Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Keçən həftə “iqtidar-müxalifət dialoqu” keçirildi. Burada iki məqam diqqət çəkir.
Birinci, yapçılar dünənəcən deyirdilər ki, ölkədə müxalifət yoxdur, hamı hakimiyyətin ətrafında sıx birləşib, amma indi həmin o olmayan müxalifətlə dialoq keçirirlər. Bunlar bir azdan Xəzər dənizində olmayan balina ovuna da çıxarlar.
Ikinci, mən dialoqa gedənlərin tərkibinə baxdım, orada həqiqətən müxalifət yox idi. Əli Əliyev, Fuad Əliyev müxalifətdirsə, mən də kosmonavtam, hətta bu yazını da sizə uzaq Marsdan yazıram.
Həmin bu gülməli “iqtidar-müxalifət dialoqu” öz bəhrəsini verməyə başlayıb: srağagün siyasi məhbuslardan Rəsul Cəfərova 2, Intiqam Əliyüevə isə 1 əlavə ittiham irəli sürülüb. Gözəl nəticədir. Dialoq vicdan məhbuslarına Cinayət Məcəlləsinin bütün maddələri ilə ittiham sürülənədək, çöldə bir nəfər də siyasi fəal, ictimai aktivist, tənqidçi yazar qalmayanadək, onlar hamısı türməyə doldurulanadək davam etməlidir.
Yəqin davam edəcək də. Bunda qeyri-adi heç nə yoxdur. Rejim hüquq və azadlıq adına qalan nə varsa, hamısını silib-süpürməkdə israrlıdır. Təəccüblüsü bunca olub-bitənlərdən sonra belə hələ də yaptokratiyanın mahiyyətindən xəbərsiz şəkildə ondan müsbət gözləntidə olanlardır. Belələri gülməli vəziyyətə düşməyə məhkumdurlar. Siyasi məhbuslarla bağlı işçi qrup yaradılmasını xatırlayın. Elə təqdim edirdilər ki, guya böyük iş olub, rejim artıq avtoritarizmdən demokratiyaya doğru iri və iti addımlarla irəliləyəcəkdir. Nəticə? Siyasi məhbus problemini çözməli olan işçi qrup yaranandan sonra siyasi məhbus siyahısı bir az da böyüdü, ora Xədicə Ismayıl kimi cəsur jurnalistin, eləcə də başqa bir neçə nəfərin adı əlavə olundu.
Açığı, artıq heç bir şübhəm yoxdur ki, YAP rejimi ondan müsbət nə isə gözləyənlərlə məzələnir, onları ələ salır. Yoxsa dialoq, işçi qrup söhbətlərinin yeni həbslərlə, təzə ittihamlarla müşayiət edilməsini başqa nə ilə izah etmək mümkündür?
Mən məlum dialoqda müxalifət adına hətta kimlərin iştirak etdiyini də bir kənara qoyuram. Ümumiyyətlə, axı hər şeyin bir nəfərin iradəsi və istəyi ilə müəyyənləşdiyi, monoloq mühitinin hökm sürdüyü, fərqli heç bir fikrin qəbul edilmədiyi, tənqidçi səslərin boğulduğu ölkədə hansı dialoqdan danışmaq olar?
Bizim ölkədə dialoq vərdişi çoxdan unudulub, hətta bəlkə heç əvvəldən düz-əməlli mövcud olmayıb. Indi bunu yaza-yaza yaddaşımı qurcalayır, bizim torpaqlarda dialoq adına Əbdürrəhim bəy Haqverdiyevin məşhur hekayəsində Mirzə Səfərlə Həsən ağanın qohumu arasındakı dialoqdan qeyri, fərli, düz-əməlli bir dialoq xatırlamıram.
Icazənizlə sizə bu monoloqlar ölkəsindəki monoton həyatınızda uğurlar arzulayaraq, elə yazıya da ustadın qələmə aldığı həmin gözəl dialoqla nöqtə qoyum. Inanın, bu “dialoq-dialoq oyunu” haqda əlavə nə desək artıq olar, mənasız görünər.
Beləliklə, Haqverdiyevin qələmindən tariximizin ilk və hələlik son dialoq hadisəsi:
“ – Mirzə, mənim kağızımı, mümkün isə, yaz aparım.
– Dayan, bu saat yazaram, əlimdə özgə iş var.
– Bilirsiniz, mən Həsən ağanın qohumuyam?
– Doğrudan Həsən ağanın qohumusan?
– Doğrudan.
– Sən Allah, Həsən ağanın qohumusan?
– Vallah, doğru deyirəm.
– Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
– Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam.
– Deyinən sən öl, Həsən ağanın adamıyam.
– Sən öl, Həsən ağanın adamıyam.
– Bəs elə isə gəl min mənim boynuma. Neynəyim Həsən ağanın qohumusan, gözlə, vaxtında kağızın hazır olar, apararsan…”