Bir türk dostum uzun müddət bundan əvvəl mənə söyləmişdi ki, Türkiyədə insanlar biri digərinə, bizdən fərqli olaraq, “Müəllim” yox, “Bəy”, yaxud “Əfəndi” deyə müraciət edirlər. Ancaq 3 peşə sahibinə, yəni əsgərə, həkimə və vəkilə hər iki müraciət formasını birgə deyirlər, yəni “Bəy Əfəndi”. Bu müraciət forması Prezidentə, nazirə yaxud digər vəzifəli şəxslərə şamil edilmir. Əsaslandırmasını da belə izah etdi ki, onlar bizə ən dəyərli olanları, yəni Əsgər Vətəni, Həkim canımızı, Vəkil isə haqqımızı qoruyurlar. Bu müraciət formasını çox mükəmməl hesab edib bəyənmişdim və tez-tez həmsöhbətlərimə danışırdım. Elə buna görə də Azərbaycanda bu üç peşə sahibinə olan münasibəti qısaca Sizlərlə bölüşmək istəyirəm.
Əsgərə, yəni Vətənimizi qoruyanlara ilk münasibəti 1998-ci ildə, Vətənimizi qoruyanların, Qarabağ Əlilləri Cəmiyyətinin üzvlərinə, vaxtilə Vətənimizə pis günə qoyanlardan, bu gün isə ən böyük küçələrdən birində heykəli yüksələn Ayna Sultanova deyilən yerdə gördüm. O günlər əllərini, ayaqlarını, gözlərini Vətən uğrunda itirmişlərə, yalnız haqlarını tələb etdiklərinə görə divan tutuldu. Bir hissəsi xəstəxanaya, digər hissəsi isə həbsxanalara düşdü. Biz isə cəmiyyət olaraq susduq. Bu barədə daha ətraflı elə o günlərdə yazmışdım. Həmin yazıdan sonra YAP rəhbərliyinə yaxınlığı olan bir hüquqşünas tanışım isterik formada “səninlə bağlı söhbətlərimdən sonra YAP rəhbərliyinin sənə münasibəti tamam dəyişmişdi və səninlə bağlı xoş niyyətləri var idi”. Əsgərə mübasibətə son nöqtəni mülkiyyəti əlindən alınmış, Qarabağ əlili Zaur Həsənov həyatına qəsd etməklə qoydu.
Canımızı qoruyan həkimlərin vəziyyəti isə daha pis oldu. Ölkədə baş verən bütün seçki saxtakarlıqlarında ən çox fəallıq göstərsələr də, 150-200 manat maaşa möhtac qaldılar və xəstələrdən aldıqları sədəqə ilə dolanmağa məhkum edildilər. Yüz minləri talayanlara, rüşvət alanlara bir söz deyilmədiyi halda, 100-200 manat rüşvət alan həkimlər rüsvay edildi, həbsxanaya atıldılar. Bundan başqa, vaxtilə ən hörmət edilən peşə sahiblərinə bu gün insanlar etibar etmirlər və müalicə üçün keçən əsrdə yaşayan İrana üz tuturlar. Həkimlərin heç bir nüfuzu qalmadı.
Mənə yaxın olan peşə sahiblərinə münasibətdə hakimiyyət fərqli mövqe tutdu. Onların da sistemin bir parçasına çevrilməsinə icazə verdilər. Həmkarlarımın böyük əksəriyyəti bu təklifi məmuniyyətlə qəbul etdi və ölkədə “dəllal” adını müvəffəqiyyətlə qazandılar. Vəkillik peşəsinə az-çox hörmət gətirməyə çalışan çox az sayda olan vəkilləri isə aram-aram, həzin-həzin çıxdaş etdilər və edirlər. Bu gün artıq bu məsələdə mən hakimiyyətdən çox, peşələri insanların haqlarını qorumaq olan vəkilləri ittiham edirəm. Vəkillər Kollegiyasının üzvü olduğum dövrlərdə bir dəfə də olsun vəkillərin yığıncağına buraxılmamışam. Bir neçə nəfəri istisna etməklə o tədbirlərdə iştirak edən yüzlərlə vəkilin düşdükləri durumdan, işlədikləri şəraitdən şikayət etmələrini xatırlamıram. Vəkillikdə olduğum dövrdə istənilən vəkilə, hüquqşünasa olan haqsızlığı, münasibətimdən asılı olmayaraq, qətiyyətlə pisləmişəm və onların məhkəmə proseslərində iştirak etmişəm. Sonuncu dəfə vəkillikdən xaric olunanda, haqqımda keçirilən onlarla məhkəmə prosesinin keçirildiyi məkan və tarix barədə sosial şəbəkələrdə, KİV-lərdə məlumat kifayət qədər idi. Ancaq, bir nəfər də vəkil heç olmasa bir məhkəmə prosesinə gəlib mənimlə həmrəy olduğunu bildirmədi. Düzdür heç kimi xüsusi olaraq dəvət etməmişdim və onların məhkəmələrdə iştirak etmələri haqqımda qəbul ediləcək qərara heç bir təsiri olmayacaqdı da. Sadəcə, səmimi deyim ki, onların iştirakına ehtiyacım var idi. Axı vəkillikdə olduğum müddətdə, ən azından vəkillik adına xələl gətirməmişdim, əksinə bu institutun formalaşması üçün bacardığımı etmişdim. Son günlərə salamat qalan bir neçə vəkilin də sonuna çıxırlar.
İndi isə, qısa da olsa bu gün vəkillərə qarşı səlib yürüşü elan edənlərə bir daha böyük rus alimi Pavlovun özünü qoruma instinktini xatırlatmaq istəyirəm. Əminəm ki, vaxt gələcək və siz özünüzün müdafiəyə ehtiyacınız olanda bir nəfər də olsun peşəkar, mərd vəkil tapa bilməyəcəksiniz!
P.S. Bu günlərdə həmkarlarımdan birini də dövləti təhqir etdi deyə vəkillikdən xaric etdilər. Məni isə artıq ikinci dəfədir ki, böyük uğurla vəkillikdən xaric edirlər. Görəsən bu dəfə “Vəkillər Kollegiyasını təhqir etdi” deyə mənə hansı cəzanı seçəcəklər.


