Orada baş verənlər qətiyyən yerli rəhbərliyin özfəaliyyəti deyil
Bugünlərdə çox maraqlı bir qonağım oldu. Naxçıvanda şərlənərək həbs edilmiş AXCP fəalı Hicran Qasımovun anası Rəhilə xanım dərdini ölkəyə və dünyaya çatdırmaq üçün Bakıya gəlmişdi. Görüşüb, söhbət etdik. Rəhilə xanım ana həssaslığı ilə Hicran bəyin başına gələnləri danışır, Naxçıvanda tüğyan edən repressiya mühitini təsvir edirdi. Rəhilə xanım danışdıqca, hərdən mənə elə gəlirdi ki, o Naxçıvandan yox, Şimali Koreyadan gəlib.
Hicran bəy əqidəsinə sadiq qaldığı, hətta Naxçıvan şəraitində də həqiqətləri dilə gətirməyə cəsarət etdiyi üçün çoxdan hədəfdə imiş. Onu hədələyirmişlər, o da həbs olunacağını hər gün gözləyirmiş. Ona görə də çox ehtiyatlı, ayıq-sayıq imiş. Hətta “təsadüfi yolçu” kimi maşınına əyləşmiş təxribatçıların maşının oturacağı altına atdıqları “qara bükülünü” də özü hamıdan qabaq aşkarlayıb. Maşını kəndin mərkəzinə sürüb, əlinə əlcək geyinib, qara bükülünü açmadan orada olan 10-15 nəfər adamın gözü qarşısında zibil qabına atıb. Özü də orada “Bu bükülü yəqin ki, təxribat məqsədilə maşına qoyulub. Siz də gördünüz ki, mən bu bükülünü heç açmadan atdım zibilliyə” deyərək bəyan edib.
Amma Hicran bəyin bu ayıq-sayıqlığı da təxribat ssenarisini dəyişməyib. Bir saatdan sonra Hicran bəyi həbs ediblər. Doğmalarının onunla heç bir əlaqəsinə imkan verilməyib. İndi Naxçıvanda rejimlə barışmayan, müstəqil vəkil də qalmadığından Hicran bəyə vəkil tutmaq da mümkün olmayıb. Ailəsi hesab edir ki, ona işgəncə verildiyi üçün Hicran bəyi üzə çıxarmayıblar. Hətta Hicran bəydən xəbər tutmaq üçün DİN-ə şikayətə getmiş anası və həyat yoldaşını da şikayətə cəsarət etdikləri üçün bir gün polisdə saxlamaqla cəzalandırıblar.
Rəhilə xanım həyəcanla danışır ki, Hicran bəyin maşınından çıxardığı “qara bükülünü” zibil qabına atdığını görmüş 10-15 nəfərin hamısı bir-bir qorxudulub. İndi həmin adamlar qorxularından gözləri ilə gördüklərinə şahidlik edə bilmirlər. Yerli “çekistlər” bununla da kifayətlənməyib, Hicran bəyin ailəsi ətrafında da əsl 37-ci il mühiti yaradırlar. Adamları hədələyirlər ki, bu “xalq düşməni” ailəsi ilə əlaqə saxlamasınlar.
Rəhilə xanımı dinlədikcə mən vaxtilə kifayət qədər güclü müxalifətin olduğu Naxçıvanın hansı mərhələlərlə bugünkü duruma salındığını xatırladım.
Hələ ötən əsrin 90-cı illərində yenicə möhkəmlənən rejimin Muxtar Respublikadakı əsas əleyhdarlarından olan Şahmərdan Cəfərov öldürüldi. Ardınca AXC-nin Naxçıvandakı ən güclü rayon təşkilatı olan Şərur təşkilatı repressiyaya məruz qaldı. Yalnız bu rayon təşkilatının 20 nəfərdən artıq fəalı uzun müddətə həbs olundular. Sonra repressiyalar bütövlükdə Naxçıvanı əhatə etdi. AXC-nin o zamanlar Naxçıvan təşkilatının sədri Asəf Quliyev başda olmaqla, daha 30 nəfərdən artıq müxalifətçi uzunmüddətli həbsə göndərildi.
Naxçıvan son illərdə də repressiya labaratoriyası kimi tez-tez ölkə ictimaiyyətinin diqqətini cəlb edir. Bir neçə il bundan qabaq ölkə Bənənyar kəndində həyata keçirilən anti-insani repressiya əməliyyatından şoka düşmüşdü. Həmin hadisələr haqda “Azadlıq” radiosunun xəbərində deyilirdi: “Yanvarın 5-i günorta saatlarından başlayaraq MR daxili işlər nazirinin şəxsən rəhbərliyi ilə 500-dən artıq Daxili Qoşunların və müxtəlif rayonların polisinin əməkdaşları kəndə hücum ediblər. Onlar qoca-uşaq demədən hamını döyüblər, evləri dağıdıblar. 50 nəfər əli dəyənəkli polis əməkdaşı AXCP Culfa rayon şöbəsinin sədri Rza Nuriyevin evinə girib, ailə üzvlərini təhqir ediblər. Baxmayaraq ki, Aşura günü onun oğulları kənddə olmayıb, onları da həbs ediblər”. Bəli, Rza bəy bu şəraitdə həbs edildi. Döyülərək öldürüldü.
