalan danışmağa və ifadə verməkdən imtinaya görə məsuliyyətlərini xatırlatmadınız. Hər iki xüsusi ittihamçının dəfələrlə məhkəmədə yalan ifadə verməsi sübuta yetirilmiş faktdır. Müdafiə tərfinin şahidinə qarşı bu ayrı-seçkiliyinizə etiraz edirəm”.
Hakim Sərdar Mehrəliyev xüsusi ittihamçıların iltizama imza atdıqlarını bildirib. Gültəkin Hacıbəyli yenə etiraz edib: “Onlar yalnız iltizama imza atıblar, onlara heç bir şifahi xəbərdarlıq edilməyib. Bunu prosesin videoçəkilişinə baxmaqla da təsdiqləmək olar”.
Fatma Qarayeva Mahmud Mehdiyevin daim Gültəkin Hacıbəylidən pul, ev, maşın tələb etməsi, qarşısına maddi tələblər qoyması, ayrılmağa imkan verməməsi, hətta bunun qarşısını almaq üçün Mahmud Mehdiyevin damarlarını kəsdiyinə görə cərrahiyyə əməliyyatı keçirməsi, qızının evdən yalnız polisin köməyilə çıxa bilməsi, eləcə də Mahmud Mehdiyevin ailədə qeyri-insani və alçaldıcı rəftarı barədə ifadə verib.
Fatma Qarayeva ifadə verərkən Mehdiyevlər özlərini əvvəlki məhkəmə iclaslarındakı kimi aparıblar. Onlar 70 yaşlı qadının ifadə verməsinə maneə törətməyə çalışıblar, hakim isə seyrçi mövqe tutmağa üstünlük verib.
Mahmud Mehdiyev və bacısının Fatma Qarayevanı təhqir etməsi isə məhkəmədə konflikt yaradıb. Hakim isə yenə də konfliktin yaranmasına səbəb olan Mehdiyevləri yox, Fatma Qarayevanı ittiham edib: “Xüsusi ittihamçı təhqir edə bilər, siz şahidsiniz, cavab verməməlisiniz”.
Gültəkin Hacıbəyli məhkəməyə müraciət edərək, Sərdar Mehrəliyevin bu sözlərinin protokola yazılmasını xahiş edərkən hakim fikirlərinə düzəliş edib: “Tərəflər bir-birini təhqir edə bilər, şahid isə tərəfləri təhqir edə bilməz”.
Hakimin aşkar qərəzli davranışı bununla da bitməyib. Onun şahidə dediyi “mən bilirdim ki, siz belə ifadə verəcəksiniz, ona görə də ifadənizi qiymətləndirərkən bunu nəzərə alacağam” fikri Gültəkin Hacıbəylinin etirazına səbəb olub:
– Siz mənim anamın belə ifadə verəcəyini haradan bilirdiniz?
Hakim:
– Mən hiss etmişdim.
– Bunu necə hiss edə bilərdiniz? Telepatiya ilə?
Bu suala isə hakim cavab verə bilməyib.
Göründüyü kimi, hakim şahidin ifadəsini dərhal qiymətləndirməklə və faktiki olaraq nəzərə alınmayacağını deməklə sübutların məhkəmə baxışında qiymətləndirilməsinin yolverilməzliyi prinsipini kobud şəkildə pozub.
Bundan başqa, Gültəkin Hacıbəyli xüsusi ittihamçılara ünvanladığı suallara yazılı cavab istəyib. Bildirib ki, onun sualları cavablandırılmadığı üçün hələ də ittihamın nədən ibarət olduğu anlaşılmazdır, bu səbəbdən müdafiəsini qura bilmir.
Hakim:
– Sizin suallarınıza cavab verilib.
Gültəkin Hacıbəyli:
– Mənim bütün suallarıma “əcəb etmişəm, kefim belə istəyir, bu boş sualdır, bu mənasız sualdır, cavab vermirəm” şəklində cavablar verilib. Ya bu suallara xüsusi ittihamçılar belə də cavab yazıb rəsmi qaydada mənə təqdim etsinlər, ya da protokolda həmin suallara cavab olan hissələri mənə təqdim edin. Bu prosesi şəxsimə qarşı mənəvi işgəncəyə çevirmisiniz. Gec-tez buna görə məsuliyyət daşıyacaqsınız. Odur ki, suallarıma “şərəf və ləyaqət” davası döyənlərin “əcəb etmişəm” tipli cavablarının hamısı protokolada əks olunmalıdır.
Məhkəmə prosesi bu gün davam edəcək. Hakimin davranışlarından isə belə nəticəyə gəlmək olurdu ki, nəyin bahasına olursa olsun, Gültəkin Hacıbəylinin barəsində ittiham hökmü çıxarılmalıdır və proses dekabrın sonunadək yekunlaşmalıdır.
Azad Akifoğlu


