Azərbaycan hakimiyyətini insan haqları öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün Avropa Birliyinin güclü müdaxiləsi lazımdır
Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçı qrupu Azərbaycanda araşdırmaçı jurnalistin həbsini pisləyən bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Xədicə İsmayılın həbsi Azərbaycanda mətbuat azadlığı ilə bağlı vəziyyətin nə qədər narahatedici olduğunu göstərir. Qrup Xədicə İsmayılın dərhal azad olunmasını tələb edir və Azərbaycan hakimiyyətini jurnalistlərə, insan haqları müdafiəçilərinə qarşı təqiblərə son qoymağa çağırır. “Hesab edirik ki, Xədicə İsmayılın həbsinin gerçək səbəbi onun hakim siyasi elitanın korrupsiya əməlləri ilə bağlı araşdırmalarıdır”, – deyə bəyanatda vurğulanır.
Avropa Parlamentinin üzvü, bu qrupun xarici əlaqələr üzrə koordinatoru Çarlz Tannok deyib ki, Xədicə İsmayılın həbsindən son dərəcə narahatdırlar. Bu həbs Azərbaycan hakimiyyətinin insan hüquq və azadlıqlarını açıq şəkildə pozmasının göstəricisidir.
Avropa Parlamentinin digər üzvü Robert Zile bildirib ki, Azərbaycan hakimiyyətini insan hüquq və azadlıqları ilə bağlı öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün Avropa Birliyinin güclü müdaxiləsi lazımdır.
azadliq.info



