Hakimiyyətin qadınlarla müharibəsinin xeyli nümunələri var
“Bəzi KIV-də həqiqətə uyğun olmayan, gülünc məsələ irəli sürülüb ki, guya ona yemək, dərmanlar verilmir. Bu, nə Azərbaycana, nə də azərbaycançılığa uyğun olmayan məsələdir. Təqsirləndirilən şəxs Leyla Yunus digər təqsirləndirilən şəxslərlə bir yerdə saxlanılır. Ona heç bir təzyiq olmayıb və ola da bilməz. Onun xəstəliyi yoxdur. Sadəcə o, əvvəllər də özünü tərbiyəsiz aparırdı, həkimlərə ağır sözlər deyib təhqir edib. Bu, onun yaşayış üsuludur və biz onu başa düşürük”. Bunu, Ədliyyə nazirinin müavini, Pentensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev söyləyib.
Bir ölkənin ədliyyə generalı belə düşünürsə, ömrünün 30 ilini insan hüquqlarının müdafiəsinə həsr etmiş şəxsə “tərbiyəsiz” deyirsə, bu ölkənin necə idarə olunduğu aydındır. Bu hakimiyyətin “girov”una çevrilmiş bütün adamlar “Leyla Yunus cinayətkardır” sözünü əzbərləmək məcburiyyətindədir. Istintaqı başa çatmamış, məhkəmə hökmü olmayan şəxsi “vətən xaini”, “ermənipərəst” adlandıracaq qədər “qüdrətli” ədliyyə sistemimiz var.
Mədət Quliyev deyir ki, mətbuatda səslənən fikirlər yanlışdır və bu, azərbaycançılığa sığmaz.
Cənab Quliyev, baş verənlər göstərir ki, bu ölkədə bütün pislikləri harasa sığışdırmaq olur. Bu, təkcə Leyla Yunusla bağlı deyil ki, yalan olduğunu düşünək.
Naxçıvanda Turac Zeynalovun başına gələnləri, onun həyat yoldaşına qarşı iyrənc əməliyyatları heç kim unutmayıb. Gültəkin Hacıbəylini övladı ilə şantaj etmək cəhdini, Kəmalə Bənənyarlıdan işgəncə ilə ifadə alınması da hamının yadındadır.
Bir neçə gün öncə cəbhəçi fəalın anası və həyat yoldaşının polis bölməsinə aparılması, psixoloji təzyiqlərə məruz qalması da faktdır. Xədicə Ismayıla qarşı biabırçı cinayət işinin açılması isə bütün dünya mətbuatının gündəminə çevrilib.
Yəni bu hakimiyyətin dövründə mentalitet, azərbaycançılıq çoxdan tapdalanıb. Artıq qadınlara qarşı da ən iyrənc mübarizə metodlarından istifadə edilir. Bu hakimiyyət bütün pislikləri özünə yaraşdıra bilib.
Mədət Quliyev deyir ki, tərbiyəszilik Leyla Yunusun yaşayış tərzidir. Həqiqətən də bu hakimiyyət və onun kadrları üçün insanı müdafiə etmək tərbiyəsizlikdir.
Mədət Quliyev deyir ki, guya Leyla Yunus həkimlərə ağır cavab verib. Görəsən, nə qədər ağır cavab imiş? Gecə-gündüz telekanallarda, hökumət qəzetlərində Leyla Yunus haqqında deyilənlərdən dahamı ağır cavab verib?
Hökumət saytlarında Leyla Yunusn bütün etik normalardan kənar olan karikaturaları yayımlanır, bu qadın haqqında ən tərbiyəsiz ifadələr işlədilir. Bəs, bu tərbiyəsizliyə görə kim məsuliyyət daşıyır?
Ədliyyə generalının bir qadınla bağlı bu qədər qərəzli və absurd münasibətini necə izah edək?
Heç bir əsas olmadan, siyasi sifariş əsasında həbs olunmuş 60 yaşlı hüquq müdafiəçisini borclu çıxarmaq da azərbaycançılıqdırmı?
Leyla Yunusa bundan artıq necə təzyiq etmək istəyirsiniz?
Bir daha Mədət Quliyevin nəzərinə çatdırmaq istəyirik ki, hakimiyyətin müharibə apardığı qadınların siyahısı genişdir və yuxarıda da bir neçə nümunə ilə buna işarə etdik. Ona görə də unutqanlıq edib “azərbaycançılığa uyğun olmayan” ifadəsini işlətməyə ehtiyac yoxdur.
Akif


