Hakimiyyətin intihar ayrı-seçkiliyi

Xədicə İsmayılı «intihar» faktına görə həbs edənlər kütləvi intihar hallarına görə günahkar axtarmır

Son zamanlar ölkənin gündəmi intihar hadisələri ilə çalxalanır. Artıq intihara cəhd edənlər bunu ictimailəşdirir və intihar cəhdinin səbəblərini cəmiyyətə açıqlayır.

 “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpü isə artıq “intihar körpüsü” kimi tanınır. Intihar üçün insanlar bu körüpüyə müraciət edirlər və məlum olur ki, intiharların əsas səbəbi məmur özbaşınalığıdır. Amma o da məlumdur ki, bu ölkədə Qarabağ qazisi özünü yandıraraq intihar edir və bu intihara səbəb olan məmur isə öz harın həyatına davam edir.

Bütün bunları niyə xatırlatdıq. Ötən gün Bakıda bir qrup şəxs 12 mərtəbəli binanın damına çıxaraq intihar edəcəklərini bildirdilər. Sonradan məlum oldu ki, bu adamlar tikinti şirkətlərinin birində fəhlə işləyirlər və əmək haqlarını ala bilmirlər.

Intihar cəhdinə görə 1987-ci il təvəllüdlü Ceyhun Fehruz oğlu Məmmədov, onun qardaşı, 1988-ci il təvəllüdlü Sərxan Məmmədov, 1988-ci il təvəllüdlü Şamxal Məhərrəm oğlu Bağırov, onun 1985-ci il təvəllüdlü qardaşı Vüqar Bağırov, 1986-cı il təvəllüdlü Aqil Ibrahim oğlu Əliyev və 1995-ci il təvəllüdlü Həsrət Mustafa oğlu Salahov Yasamal Rayon Polis Idarəsinin 26-cı Polis Bölməsinə aparılıblar.

Ancaq bu adamları intihar həddinə çatdıran şəxslər barəsində cinayət işi açılması, günahkarların məsuliyyətə cəlb olunması haqda məlumat yoxdur. Jurnalist Xədicə Ismayılı “intihar həddinə çatdırma” maddəsiylə həbs edən aidiyyəti orqanlar bu hadisəyə münasibət bildirmirlər. Sanki baş verənlərdə ilahi bir hikmət var və Xədicə Ismayılın həbsinin qondarma olduğunu bu küləviləşən intihar halları da təsdiqləyir. Bir daha sübut olunur ki, bu ölkədə qanun, hüquq, Cinayət Məcəlləsi insanların əqidələrinə görə tətbiq olunur.

Peşəkar hüquqşünaslar da israrla bildirirlər ki, CM-nin 125-ci maddəsi Xədicə Ismayıla şamil oluna bilməz. Amma qüdərtli hüquq sistemimiz bu qənaətə gəlib ki, yüzlərlə intihar cəhdinin arxasında günahkar yoxdur. Ən böyük “intihar törədici”si Xədicə Ismayıldı. Bir anlıq təsəvvür edək ki, həmin 12 mərtəbəli binanın damına çıxanlar Xədicə Ismayıldan şikayətçi olublar. O zaman Xədicə Ismayılı “kütləvi intihar həddinə çatdırma” maddəsiylə həbs edib, “vətəndaş genosidi” törətməkdə ittiham edərdilər.

Bir daha təsdiq olunur ki, bu ölkədə fəhlənin, Qarabağ qazisinin, müəllimin intihar etməsi narahatlıq doğurmur. Hökumətimizi narahat edən intiharları doğuran səbəblərə etiraz edən adamlardı. Çünki, bu adamların tələbləri həyata keçsə “intihar həddinə çatdırma” maddəsiylə xeyli harın məmur həbs olunmalıdır.

Əslində, Xədicə Ismayıl və digər siyasi məhbusların həbsi intihar hallarının sayının artmasına xidmət edir. Bəli, hökumət istəyir ki, indiki münasibət davam etsin və insanlar sosial fəlakətlərin içərisində məhv olsun.

Akif