«Generalnı qapı» 20 manatdan 60 manata yüksəldildi
Son 15 gün ərzində Azərbaycan-Iran sərhədində yerləşən Astara Gömrük-Keçid Məntəqəsində biabırçı vəziyyət yaranıb.
Iş o həddə çatıb ki, gömrük işçiləri insanlara qarşı məntəqədə “gestapo rejimi” tətbiq ediblər.
Astara Gömrük Idarəsində mülki adamların gömrük işçiləri və sərhədçilərlə tez-tez münaqişəsi olur. “Azadlıq” radiosunun məlumatına görə, mayın 12-də Astara rayonunun Ərçivan kənd sakini Ramiz Nəsirov Irana keçərkən sərhədçilərlə onun arasında mübahisə düşüb. Bir neçə sərhədçi ona xəsarət yetirib. R.Nəsirova Astara rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərilib.
Mayın 16-da Astara gömrükxanasından Irana keçmək istəyən mülki adamlarla sərhədçilər arasında yenidən qarşıdurma baş verib. Bu dəfə mülki sakinlərin sərhədçiyə təzyiq göstərdiyi deyilir. Məlumatlarda Samiq Əliyev adlı sərhədçinin xəsarət aldığı da bildirilir.
Astara rayon Tibbi Ekspertiza və Pataloji Anatomiya şöbəsindən radioya bildiriblər ki, hər iki şəxs aldıqları xəsarətlə bağlı onlara müraciət edib. Bu barədə qeydiyyat da var. Amma həkimlər bundan çox məlumat verməkdən imtina ediblər.
Həkimlərin xəbəri olsa da, nə prokurorluqda, nə də polisdə hər iki hadisə ilə bağlı araşdırma gedir. Rayon polis şöbəsindən bildiriblər ki, bu barədə onlara müraciət edən olmayıb.
Sabiq gömrük xidməti kapitanı, hüquqşünas Elman Hüseynovun sözlərinə görə, Astara keçid məntəqəsində bu tipli qarşıdurmalar vaxtaşırı baş verir. Amma məmurlar öz aralarında bu hadisələri ört-basdır edirlər: “Əslində Gömrük başdan-başa dəmir barmaqlıqlarla əhatəyə alınıb. Göstəriş var ki, Irana gündə 300 nəfərdən artıq vətəndaş buraxılmasın. Bu yaxınlarda Irana getmişdim. Səhər saat 6-dan dəmir barmaqlıqlar arasında növbəyə durdum. Həm sərhədçilərimiz, həm də gömrük işçilərimiz özlərini apara bilmir. Yalnız saat 11-də o taya keçə bildim. Bu, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Bütün bu qarşıdurmaların kökündə monopoliya və pul əldə etmək durur”.
“Azadlıq” qəzeti Astara Gömrük Idarəsiylə bağlı yeni məlumatlar da əldə edib. Məlumatlara görə, gömrükdə yaranmış biabırçı vəziyyəti aradan qaldırmaq əvəzinə, bəziləri bundan “səmərəli” istifadə etməyə başlayıb. Qaynaq deyir ki, Irana keçmək istəyən şəxslərin daha tez istəkləri reallaşsın deyə, gömrük işçiləri yeni qiymət cədvəli müəyyənləşdiriblər: “Astara və Lənkəran sakinləri bu arzularını reallaşdırmaq üçün 20-30 manatlarından keçməlidirlər. Əgər sərhədi adlayıb, Irana keçmək istəyən adam kənar yerlərdəndirsə, bu rəqəm 60-80 manata kimi arta bilər. Halbuki bir ay öncə rahat getmək istəyən hər kəsi ”generalnı qapı”dan keçirib 20 manat alırdılar. Indi bir az aralıdan gələnlərə qiyməti artırıblar”.
Qaynaq bildirir ki, bu böyük rəqəm əsasən Irana müalicə olunmaq üçün gedənlərə şamil olunur. Hətta bu yaxınlarda Astara gömrük məntəqəsində yaranmış sıxlıqdan xəstə şəxsin halının pisləşdiyi və onun ağır vəziyyətdə xəstəxanaya aparıldığına dair “Azadlıq”a xəbər verilib.
Ramin DEKO


