“Yeni Müsavat”ın hünəri nəyə çatır?

Əli Kərimlini tənqid etmək üçün “ dovşan ürəyi” kifayət edir

Hökumət mətbuatı öz səhifələrini   AXCP və onun lideri Əli Kərimli olmadan təsəvvür edə bilmir. Səbəb çox sadədir. Ürəyi oğurlanmış adamlar ölkədəki acınacaqlı vəziyyətdən, hakimiyyətin korrupsiya əməllərindən, məmurların harın həyatından yaza bilmirlər. Bu adamların “cəsarət limiti”  AXCP-ni tənqid etməklə məhdudlaşır.

Amma yumor hissi fontan verən həmkarlarımız elə mövzulara toxunurlar ki, insanın təəccübü də fontan vurur.

“Yeni Müsavat”ın Elşad Paşasoyu  “ciddi” müşahidələrindən sonra bu qənaətə gəlib ki, Əli Kərimlini tənqid etmək üçün “şir ürəyi” tapmaq lazımdır.  Məsələyə bu məntiqlə yanaşsaq, “Yeni Müsavat”ın redaksiyası “şirlər məkanı”dır. Çünki, bu qəzetdə Əli Kərimlidən yazmaq “ənənə” dir.  

Orta məktəbi orta qiymətlərlə bitirmiş adam da bilir ki, Əli Kərimlini tənqid etmək üçün “sərçə ürəyi” də lazım deyil.  Yəni, ürəyi “tülküləşən” də,  “dovşanlaşan” da, hətta ürəyini itirimiş adam da Əli Kərimlini tənqid edə bilər.  Daha dəqiq ifadə etsək cəsarəti sıfırlaşmış bütün adamlar Əli Kərimlini tənqid etmək üçün yarışa giriblər. 

Bir anlıq  Əli Kərimliyə qarşı döyüşən fərdlərə nəzər salın. Bu adamların sırasında “şir ürəyi” daşıyanlara rast gəldinizmi?  Yoxsa, “Yeni Müsavat” ın  zooloq müxbirinin nəzərində Hafiz Hacıyev, Etibar Hüseynov “ağ atlı oğlan”dır?  

Niyə özünüzü dərdə salmısınız?  Adamlarda “şir ürəyi” axtara-axtara ürəyinizi itirdiyinizin fərqindəsinizmi? 

Bu məqamda bir sual yaranır.  Bəs İlham Əliyevdən, Ramiz Mehdiyevdən, Kəmaləddin Heydərovdan, Ramil Usubovdan yazmaq üçün nə ürəyi lazımdır?  

Çox maraqlıdır. Əli Kərimlini tənqid edən “şir müxbir”lər, yuxarıda adlarını sadaladığımız şəxslərdən yazmamağı  nə ilə əlaqələndirirlər?

Tamam unutmuşdum. Axı, sizin redaktorunuz açıq şəkildə ifadə etmişdi ki, Əli Kərimli ilə İlham Əliyev arasında seçim etməli olsa İlham Əliyevi seçərdi. Ona görədə “üərkli” kollektiv  məmur tayfası qarşısında ürəksizləşib.

Cəbhəçilərin Əli Kərimlini tənqid etmədiyinə gəlincə, bunun çox sadə cavabı var.

Əvvəla, Əli Kərimli böyük əziyyət hesabına yaranmış birliyi tərk etməyib, hansısa məmurun tənqidinə qadağa qoymayıb,  hökumətlə “dilaoq” təşəbbüskarı olmayıb,  fəaliyyətində axsamalar müşahidə edilməyib. Belə olan halda, cəbhəçilər Əli Kərimlini nədə ittiham etməlidir? 

Bəlkə, qərargahın partladılmasına, pasport ala bilməməsinə, qayınının həbsinə görə Əli Kərimlini tənqid etməlidilər. Oxu atıb, yayı gizlətmək nəyə lazımdır. Açıq deyin, Əli Kərimlini nədə ittiham edək? 

Digər tərəfdən, yuxarıda da qeyd etdik ki, Əli Kərimlini tənqid etmək üçün hansısa heyvanın ürəyinə ehtiyac yoxdur. Cəbhəçilər daha çətin işdən yapışıblar. Sizin “baş üstə” dediklərinizə, başağrısı olmağı bacarıblar.

“Şir ürəyi” yeyənlərdən Seymur Həzi, Murad Ədilov, Asif Yusifli, Hicran Qasımov həbsdədir, Rafiq Daşdəmirlinin oğlunu şərləyib həbs ediblər. Amma həbsdə olanlar da, bayırda qalanlar da  “şir ürəyi”ndən imtina etməyiblər.

Əli Kərimlini tənqid etdiyinə görə kiməsə “ şir ürəyi yeyib” deyildiyini müşahidə etməmişəm. Amma İlham Əliyev və komandasını tənqid edənlərə “bunlar şir ürəyi yeyiblər” deyilməsini hər gün eşidirik.

Yəni, hamının şir kimi gördüyü cəbhəçilərdə “dovşan ürəyi” axtarırsınızsa, bu sizin ürəyinizdəki qüsurun göstəricisidir.

Yadımdan çıxmamış bir sual da verim. Rauf Arifoğlunun Əli Kərimli və İlham Əliyev arasındakı seçimi məlumdur. Bəs, özünə lider hesab etdiyi İsa Qəmbərlə İlham Əliyev arasında da seçim edibmi?

Mənim qənaətim belədir ki, edib. Çünki, Müsavatı “Solovki fenomeni” adlandırmasına baxmayaraq, “Yeni Müsavat”ın bir səhifəsini Siyavuş Novruzovun ixtiyarına verdi və Müsavat partiyasının taleyini müzakirəyə çıxardı.  Yəni, “Solovki əsgər”lərini YAP-ın düşərgəsinə təslim etdi.

Amma yenə də cavabınız maraqlıdır.  Müvəqqəti də olsa “şir ürəyi” tapıb cavab verin. 

Akif