Sonralar da Muxtar Respublikadan dəhşətli xəbərlər gəlməkdə davam edirdi. Onların bir neçəsini yadınıza salmaq istəyirəm. AXCP Sədərək rayon şöbəsinin fəalı, 70 yaşlı həkim Ələsgər İsmayılov həbs edildi və zorla Ruhi Xəstəliklər Dispanserinə yerləşdirildi. AXCP-nin Naxçıvan MR şöbə sədri Yaşar Bağırzadə və onun qardaşı, partiya fəalı Zeynal Bağırzadə həbs edildi, bir müddət həbsdə qalmalı oldu. İş adamı Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov müxalifətlə əlaqələrdə şübhəli bilinərək, həbs edildi və işgəncələrə məruz qaldı. Naxçıvanlı hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev döydürüldü. Turac Zeynalovla bağlı baş verənlər daha bir dəfə ölkə ictimaiyyətini silkələdi. Ardınca Naxçıvan rəhbərliyi daha bir anti-insani ilkə imza atıb. Ölkəmizin tanınmış siyasətçisi, hazırda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olan İbrahim İbrahimli bacısı oğlunun yas mərasimindən çıxarılaraq (mərasim dağıdıldı), başına torba keçirildi və döydürüldü. Bir neçə ay öncə isə nəinki ölkə, hətta dünya ictimaiyyəti Naxçıvanlı hüquq müdafiəçisi İlqar Nəsibovun vəhşicəsinə döyülməsinin şokunu yaşadı.
Naxçıvan bugünlərdə yenidən irimiqyaslı repressiyaları ilə gündəmə gəldi. Bu dəfə artıq hədəf dindarlar idi. Bütün məzhəblərdən olan yüzlərlə dindar həbs edilmişdi. Bir çoxları işgəncələrə məruz qalmışdı, məscidlərin qapısına qıfıl vurulmuşdu.
Dostlar, Rəhilə xanım danışdıqca, mənim gözümün önündən keçən bu kədərli tarixçəni paylaşmaqda məqsədim bir neçə məqama diqqətinizi cəlb etməkdir:
1. Bəli, bu gün əksəriyyətiniz razılaşır ki, Naxçıvan artıq Şimali Koreya standartlarına çox yaxınlaşıb. Lakin bu ona görə deyil ki, orada müxalifət zəif olub, sadəcə ardıcıl, sistemli repressiya, mətbuatdan və xarici diplomatların gözündən uzaq olmaq öz işini görüb. Əgər 2013-14-cü illərdə Bakıda xüsusilə güclənmiş repressiyaları durdura bilməsək, repressiya olunmuşları tək buraxsaq, hərə qaçıb öz canını qurtarmaq istəsə, Bakı da, bütün Azərbaycan da Naxçıvanın vəziyyətinə salına bilər.
2. Naxçıvanda baş verənlər qətiyyən Naxçıvan rəhbərliyinin özfəaliyyəti deyil. Biz bu gün Naxçıvanda İlham Əliyevin bütövlükdə Azərbaycanda görmək istədiyini görürük. Əks təqdirdə, niyə Vasif Talıbov durdurulmur? Nəyə görə Naxçıvanda baş tutmuş bir çox “uğurlu” təcrübələr Bakıda, digər rayonlarda tətbiq olunur?
3. Hazırkı rejimdə bəzi kilid adamlar Naxçıvan əsillidir. Buna görə də yanlış olaraq bəzi sadəlövh soydaşlarımız rejimə qarşı olan neqativ münasibətlərini bütövlükdə naxçıvanlılara yönəltmək istəyirlər (naxçıvanlıları öz girovuna çevirmək istəyən rejim özü də bunda maraqlıdır). Ayıq olmaq, başa düşmək lazımdır ki, bu rejimdən ən çox ziyan görən, boşaldılan, maddi sıxıntı içində yaşayan Naxçıvan və əzilən naxçıvanlılardır. Rejim problemi isə, artıq böyüyüb, regional deyil, ümummilli problemdir. Bu qədər şişmiş problemi isə biz yalnız millət olaraq ümumi səylərimizlə həll edə bilərik və həll edəcəyik!



