Okruaşvili ölkəyə buraxılmadı; Saakaşvili isə Putin olmadığını söylədi
Gürcüstan paytaxtında prezident Mixail Saakaşvilinin istefası tələbiylə mitinqlər davam etdiyi vaxt ölkə müxalifəti arasında parçalanma yaranıb.
Keçmiş müdafiə naziri İrakli Okruaşvilinin liderlik etdiyi “Gürcüstan Partiyası”nın təmsilçiləri ilə eks spiker Nino Burcanadze arasında davam edən iki günlük danışıqlar zamanı bəzi məsələlərdə razılıq əldə olunmayıb. Okruaşvilinin tərəfdarları Saakaşvilinin iqamətgahı qarşısında etiraz aksiyası keçirməkdən də imtina edib.
Bu arada “Qruziya Online” xəbər portalının yaydığı məlumata görə, İrakli Okruaşvili Şimali Qafqaz ərazisindən Gürcüstana keçə bilməyib. Nəticədə o, Soçiyə geri qayıdıb. Xəbərdə deyilir ki, srağagün müxalifət lideri onu müşahidə edən şəxslərlə Şimali Osetiyaya gedib. İnquşetiya, Çeçenistan və Dağıstan əraizlərindən Gürcüstan sərhədd xüsusi olaraq mühafizə edilib. Buna görə də Okruaşvilinin planları dəyişib. Sayta danışan mənbə bildirib ki, Okruaşvilinin Gürcüstana giriş üçün başqa yolu olmayıb.
Keçmiş nazirin tərəfdarları dünən Tbilisidə brifinq keçirərək Okruaşvilinin Gürcüstana qayıtmaq planlarının təxirə salındığını elan ediblər. Ölkə telekanallarından birinə müsahibə verən müxalifət liderlərindən biri, keçmiş müdafiə nazirinin mayın 25-də Gürcüstana qayıdacağını və həmin gün Saakaşvili hakimiyyətinə son qoyulacağını bəyan etsə də, Okuraşvili Gürcüstana daxil ola bilmədiyini söyləyib.
Gürcüstan prezidenti Mixail Saakaşvili ona qarşı etiraz aksiyalarının keçirilməsinə və ölkə müxalifətinin təlblərinə münasibət bildirib. Ukrayna telekanalına müsahibə verən Saakaşvili üçüncü müddətə prezident seçilmək niyyətində olmadığını söyləyib.
Rusiyanın keçmiş prezidenti Vladimir Putin kimi baş nazir postu tutmaq fikrində olub-olmadığı haqda suala isə Saakaşvili belə cavab verib:“Mən bir çox səbəbdən Putin kimi ola bilmərəm, bizim ölkəmiz və vəziyyətimiz başqa cürdür”.
İnformasiya şöbəsi


