Aprelin ortalarından bu yana Ukraynanın şərqində azı 4707 insan həlak olub. BMT-nin məlumatında belə deyilir.
BMT-nin Ukraynada İnsan haqları Monitorinq Missiyasının son 8 ayı əhatə edən hesabatına görə, deyilən müddət ərzində 10322 insan müxtəlif dərəcəli xəsarətlər alıblar.
Dekabrın 15-i Kiyevdə hesabatla bağlı açıqlamasında BMT Baş katibinin insan haqları üzrə köməkçisi Ivan Simonovic deyib ki, azı 1357 nəfər sentyabrın 5-i müvəqqəti sülh sazişi bağlanandan bu yana öldürülüb.
Hesabatda o da deyilir ki, münaqişə zonasında yaşayan 5,2 milyon sakinin həyatı qışın gəlişi ilə getdikcə daha da pisləşir, yerli infrastruktur məhv edildiyindən insanlar soyuq havada susuz, istiliksiz qalıblar.
Kiyev və Rusiyayönlü separatçılar Avropa və Rusiya diplomatlarının da iştirakı ilə sülh danışıqları keçirməklə bağlı növbəti – dördüncü razılaşmalarını ötən həftə yenidən pozdular. (azadliq.org)