Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Hər yeni, səs-küylü siyasi həbsdən sonra “Əfv fərmanı gözlənilir” başlıqlı xəbərlərin dövriyyəsi artır. Kimlərin əfv edilib-edilməyəcəyi barədə mənasız müzakirələr açılır, süni gündəm formalaşdırılır. Məqsəd aydındır: son həbs ətrafında ajiotajı azaltmaq, ya da diqqəti fərqli istiqamətə yönəltmək, süni gözləntilər yaratmaq. Guya əfv fərmanları çıxış yoludur.
Axı belə deyil. Axı məsələ başqadır.
Məsələ ondadır ki, 21-ci əsrdə Azərbaycan niyə hələ də fərqli mövqelərinə, tənqidçi fikirlərinə, müxalif düşüncələrinə görə həbslərin aparıldığı, repressiyaların aramsız şəkildə davam etdiyi bir ölkədir? Niyə Azərbaycan hələ də siyasi intiqam duyğusu ilə hərəkət edən zehniyyət tərəfindən idarə olunur? Axı biz hansı dövrdə yaşayırıq? Heç olmasa, bu tuthatutda, bashabasda, ashaasda, kəshakəsdə arabir başını qaldırıb təqvimə baxmaq yaxşı olmazmı?
Yaptokratiya hər gün daha açıq şəkildə nümayiş etdirir ki, o heç bir tənqidçi fikrə dözmək niyyətində deyil. Bütün nəfəsliklərin qapadılmasında israrlıdır. “Hamı üzərində qələbə” – indi Azərbaycanın aparıldığı nöqtə budur.
Yaxşı, bundan sonra əfv fərmanlarının hansı anlamı qalır? Bəli, şəxslər üçün götürsək, bunun ola bilsin, bir mənası var, kimlər üçünsə həbsxana divarları arxasındakı çətin günlər başa çatır, kimlərsə ailələrinə qovuşmaq imkanı əldə edir. Amma ictimai mənada əfv fərmanlarının Azərbaycanın ədalətli, demokratik ölkəyə çevrilməsi üçün əhəmiyyəti demək olar yoxdur.
Mən bu əfv fərmanlarının siyasi məhbuslara hansı çətin şərtlər hesabına, bir qayda olaraq, onları mənən sındırmaq, heç bir cinayət əməli törətmədikləri halda “səmimi peşmançılıq” ərizələri yazmağa məcbur edərək imzalanmasını bir kənara qoyuram.
Ortada daha vacib olan iki məqam var.
Birinci, bu əfv fərmanlarından sonra boşalan heç bir siyasi məhbus yeri boş qalmır. Hər əfv fərmanı həm də yeni həbslərin siqnalıdır. Baxmayaraq ki, son iki ildə rejim artıq siyasi həbsləri o qədər kütləviləşdirib, azadlığa buraxılanlarla həbsdə saxlanılanlar arasındakı nisbəti heç bir müqayisəyə gəlmir.
Ikinci, əgər rejimin siyasi intiqam duyğusu davam edirsə, həm də güclənən, artan xətlə davam edirsə, əfv fərmanları nəyi dəyişə bilər? Axı ilk növbədə buna nail olmaq lazımdır ki, ölkədə qondarma, uydurma ittihamlarla həbslər olmasın, tənqidçi fikir xor görülməsin, müxalifətçilik cinayət əməli sayılmasın. Yox, yaptokratiya 21-ci əsrdə siyasi inkvizator, linç aparatı, repressiya maşını kimi çıxış etməkdə israrlıdırsa, hansısa əfv fərmanı da “humanizm şousu” olmaqdan başqa nəyə yaraya bilər?
Əgər idarəetmə çağdışıdırsa, ona qarşı mübarizə aparanlar da olacaq, mübarizə aparanlar olduqca isə uydurma motivli həbslər qaçılmazdır. Indi belə çıxır, Azərbaycanda insanların ömrü sonsuzadək belə həbslərlə əfv fərmanları arasında keçməlidir? Ölkənin demokratik yüksəlişinə, ədalətli dövlət quruculuğuna xidmət etməli olan illər kiminsə həbsinə üzülməklə kiminsə azadlığa buraxılması arasında boşa verilməlidir, havaya sovrulmalıdır?
Deməli, əfv fərmanlarını çıxış yolu kimi təqdim etmək yanlışdır, çıxış yolu Azərbaycanın indiki təfəkkürlə idarə olunmasından vaz keçilməsidir. Azərbaycanın hüquqların və azadlıqların təmin edildiyi ölkəyə çevrilməsidir.
Əfv fərmanları bəlkə də ağrıkəsici ola bilər. Kimlərinsə ağrılarını müvəqqəti azalda bilər. Hansısa əqidə dostumuz dəmir barmaqlıqlar ardından çıxdığına görə bizə müvəqqəti sevinc bəxş edə bilər. Amma o, əsla ölkəyə vurulan yaraları sağalda bilməz. Hamımıza dərd yaxşı bəllidir – irtica. Elə dərman da bəllidir – demokratik, ədalətli idarəetmə yaratmaq.
Vəssalam. Həqiqət bu qədər sadə və bəsitdir. Başqa deyilənlər, söylənilənlər, yazılanlar isə özünü və özgələri aldatmaqdan başqa bir şey deyil.